n

Yadımdadı hər cığırı, hər daşı,
Bircə an da unutmaram dağları.
Anam olub, balasıyam əzəldən,
Ölənəcan yad tutmaram dağları.

Körpəlikdən qucağında dolandım,
Səhər-səhər şehə suya bulandım.
Ayrılanda yanar oda qalandım,
Qürbətelə mən satmaram dağları.

Vəsf edərəm, gözəl sözlər düzərəm,
Ayrılanda ürəyimi üzərəm.
Son günədək qucağında gəzərəm,
Nail deyər, mən atmaram dağları.