1423756700_sefa-xanim

Və sonra

Bir gün bükəcəksən
solan ümidlərini
saralmış bir yarpağa…
Gizlədəcəksən onu
ürəyinin ən dərin bir yerində.
Və kül tutacaq arzuların üstünü…
İtirib həyatının rəngini
ağ və qara çizgidə
köçəcəksən taleyinin
pas tutmuş yaddaşına.
“Azadam” deyəcəksən
bilə-bilə aldadacaqsan özünü…
Saxta həyat quracaqsan,
və bir gün boy verəcək kədərin
gözlərindən göyərəcək
leysan olub isladacaq səni.
Təkliyini duyacaqsan
və onda saçların ağ,
üzün qırış olacaq.
Qara günlərin gizlənmək istəyəcək
ağ saçların arasında.
Özünü tək görəcəksən yaşıdların sırasında.
Onlar nəvə-nəticəli,
onlar bəxtiyar olacaq.
Sənsə təklik dəryasında
dünya sənə dar olacaq.
günahların ağırlaşıb
şax qəddini əyəcək…
Qəlbin susacaq səhvlər içində
dilin yalnız bu sözləri deyəcək.
“Artıq hər şey üçün çox gecdir…”

2005

Çıx get ürəyimdən

Gəl çək öz köçünü duyğularımdan,
Çıx get ürəyimdən,daha sevmirəm.
Yuxuydun yox oldun sən həyatımdan,
Çıx get ürəyimdən,daha sevmirəm.

Döndün ümidimin göz yaşına sən
Aldandın kiminsə göz-qaşına sən
Köçdün taleyimin yaddaşına sən,
Çıx get ürəyimdən,daha sevmirəm.

Sevmək,sevilmək də yalanmış demə
Sevgin özü boyda yükdü qəlbimə,
Sən layiq deyilsən mənim sevgimə
Çıx get ürəyimdən,daha sevmirəm.
2006