mm

ÇƏK BÜLÖVƏ RUHUNU

Vaxtı deyil yatmağın, ey millət , oyan!
Varlığıma mənliyin , qerətin olsun həyan.
Duy özünü dərk elə , dön içinə bir daha,
Dağ kimi söykən yenə qeyrətinə , Allaha.
Çək bülövə ruhunu , bəsdi sığındın qına,
Qoyma dağılsın Vətən , qalx onu sal sahmana.
Vermə aman düşmənə , dön dumana , dön çənə,
Qıyma uzansın yad ol bir gülünə , qönçənə.
Heç bu qədər dincələr yurdu bölünmüş igid ?
Sən özünə arxalan , sən özünə ol ümid.
Od kimi , şimşək kimi çax , külə dönsün yağı,
Artıq amandan keçib , vur dağın üstündən dağı.
Qoyma yalan , əyrilik şəst ilə dönsün taca,
Tut beləcə daima haqqı özündən uca.
Əldə silah , dildə and qəlbdə Vətən sevgisi.
Göylərə olsun bülənd qoy qələbə türküsü.

HAQLASA DA DUMAN BİZİ…

Qaməti düz , bəxti bükük,
Gəzirik , bir ömrə yükük,
Qismətdən asılan tükük,
Üzülüb üzə durmuşuq.

İnsafı hanı dünyanın?
Qaçıbdır qanı dünyanın,
Ölümdür sonu dünyanın,
Vaxtla qərəzə durmuşuq.

Ömrümüzün nəyi kəmdir,?–
Yarı sevinc , yarı qəmdir,
Gülənin gözləri nəmdir,
Dərdə , mərəzə durmuşuq.

Yüyrük edib zaman bizi,
Mürgülədib güman bizi,
Haqlasada da duman bizi,
Baxtla göz-gözə durmuşuq.