GET
Ürəyimi vermişəm,
Tut əlindın götür, get.
Xəyalım otağında,
Dur qapıdan ötür, get.
Qoyma nisgilli qala,
Həsrət saçını yola.
Sən salma haldan-hala,
Vüsalını gətir, get.
Gözü yolunda qalıb,
Nəfəsin səndən alıb.
Ürəyində yurd salıb,
Sən özünü yetir, get.
Aşiqdi göz-qaşına,
Sevgi baxmaz yaşına.
Bulaşdın üst başıma,
Paltarımda ətir, get.
MƏNİ BAĞIŞLA
Səni xəyallardan qopardım aldım,
Atdım xəyalıma, məni bağışla.
Hər gün yuxulara qonaq apardım,
Qatdım xəyalıma, məni bağışla.
Sığındım dünyanın sənsizliyinə,
Könlüm üsyan etdi səssizliyinə.
Bildim dərdi nədir, sənsizliyi nə,
Qatdım xəyalıma, məni bağışla.
Sevginlə döyünən ürəyimi də,
Adınla öyünən ürəyimi də.
Adını, dadını, ürəyini də,
Qatdım xəyalıma, məni bağışla.
Amalım sən olan, özüm sən olan,
Taqətim sən olan, dözüm sən olan.
Yazdığım hər misra, sözüm sən olan,
Səni, xəyalını, sənsizlıyı də,
Qatdım xəyalıma, məni bağışla.