BİR–BİR ETİBARLI DOSTLARIM GEDİR…

(Bədnam Covid-19 xeyli dəyərli dostlarımın həyatına son qoydu.Amandı,qoruyun özünüzü!)

Qopub dənə-dənə dönürük dənə,
dünya həzin-həzin bizi üyüdür,
təkliklə tənhalıq güc gəlir mənə,
ayrılıq yoxuşu yaman təntidir,
bir-bir etibarlı dostlarım gedir.

Qəmdən qaçan kimi dərd quyruq olur,
bəzən yad hörməti sərt buyruq olur,
torpağa qoyulan üz soyuq olur,
yıpranıb üz gedir,astarım gedir,
bir-bir etibarlı dostlarım gedir.

Dostlar itirməyim taleyin qəsdi,
get-gedə çəkilir ürəkdən isti,
eləsi varıdı–nəfəsi bəsdi!
şirim,nərim gedir,aslanım gedir,
bir-bir etibarlı dostlarım gedir.

Hər an göz yaşımın artır lilparı,
hər an bir matəmin gəlir çaparı,
uçur ümid dağı,düşmən çəpəri,
el-el,diyar-diyar yaslarım gedir,
bir-bir etibarlı dostlarım gedir…

AYILMAZ…

Olsun-irad tutar kimlərsə mənə;
imanla deyilən–günah sayılmaz,
“Rahat yat”-deyənlər ömrü sönənə;
yatanlar oyanar, köçən-ayılmaz,

Gəşt etdim…getdikcə apardı yollar,
arxada-səhralr,dağlar,dəryalar,
əlçatmaz olanlar özləri solar,
gülüm,kərəntilər biçən-ayılmaz,

Savaşlar öncəsi təbil çalınar,
bayraqlar ucalar,yanar,salınar,
bir yol verilən can-bir yol alınar;
ömrünün çırağı keçən-ayılmaz,

Budaqlar saxlamaz yetişən
barı,
dərdlərlə bir gəldi başımın qarı,
dəyişik salmışam “zəhrimarları”;
“Sevgi şərbətini” içən-ayılmaz,

Qızıl gül,yenə də yetişdi bahar,
özünə gəlməkdə sınan havalar,
onsuz da,qoruyan tikanların var,
niyə bülbül üçün gönçən-açılmaz?

Ən doğma,ən əziz dostun üçün də
düşün,Vahid ƏZİZ,candan keçəndə!
gördüm-yuxu yatan durna köçündə;
vəfalı dəstədə uçan-ayılmaz…

18,04,2021.