Gülləri saralmış bağ dözə bilməz,
Biz necə dözürük bu dərdə, Allah?
Qaya parçalanar, dağ dözə bilməz,
Biz necə dözürük bu dərdə, Allah?
Yüzlərlə insanın kəsilib başı,
Bu kədər ağladır torpağı, daşı.
Axır üzümüzə acı göz yaşı,
Biz necə dözürük bu dərdə, Allah ?
Kimlər çəkdi yolumuza hasarı?
Verdi bizə bu qəmi, bu azarı.
Haray çəkir Natəvanın məzarı,
Biz necə dözürük bu dərdə, Allah?
İtkin düşən qız-gəlindən soraq yox,
Qaranlıq evlərdə yanan çıraq yox.
Düşüb yana, qol kəsilib, qulaq yox,
Biz necə dözürük bu dərdə, Allah ?
Könlümüzü ağır dərdə salanlar
Törətdilər saysız qırğın, talanlar.
Həqiqətə meydan sular yalanlar,
Biz necə dözürük bu dərdə, Allah?
Saranı aparan sel haray çəkir,
Elsiz qan ağlayan el haray çəkir.
Ağlayıb sazımda tel haray çəkir,
Biz necə dözürük bu dərdə, Allah?
Qəbri tapdağında qalıbdır şərin,
Natəvanın, Ələsgərin, Şəmşirin.
Zamanımı qiyamətin-məhşərin?
Gör necə dözürük bu dərdə, Allah?
Ana qucağından düşən körpələr
Bəyaz qar altında buz bağlayıbdır.
Vətəndən didərgin düşməsin deyə
Üz üstə torpağı qucaqlayıbdır.
Qar yağır göylərdən hey aram-aram,
Düşür saçımıza vaxtsız dən kimi.
Ölənlər kəfənsiz qalmasın deyə,
Örtüb üzlərini ağ kəfən kimi.
Hər yerdən əlini üzən millətim
Yaradan Allahdan bir kömək umur.
Elə bil dünyanın vecinə deyil,
Çəkdiyim ağrıya belə göz yumur.