TƏKƏBBÜR…
Qırovdan başlayıb şaxtaya endi
get-gedə araya çökən soyuqluq,
bir eşqin oduna yadlar isindi,
sən mənə,mən sənə biganə olduq.
Duymadın,neçə yol ayaq saxladım,
nə bilim,bəlkə də saya salmadın?
bir belə,beş belə…küsüb-ağladım,
bir belə,beş belə…salam almadın.
Təkəbbür məhv etdi hər ikimizi,
bir yetim ahından lənətə gəldik,
hörmətdən salaraq bir-birimizi,
sən məndən,mən səndən hörmət istədik!
Arada davalı məhəbbətimiz-
bənizi bozarıb,ətri solurdu,
uzanıb getdikcə söz-söhbətimiz
dil-vicdan önündə qısa olurdu.
Sən harda,mən harda?? bilmirik indi,
şikəstmi olmuşuq,kormu qalmışıq!?
Sevgi ikimizin BÖYÜYÜ idi;
gör,kimin sözünü yerə salmışıq!!
Hərdən göz qoyuram solan rəsminə
çat vermiş ürəyin sınıq yerindən,
nə mən qürurumu endirdim sənə,
nə sən əl götürdün Təkəbbüründən…
YAXŞIDI
(52-ilə yazılıb tamamlanan şeir)
Bahar keçər yamaclara gül əkər,
payız gəlib soldurmasa yaxşıdı,
çiçəkləri öpdüyümü küləklər,
qaçıb yara bildirməsə yaxşıdı.
Aman külək,məndən yarı küsdürmə-
od vuracaq,sevinəcək tüstümə,
bu məhəbbət bir gün mənim üstümə
el-obanı güldürməsə yaxşıdı.
Vahid ƏZİZ dərd eləyib gör nəyi?
sona çatmır sızıltısı,göynəyi,
sevdiyimi təkcə yarım görməyir-
bu dərd məni öldürməsə yaxşıdı…
Kəlbəcər,1966. "MƏN KÜLƏYİ GÖRÜRƏM"
kitabım-Bakı,"Gənclik" Nəşriyyatı,1969.
Düşməz mənə yüngüllüyü əlimin,
hey…çəkərəm bəlasını dilimin,
rəqiblərim çiçəyimin,gülümün
qulağını doldurmasa yaxşıdı.
Şair könlü uyan olar hər naza,
heyran olar həm payıza,həm yaza,
xumar çeşməm başındakı yarpıza
ürəyini aldırmasa yaxşıdı…
07.10.2018.
02.05.2007. “SƏNİNLƏ” kitabından