Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru

Deyirlər ki, “Qadın bəşəriyyətin poeziyası, kişi isə onun fəlsəfəsidir.” Bu dərin müddəa varlığın və kainatın nizamını tənzimləyən iki fərqli gücün tamamlayıcılıq harmoniyasını ehtiva edir. Əgər kişi təfəkkürü həyatı məntiq formulları, rasional qanunauyğunluqlar və struktur çərçivəsində dərk etməyə çalışan bir fəlsəfədirsə, qadın varlığı bu fəlsəfəyə ruh verən, onu estetik tərəfdən tamamlayan canlı bir poeziyadır. Qadınmı şeir kimidir, şeirmi qadın kimidir, bunu hər oxuyan anlaya bilməz, anlamaq üçün dərin bir ruh lazımdır, qadın ruhu… Hər bir qadın ömür boyu yazılan, lakin heç vaxt tam bitməyən mübhəm və həzin bir nəğmədir. Məqaləmizdə, Aysel Fikrətin ömür boyu yazılan, lakin heç vaxt tam bitməyən mübhəm və həzin nəğmələrindən bir neçəsini araşdırmağa və o dərin ruhun pəncərəsindən boylanmağa çalışacağıq.

Müasir Azərbaycan ədəbiyyatında qadın ruhunun, onun daxili sarsıntılarının, ictimai və bədii ağrılarının poetik xəritəsini çəkən ən istedadlı müəlliflərdən biri də nasir, şair və publisist Aysel xanım Fikrətdir. Onun poetik düşüncələrində qadın mövzu mərkəzi sadəcə zəriflik və sevgi predmeti deyil, həyatın bütün çətinliklərinə sinə gərən fəlsəfi bir dözüm abidəsidir. Aysel Fikrət fəlsəfəni poeziyaya çevirməyi bacaran, qadın taleyini sətirlər arasında rəqs etdirən fərqli poetik üsluba malik şairlərdəndir. Müəllifin insan psixologiyasının ən dərin qatlarına toxunan məşhur “Qadın” şeiri bu bəşəri poeziyanın ən ağrılı, həm də ən real təzahürüdür:

“Əlində yükləri çəkə bilməyən,
Ayağın ardıyca sürüyən qadın.
Gülməyə çalışan, gülə bilməyən,
Hər gün olmazıyla barışan qadın”

Şair oxucuya sədəf qabığına bükülmüş xəyali yox, həyatın real dalğalarında döyülən, gözləri qəm dolu, həsrəti yaralı bir qadın obrazı təqdim edir. O, qadını göylərə qaldırıb əlçatmaz etmir, onun hər gün dərdi doğub adam eləyən mənəvi gücünü səmimi sətirlərlə ifadə edir. Bu Ayselin yaradıcılığının xarakterik xüsusiyyətidir:

“Gözləri qəm dolu, dərin acılı.
Həsrəti yaralı, hüznə sancılı,
Hər gün dərdi doğub adam eləyən,
Sonra bu dünyaya ötürən qadın”.

Aysel “Qadın” şeirinin ilk misralardan etibarən oxucunu ağır bir vizual və emosional mənzərə ilə qarşı-qarşıya qoyur. Müəllif burada fərdi bir qadından yox, ümumiləşdirilmiş qadın obrazından bəhs edir və simvollarla qadının fiziki və mənəvi yükünü ifadə edir: “Əlində yükləri çəkə bilməyən ,/Ayağın ardıyca sürüyən qadın.” Bu “yük” sadəcə maddi, fiziki bir ağırlıq deyil. Bu, həyatın, məişətin, cəmiyyətin qadının çiyinlərinə qoyduğu mənəvi öhdəliklər və məsuliyyətlərdir. Qadın yorulub, ayaqları onu aparmır. O, addımlamır, sanki həyatın arxasınca “sürünür”. Müəllifin qadının tükənmişliyini bu qədər real və bədii boyalarla təsvir etçəsi, oxucunu heyrətləndirir: “Gülməyə çalışan, gülə bilməyən, / Hər gün olmazıyla barışan qadın.”

Bu misrada qadın psixologiyasının ən böyük dramı gizlənib: “gülməyə çalışmaq”, “daxildəki kədərə məğlub olmaq”. Bu, əslində “gülməyə çalışsa da gülə bilməyən” qadının ətrafa qarşı oynanılan bir “xoşbəxtlik oyunudur”. “Hər gün olmazıyla barışmaq” ifadəsi qadının cəmiyyətdə qarşılaşdığı qadağaları, çərçivələri, onun bəzən  bu taleyə olan səssiz üsyanı, bəzən də itaətini göstərir. Hər sabah yeni bir “olmaz”a oyanan qadın yaşamaq naminə onlarla barışmağa məcbur qalır. Misralarda diqqətimi çəkən hüznün bioloji və ruhani vəsfidir: “Gözləri qəm dolu, dərin acılı. / Həsrəti yaralı, hüznə sancılı…” Oxucu sanki “gözləri qəm dolu”, “acılı”, “yaralı”, ”sancılı”, “gözlərində qəm donub qalan” bir qadının rəssam tərəfindən çəkilmiş tablosu ilə qarşı-qarşıyadır. Buradakı “hüznə sancılı” ifadəsi isə poetik tapıntıdır, sanki hüzn qadının bədəninə, ruhuna bir iynə kimi sancılıb. Hər hərəkətində ona ağrı verir. Aysel Fikrət poeziyasına xas olan zərif lirizm bu bənddə pik nöqtəyə çatır. Şeirin kulminasiyası düşündürücüdür: “Hər gün dərdi doğub adam eləyən, / Sonra bu dünyaya ötürən qadın.” Bu iki misra təkcə bu şeirin deyil, ümumiyyətlə qadın təbiətinin ən dərin fəlsəfəsidir. Müəllif burada “doğmaq” felinə metafizik bir məna yükləyir. Qadın sadəcə bioloji olaraq uşaq doğmur; o, hər gün çəkdiyi dərdləri bətnində böyüdür, tərbiyə edir, “adam eləyir” (yəni çəkilə biləcək, dözülə biləcək hala gətirir) və yenidən dünyaya bəxş edir. Qadın dərdi göz yaşına deyil, həyata, dözümə və sevgiyə çevirən yeganə varlıqdır. Bu baxımdan, Ayselin “Qadın” şeiri fədakarlığın, kədərin və qadın gücünün poetik manifestidir.

“Gecələri ağlar, səhərləri şən,
Ürəyində dərdi, gözlərində nəm,
Hər gün öz canını götürüb evdən
Axşamlar evinə sürünən qadın”.

Bu bənd qadının gündüzlər cəmiyyət üçün taxdığı maska ilə gecələr yaşadığı daxili ağrı və tənhalığın təzadını əks etdirir. Hər gün bütün enerjisini və varlığını fəda edərək evdən çıxan qadın, günün sonunda həyatın ağır yükü altında tükənmiş halda evinə qayıdır. Şairin bu misraları başqalarının xoşbəxtliyi üçün öz daxili dünyasını qurban verən, hər gecə dsxili ağrılarla yıxılıb, səhər yenidən ayağa qalxan qadının dramatik fədakarlığını gözlər önünə sərir: “Susqun baxışında lal təbəssümü,
Kimin əllərində söndü büküldü./ Ömrün payızında xəzana dönüb,/Göylərdən yerlərə tökülən qadın”.

Və ya

“Elə bil oxunmuş, bitmiş nəğmədi,
Söyləyə bilinməz quru kəlmədi.
Elə bil dünyaya o heç gəlmədi,
Özgənin ömrünü yaşayan qadın…”

“Özgənin ömrünü yaşayan qadın” ifadəsi qadının daxili dünyasındakı qırılmaları, itirilmiş kimliyi və başqalarının həyatına fəda edilən taleyi poetik şəkildə əks etdirir.

Aysel Fikrətin “Qadın” şeiri ilə bəhs edəcəyimiz “Çıxış yolu” dördlüyü bir-birini tamamlayan tək bir bədii dramdır. Ayselin təqdim etdiyi bu real qadın obrazının, hər gün dərdi doğub adam eləyən, lakin başqasının ömrünü yaşamağa məhkum olan insanın daxili harayı şeirin davamında bəşəri bir çıxılmazlıq fonunda ümumiləşir. Bu nöqtədə şair poetik mətni mistik, həm də olduqca realist bir sualla, “Çıxış yolu” axtarışı ilə davam etdirir:

“Yoxmu bu dünyadan bir çıxış yolu,
Ölümdən savayı, həsrətdən ötə?
Adam lap istəyir yığa dərdini,
Bu axmaq dünyadan baş alıb gedə…”

Göründüyü kimi, şeir çox ağır və dramatik bir sualla başlayır: “Yoxmu bu dünyadan bir çıxış yolu”. Şairə intiharı və ya ölümü deyil, ruhən dincələ biləcəyi, həsrətin olmadığı üçüncü bir çıxış yolu axtarır. Bu, insanın problem və kədərlərindən qaçmaq deyil, sanki onları da özünə doğma bilib, sadəcə bu “axmaq” (ədalətsiz, nizamsız) dünyadan uzaqlaşmaq istəyinin təzahürüdür. Bəşəriyyətin poeziyası olan qadının, bəşəriyyətin fəlsəfəsinə, yəni həyatın sərt həqiqətlərinə, “olmazlarına” etirazıdır. Bir sözlə, “Çıxış yolu” şeiri insanın bu dünya ilə, öz taleyi və idarə edə bilmədiyi duyğuları ilə apardığı çarəsiz, lakin son dərəcə səmimi mübarizənin poetik ifadəsidir. Müəllif, bu misralarda insan psixologiyasının ən böyük ziddiyyətini, ağıl ilə ürək, arzu olunanla real olan arasındakı uçurumu təsvir edir.

“Ayağım sözümə baxmır, neyniyim,
Gedib alınmazın ardıyca qaçır.
Gözlərim sözümə baxmır, neyniyim,
Gedib görünməzin gözünə baxır.”

Bu bənd insanın öz bədəninə və iradəsinə hakim ola bilməməsinin fəlsəfəsidir. Müəllif bədən üzvlərini (ayaq, göz, ürək) müstəqil bir personaj kimi təqdim edir. Ağıl “olmaz” desə də, ayaqlar “alınmazın” (qeyri-mümkin olanın) ardınca qaçır. Gözlər isə real olanı deyil, xəyallarda qalan “görünməzi” axtarır. Buradakı, “neyniyim” təkrarları çarəsizliyin ritmini və musiqisini yaradır: “Ürəyim sevməzi sevir, neyniyim, / Onu sevənləri görmək istəmir”. Burada sevginin ən böyük ironiyası və insanı incidən tərəfi qabardılır: ürək həmişə onu rədd edənə: “üzünü çevirib yana gedənə”, ona arxa çevirənə meyil edir, həqiqətən sevənlərə qarşı isə kordur: “Üzünü çevirib yana gedənin,/Ardıyca kölgələr sürünüb gedir…” “Ardınca kölgələr sürünüb gedir” misrası həm tərk edilən insanın ruhsuz bir kölgəyə çevrilməsini, həm də gedən insanın arxasında buraxdığı qaranlıq izi simvolizə edir:

“Mən neynim, yolumuz azdı yolunu,
Mən neynim, səhv düşdük dünya üzünə.
Mən neynim, duası azıb dünyanın,
Sevgisi çevrilib astar üzünə…”

Şair, “Çıxış yolu” şeirində ölümü yeganə qurtuluş kimi görmək istəməyən, lakin həsrətin də sərhədlərini aşa bilməyən insanın mənəvi böhranını simvollarla ifadə edir. Dərdi bir yerə “yığmaq” və bu “duası azmış dünyadan baş alıb getmək” istəyi, əslində fiziki bir məkandan qaçış deyil, qadın ruhunun özünü anlamaq, öz varlığını qorumaq üçün etdiyi fəlsəfi tənha yürüşdür.

Şeirin sonluğu fərdi bir dərddən çıxıb ümumdünya nizamsızlığına qovuşur. Müəllif günahı artıq özündə deyil, bu zamanın və məkanın özündə görür. Poetika müstəvisindəki bu “çıxılmazlıq” motivi bizi alman fəlsəfəsinin, xüsusilə XX əsr ekzistensializminin banisi Martin Heideggerin məşhur “Geworfenheit” – dünyaya atılmışlıq anlayışına aparıb çıxarır. Heideggerə görə, insan öz iradəsi və seçimi olmadan bu dünyaya, konkret zaman və məkan şərtləri daxilinə sanki bir əşya kimi “fırlatılıb atılmışdır” və öz varlığını bu yad mühitdə bərpa etməyə məhkumdur. Aysel Fikrətin qəhrəmanı da məhz həmin “atılmışlıq” və çıxılmazlıq böhranını yaşayır. Dərdi bir yerə “yığmaq” və bu dünyadan “baş alıb getmək” istəyi, əslində fiziki bir məkandan qaçış deyil, qadın ruhunun bu fəlsəfi “atılmışlıq” burulğanından xilas olmaq, öz mənəvi azadlığını qorumaq üçün etdiyi tənha sığınacaq axtarışıdır. Şair çıxış yolunu kənarda yox, elə insanın öz içindəki bu metafizik üsyanda və daxili işıqda tapır. Aysel Fikrət poeziyasının bir fərqi də məhz budur.

Ayselin “Çıxış yolu” şeiri sadəcə bir sevgi şeiri deyil, dünyada öz yerini tapmağa çalışan, lakin həm cəmiyyətin mənəvi aşınması, həm də öz qəlbinin asiliyi qarşısında çarəsiz qalan həssas bir ruhun harayıdır. Buradakı sevginin “astar üzünə” çevrilməsi isə saf duyğuların artıq yerini saxtakarlığa, ağrıya və nifrətə verməsinin poetik ittihamıdır. Bu duyğuları onun insanın, təbiətin və bütövlükdə kainatın üzərinə çökən böyük ekzistensial (varlıq) tükənişi əks etdirən digər bir fəlsəfi şeirində (“Yorulub”) izləyək.

“Bir gün ağac gül açmaqdan,
Meyvə bitməkdən yorulur.
Ay gecə batıb çıxmaqdan,
Gündüz günəşdən yorulub.”

Şeir vizual olaraq makro – dünyadan – təbiətdən başlayır. Ağacın gül açması, meyvə verməsi, Ay və Günəşin növbələşməsi, əslində həyatın davamlılıq rəmzidir. Müəllif göstərir ki, bu sonsuz və dəyişməz görünən kosmik dövriyyə belə bir gün öz funksiyasından bezib. Dünyanı ayaqda tutan qanunlar belə tükənmə nöqtəsinə gəlib: “Yorulur yol yolluğundan,/Ayaq getməkdən yorulur”. Misralarda elementlər öz təbii sığınacaqlarından və bir-birlərindən yorulurlar. Yol öz mahiyyətini itirir, ürək ən ülvi duyğudan, sevgidən imtina edir: “Sevgi sevəndən yan keçir,/Ürək sevməkdən yorulur”.

Ədəbiyyatda ayrılmaz silsilə olan “gül və bülbül”  belə bir-birinə yadlaşır. “Quşlar göydən, insan yerdən yorulur” misrası isə qopuşun kulminasiyasıdır: hər kəs aid olduğu məkandan bezib:

Duman çəndən, gül bülbüldən,
Çiçək çəməndən yorulur.
Quşlar göydən, insan yerdən,
Gözlər həsrətdən yorulur…”

Bu misralar şeirin ən ağır psixoloji qatını təşkil edır.

“İnsan oğlu yad olmağı
Gözə alır öz özündə.
Öz canından, öz adından,
Öz bədənindən yorulur.”

İnsan təkcə ətraf mühitə deyil, özünə də yadlaşır. Öz bədənini, adını və canını bir yük kimi daşıyır. Bu, müasir fəlsəfədə bəhs edilən insanın öz mənliyindən uzaqlaşması və boşluğa düşməsi böhranıdır. Müəllif aşağıdakı misralarda paradoksal bir bədiilik yaradır, ölüm belə öz işindən, can almaqdan yorulub. İnsan elə bir vəziyyətdədir ki, ölüm belə ona rəhm etmir və ya ondan bezib uzaq durur. Hətta insanı heç vaxt tərk etməyən “dərd” belə artıq bəndəni incitməkdən yorulur. Bu, çarəsizliyin ən son həddidir:

“Ölüm yorulur insandan,
Yaxın gəlmir can almağa.
Dərd başdan aşıb daşsa da,
Gəl, bəndəsindən yorulur.”

Şeirin sonluğu sarsıdıcı bir teoloji fəlsəfəyə bağlanır. Dünya sahibsiz, Tanrı yorğundur: “Bu evin yiyəsi kimdi,/Ev yiyəsindən yorulub, / Tanrı baxmır o tərəfə”. “Sadədil”, “sadəlövh”,sevgibaz”, “çarəsiz”, “aşamaqla əlaqəsiz bəndəsindən yorulub”. Buradakı “Ev” metoforası dünyanı, “Yiyə” isə Yaradanı simvolizə edir. Dünya öz nizamını itirib. Ən acınacaqlısı isə odur ki, Tanrı artıq bu tərəfə – yer üzünə baxmır. Yaradan öz yaratdığı insandan, bəndəsindən üz çevirib. Şairə şeirdə yorğunluğu fərdi bir duyğu olmaqdan çıxarıb, onu varlığın fundamental qanununa çevirən insanın mənəvi baxımdan tənha və sahibsiz qaldığını elan edir. Ayselin yaradıcılığında subyektin daxili sarsıntıları, qaçış axtarışı yalnız “Çıxış yolu” ilə bitmir, o, həm də prosesin yaratdığı mənəvi tükənməni, “Yoruldum” ovqatını bədii şəkildə ifadə edir. Bu tükənmənin, ruhun bu dərəcədə ağır yük altında diz çökməsinin əsas səbəbi isə onun “Ayrılıq” şeirində gizlənir. Şair “ayrılıq” məfhumunu bəşəri bir qorxu olan ölümdən də üstün tutur:

“Sözümdə hikmət var, ölüm gözəlmiş,
Ayrılıq min kərə acıdır ondan.
Bir dəfə canını almır ayrılıq,
Dəfələrlə alır səni dünyadan.”

Sətirlərdəki “hər gün dəfələrlə ölmək” və dünyadan qopmaq ağrısı, təbii olaraq insan ruhunda böyük bir ekzistensial yorğunluq yaradır. İnsan bədəni fiziki işdən yorulmur; insan ruhu “ölümdən min kərə acı olan” ayrılığın hər gün onun canından bir parça qoparmasından yorulur.

Ayselin bu şeiri o qədər dərin, qat-qat açılan hisslərlə doludur ki, onu bir neçə cümləyə sığışdırmaq həm şairənin qələminə, həm də lirik qəhrəmanın çəkdiyi ağrıya haqsızlıq olar, deyə düşünürəm. Şeir, ayrılan iki insanın ruhsal toqquşmasının, qürurla sevgi arasındakı o incə cızıqdakı çırpınışının güzgüsüdür. Bu hissləri, misraların altındakı o gizli fəryadı izləyək:

“Bu ayrılıq bir yuxu, oyansam nə olacaq?
Dağılarmı ev-eşik, soyuyarmı bu ocaq?
Əllərimdən tutan kimdi, yad görünür gözləri,
Hər gördüyün yuxunu unudurmu gözlərin?”

Şeir psixologiyada itkidən sonra gələn ilk mərhələ ilə,  inkarla başlayır. İnsan beyni və ürəyi ayrılıq faktını qəbul etmək istəmir, onu bir yuxu sanır. Çünki qəbul etsə, ocağın soyuyacağını, dünyasının dağılacağını bilir. “Əllərimdən tutan kimdi?” sualı isə insanın reallıqdan qopmasını göstərir. Lirik qəhrəman artıq öz həyatına kənardan baxır, reallıq ona yaddır, onun həqiqəti uzaqlarda qalan adamdır:

“Söylə, indi necəsən, mənsiz dünya necədir?
Günəş şölə salırmı, o uzaq pəncərənə?
Ayrılıq necə gəldi, əyninə oturdumu?
Mənim yoxluğum necə, yaman düşüb sinənə?”

Bu bənd şeirin ən bədii və emosional hissələrindən biridir. Şairənin “Ayrılıq əyninə oturdumu?” sualı, həm də möhtəşəm bir metoforadır. Ayrılıq sanki bir libasdır və qəhrəman acı bir ironiya ilə soruşur: “Sənə yaraşdımı o təkliyin donu? Rahatsanmı mənsiz?”. “Yaman düşüb sinənə” ifadəsi isə həm qarşı tərəfin bu ayrılıqdan guya rahat nəfəs almasına yönələn bir ittihamdır. Eyni zamanda, içindəki “kaş ki mənim üçün darıxardın” ümidinin səssiz pıçıltısıdır.

“Bir az heç düz olmadı, aram nəfəs almağın,
Mütləq tənha qalanda yaşamağın var yolu.
Əgər bir gün ötdüsə, dərdi yarılamısan.
Bu sevginin xəmiri, unutmaqla yoğrulub”.

Lirik qəhrəman qarşı tərəfin onsuz “aramla nəfəs almasını”, yəni sakitcə həyatına davam etməsini ədalətsizlik sayır. Dərhal da insan təbiətinin real qanununu qəbul edir: zaman keçdikcə dərd azalır, yarıya enir. Sarsıdıcı bir həqiqəti, sevginin nə qədər böyük olursa-olsun, taleyində gec-tez unudulmaq, adiləşmək qaçılmazlığın olduğunu, qəbul edir. Lirik qəhrəman sanki özünə acı verir. Qarşı tərəfin daha da gözəlləşdiyini, sevgisizliyin ona yaraşdığını deyərək öz daxili dəyərini sorğulayır:

“Yox, yaxşısan bəs necə, rəng-rufun üstündə,
Günü-gündən gözəllik tökülür üz-gözündən.
Yaman düşübdü sənə sevgisizlik, dərd-kədər,
Gülə-gülə udursan, ayrılığı birtəhər.”

“Gülə-gülə udursan, ayrılığı birtəhər” misrası əslində qarşı tərəfə deyil, elə qəhrəmanımızın özünə və cəmiyyətə qarşı taxdığı maskadır. İnsanlar ayrılıq acısını gizlətmək üçün gülümsəyirlər, amma içəridə o zəhəri (ayrılığı) “birtəhər udurlar”.

“Baxıb uzaqdan sənə, bu anımı qarğadım.
Boş bir xəyalmış ömür, axır-əvvəl anladım.
Çəkilməyən ah kimi, salıb itirdim səni,
Sən öz dünyanın qəmi, mən öz dünyamın qəmi.”

Budur, şeirin möhtəşəm və kədərli sonluğu. Bütün üsyanlar, suallar, qısqanclıqlar və qürur bircə anda sönür. Lirik qəhrəman uzaqdan baxıb anlayır ki, səhv zamanın, səhv xəyalın arxasınca qaçıb, artıq geri dönüş yoxdur. “Sən öz dünyanın qəmi, mən öz dünyamın qəmi” misrası iki insanın bir-birinə tamamilə yadlaşmasının, amma eyni zamanda ikisinin də daxilən hələ də qəmli (yəni yaralı) qalmasının etirafıdır. Yolları ayrılıb, artıq ortaq bir “biz” yoxdur; hərənin öz kədəri, hərənin öz qaranlıq dünyası var. Ayselin şeirdə böyük bir eşq hekayəsinin bitiş nöqtəsindəki insan mənzərəsini sözlə çəkməsi möhtəşəmdir. Bu, bir ayrılıq şeiri deyil, bir insanın öz sevgisini içində basdırmaq, onu rəsmən dəfn etmək prosesidir.

“Gözləyən” şeirində isə  Aysel insan hisslərinin ən ağır, eyni zamanda ən sadiq mərhələsi olan gözləmək mistikasını və fədakarlığını möhtəşəm bir dillə ifadə edir. Bu gözləmək sadəcə zamanın keçməsini izləmək deyil, bütöv bir ömrü o intizara fəda etmək ayinidir. Məqaləmizin son bədii dayanacağı olan bu şeirə nəzər salaq:

“Adamın gedəni ola,
Gəldiyi günü gözləyə.
Məktublar gələ uzaqdan,
Gördüyü günü gözləyə.”

Şairə “gedəni olmağı” birtəhər təsəlli, hətta gizli bir xoşbəxtlik kimi təqdim edir. Çünki dünyada ən ağır şey gözləniləcək  bir kimsənin olmaması boşluğudur. Uzaqlardan gələn məktubları, o məktubların gətirdiyi “görüş ümidini” insanın yaşamaq səbəbinə çevirir müəllif. Oxucu insanın sanki kədərin rəssamına çevrilmə prosesini izləyir:

“Gözləyə gözlərindəki,
Qəmdən şəkil çəkə-çəkə.
Gözləyə dərdi cücərdib,
Ürəyində əkə-əkə.”

Əsl poeziya budur. Düşündürür, heyrətləndirir, həyacanlandırır. Gözləyən insan zaman keçdikcə daxilən dəyişir. O, gözlərindəki qəmdən xəyallar, şəkillər çəkir. Ən təsirli metafora isə “dərdi ürəkdə əkib-cücərtməkdir”. İntizar o qədər uzun çəkir ki, dərd insanın ürəyində kök atır, böyüyür, insan o dərdlə yaşamağa alışır.

“Uzaqlar ola uzaqlar,
Uzaqdan baxan gəlməyən.
Bir dəfə üzünə həsrət,
Bir daha elə gülməyən.”

Burada məsafələrin amansızlığı qabardılır. Getmək asandır, amma “uzaqdan baxıb da gəlməmək” gözləyəni mənəvi cəhətdən məhv edir. Lirik qəhrəman sevdiyinin üzünə elə həsrət qalıb ki, o getdiyi gündən bəri dodaqlarındakı o köhnə, səmimi, bütöv gülüşünü itirib. Gedən özü ilə qalanın sevincini də aparıb.

“Adamın gedəni ola,
Gəldiyi günü gözləyə.
Bağ-bağat sala dünyada,
Əkdiyi gülü gözləyə.”

Burada “gözləmək” aktı artıq yaradıcılığa çevrilir. İnsan daxili boşluğunu doldurmaq üçün dünyada bağ-bağat salır, güllər əkir. O güllərin hər yarpağı, hər tumurcuğu, əslində gələcək sevgilinin, bitəcək həsrətin simvoludur. Lirik qəhrəman gülü gözləyərkən, əslində o gülün ətrində sevdiyini axtarır: “Gözləyə gözləyə onu,/Yaşayınca, həm ölüncə”. Lirik qəhrəman intizarın zamansızlığını elan edir. Gözləmək elə bir nöqtəyə çatır ki, vaxt gəlir, vədə bitir, dünya qaralır, mma ruh yenə də gözləməkdən əl çəkmir. Bu, “yaşayınca və həm ölüncə” davam edən sonsuz bir sadiqlik andıdır. Ölüm belə bu intizarı bitirə bilmir:

“Adamın gedəni ola,
Çıxa qatarın yoluna.
Təyyarənin zolağına,
Həsrətlə onu gözləyə.”

Şeirin sonluğu bizi xəyallardan real dünyaya, ayrılığın və vüsallın fiziki məkanlarına, qaytarır. Qatar yolları, təyyarə zolaqları… İnsan o soyuq, mexaniki dəmir yollarında və beton zolaqlarda dayanıb bütün varlığı ilə, sönməyən bir həsrətlə ümidə sarılır. Şeir bu son vizual mənzərə ilə oxucunun yaddaşına həkk olunur.

Onun təhlil etdiyimiz, “Qadın”, “Çıxış Yolu”, “Yorulub”, “Ayrılıq” və “Gözləyən” şeirləri müasir insanın daxili dünyasının, xüsusən də qadın ruhunun beş fərqli fəslidir. O, “Qadın”da cəmiyyətin və taleyin ağır yükünü çiyinlərində daşıyan fədakar Şərq qadınının portretini çəkir, “Çıxış Yolu”nda insanın öz ürəyinə və bu ədalətsiz dünyaya qarşı çarəsiz üsyanını dilə gətirir. “Yorulub” şeirində fərdi kədərdən çıxıb bütöv kainatın, təbiətin, hətta Yaradanın belə bəndəsindən yorulduğu, o böyük ekzistensial böhranı təsvir edir. “Ayrılıq”da insan qüruru ilə sevgi arasındakı o incə, ağrılı cızıqdan bəhs edərkən, “Gözləyən” şeiri ilə intizarı ömürlük bir sədaqət manifestinə çevirir. Bütün bu poetik mənzərələrin, silsilə dördlüklərin və daxili harayların işığında aydın görünür ki, Aysel Fikrət yaradıcılığında qadın dünyası və onun sarsıntıları mücərrəd bir ədəbi mövzu deyil, bəşəriyyətin varlıq fəlsəfəsidir. Şair öz misraları ilə sübut edir ki, qadın nə qədər “hər gün olmazıyla barışsa” və həyatın ağır yüklərini çiyinlərində daşımalı olsa da, onun ruhundakı o mübhəm və həzin nəğmə heç vaxt susmur.

Ayselin poeziyası sadəcə qafiyəli sətirlər toplusu deyil. Onun poeziyası fəlsəfəni poeziyanın dili ilə ruhumuza pıçıldayır. İnsanın varlıq ağrısını, cəmiyyətdəki çərçivələrlə mübarizəsini, itkilərini və heç vaxt ölməyən ümidlərini bədii şəkildə sənədləşdirir. Hər bir oxucu onun misralarında ömür boyu yazılan, tam bitməyən və yalnız dərin bir qadın ruhu ilə anlaşıla bilən öz gizli nəğməsini tapır. Bu sönməyən daxili işıq bəşəriyyətin həm ən dərin fəlsəfəsi, həm də ən gözəl poeziyası – poetik bir güzgüsü olaraq qalmaqda davam edir.

Zərif və fəlsəfi bir ruha malik olan Aysel xanım Fikrət, bu gün müasir Azərbaycan ədəbiyyatında qadın duyğusunun ən dürüst və ən təsirli dilidir. Onun yaratdığı bu poetik dünya, zaman keçsə də, hər bir oxucunun mənəvi sığınacağı olaraq qalacaqdır. Yolunuz açıq və uğurlu olsun, Aysel xanım!!!