12091354_1653537131524991_3860076084131834097_o

ƏSGƏRƏM ANA

Hisslər atəşlədi qəlbdəki odu,
Yoxdur sevincimin həddi, hüdudu.
Tanrıdan istəyim, bax gerçək oldu,
Əsgərəm, Ana!

Haqqında minlərcə xəyal qurduğum,
Səngərdə, sərhəddə hazır durduğum.
Vətənə ya qazi,şəhid olduğum,
Əsgərəm, Ana!

Oğul,ər böyütdün,öndə dayana,
Qurbandır gənc canım vətənə, sana.
Düşmən cavab versin tökdüyü qana,
Əsgərəm, Ana!

Hünərdir,zəfərdir axşam, sabahım,
Dilimdə təkbirim, qəlbdə Allahım.
Əynimdə polad don, əldə silahım,
Əsgərəm, Ana!

Görəvim düşməni yurdumdan qovmaq,
Az qalıb, səbr etsin doğma Qarabağ.
Sipərim Haçadağ, Soyuq, Murovdağ,
Əsgərəm, Ana!

Hər qaya yanımda bir çavuş, gizir,
Zəhmimiz, gücümüz, düşməni əzir.
Sayıq dayanmışam, əmrə müntəzir,
Əsgərəm, Ana!

Qıracam buxovun əsir dağların,
Öpəcəm Laçını,Ağdam torpağın.
Sancacam Şuşaya dövlət bayrağın,
Əsgərəm, Ana!

Əsgərəm. Əsgərəm.Əsgərəm Ana,
Darıxma heç zaman oğlundan yana!.

17.12.2015.

YAZIĞIM GƏLİR

Mənim paxıllara yazığım gəlir,
Qınağa dönüblər elin dilində.
Qəlbisaf insanlar daim yüksəlir,
Paxıllar qərq olur həsəd gölündə.

Mərdlər qanad açar ənginliklərə,
Hər zaman yüksəkdə,zirvədə gəzər.
Paxıllar gömülər dərinliklərə,
İblisə çevrilib,olar bəd nəzər.

Paxıllıq sağalmaz bir xəstəlikdir,
Xərçəngə çevrilər,yaman ur olar.
Paxılın bağrı qan,qəlbi dəlikdir,
Hüzur tapa bilməz,yeri dar olar.

İçində qovrulmaq yamandır,yaman,
Paxıllar nə çəkir,bir Allah bilir.
Rəbbim islah etsin onları –Dövran-
Mənim paxıllara yazığım gəlir.

18.12.2015.