“ÇƏTİN ADAM”…
Zəkalı nələrsə şeirimdən duyub,
soruşub-“Nəçiyəm,kimə simsaram?”,
imanlı-haqqımı ortaya qoyub,
söyləyib-“”Bununçün “Çətin adamam””.
Alqışlar dilinə düz danışanın,
nə satqın,nə də ki,qumarda varam,
içində çırpınıb yaşantıların,
fırlar bağlamışam-“Çətin adamam”.
Uşaqnan uşağam,böyüknən-böyük,
gözümün düşməni–binəva, nadan!
oğruynan,quldurnan olsaydım şərik,
“Yuxarı” çatmazdı–“Çətin adamam!”.
O qədər simasız insan görmüşəm;
zəhərli-ilantək,sümsük-it kimi!
Tanrı varlığını dərk eləməyən,
nə cür başa düşüb- “Çətinliyimi”?!
Əsil şairlər də Peyğəmbər kimi,
millətin dərdinə ürək yandırar,
Peyğəmbər–insana Tanrı sözünü,
Şairlər Allaha giley çatdırar!
Vaxtı haqsızlarla nizamlamayın,
onlar riyakarlar,minsifətlilər,
şairlər sözünü yerə salmayın-
torpaqdan güc alıb tikan göyərdər.
Çiçəkdən kövrəyəm,ipəkdən zərif,
sadəcə olaraq-alverdə xamam,
bu söz mənim üçün dəyərli tərif:
Eşq olsun,yaxşı ki–“Çətin adamam”!
MƏN ÖZÜM ÖZÜMÜ BAĞIŞLAMADIM…
Haçansa hər kəsə sual verilir;
kiminçün yaşadı,nə cür yaşadı?
nəyi gözləməli,nə İnkir-Minkir?
diriykən cavabı versəm yaxşıdı.
Diriykən etiraf edim ki,sonra,
arxamca yağmasın tənəli sözlər,
nə soyuq baxışla,nə yana-yana
yaşlar axıtmasın qüssəli gözlər.
Həyat bir qumarmış,
mən bu oyunda:
itirdim,qazandım,uddum,
aldandım…
nə üçün tez getdim?! ağıllananda mən özüm-özümü
bağışlamadım…
Ağlımı üşütdü saçımın qarı,
çətin elmlərdə itdi savadım,
danlaq izləridir bu qırışları-
mən özüm üzümü bağışlamadım.
Ehtiyac həyatın ən naqis işi-,
düşmən qapısında hərdən dayandım
“əyrini”-“düz” görmək nakişi işi-
mən özüm gözümü bağışlamadım.
Dedilər:”Sıxsaq da,bəxtəvər görün!”,
“Palaza bürünüb millətlə sürün!”,
sirkəsi tündləşdi qanda dözümün–
candakı dözümü bağışlamadım!
Hamımız taleylər sınaqlarında,
haqlılar–haqsızlar qınaqlarında,
ömrə–xəyanətin bağışlasam da,
mən özüm-özümü bağışlamadım…
29.03.2019.