DİVANƏ KÖNLÜMÜ TƏRLAN ELƏDİM…
Qırıldı könlümün tərlan qanadı,
çalıb,dimdiyinə sar aldı,getdi,
ağaran başımnan ağlımı aldı,
elə bil bir çimdik qar aldı,getdi,
Gəzdim düz-dünyanı; hər yanı boşdu,
dedim-“Bəlkə sınıb,bəlkə naxoşdu?”,
həlbət–ya qisməti kiməsə qoşdu,
ya özü birinə qoşuldu,getdi?
Hicran-zülmlər şahı,dərdlər ağırı,
bu odda kimlərin yanmadı bağrı?!
ümid göylərəydi; zülmətə doğru
bəxtin ulduzu da qaraldı,getdi,
Sevgisiz yaşanan vaxt gedər hədər,
səksəkə yaradar hər gələn xəbər,
nə var ki–dünyaya yendən gələr,
yarpaqdı,çiçəkdi…saraldı,getdi,
Nəyin şikarıdır,kimin yanında?
hey…ölüb-dirildim eşq yollarında,
nə O dünyada var,nə Bu dünyada!
olmaya,kainat yarıldı,getdi?
Kimisi aldanan,kimisi atan,
mindən biri olar murada çatan,
mərhəmət umduğu fani dünyadan
ürək doymasa da-yoruldu, getdi,
Soyuq kül altında arama közü,
tərsmiş,Vahid ƏZİZ,bəxtinin üzü,
hələ də kor olur gerçəyin gözü,
anlaya bilənlər kar oldu,getdi…
15,04,2021.
ƏLƏSGƏRNƏN–BİR TORPAĞIN OĞLUYAM…
Yaz başında çəmənləri göycədi;
Zəngəzürdu,Dərələyəz,Göyçədi,
O,məzarda,canım burda göynədi-
o yerlərə canı-dildən bağlıyam,
Ələsgərnən bir torpağın oğluyam,
Qürbətlərə,öldür,könül vermərəm,
bu yerlərin hər övladı bir ərən!
ay,Yurdumu viranəyə döndərən,
qılınc çəkdim torlarını doğrayam,
Ələsgərnən bir torpağın oğluyam,
Nəm çəkmişik bir çeşmədən, bir sudan,
qəm çəkmişik min-min viran arzudan,
qavi düşmən,namərd güdər pusqudan!
mən hər yerdə ədalətli, doğruyam,
Ələsgərnən bir torpağın oğluyam,
Hər söylənci bir İlahi bəstədi-
çünkü,sazı ürəyinin üstədi,
o el,bu el-bir Qaladır əbədi,
daşlarına hörülmüşəm, bağlıyam,
Ələsgərnən bir torpağın oğluyam,
Ustad,sənə baş çəkəcəm zəfərnən-
Göyçə gölü qovuşanda Xəzərnən,
könlümdəki incəliknən, təpərnən
diz çökəcəm məzarına ağlayam,
Ələsgərnən bir torpağın oğluyam…
16,04,2021.