Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Mən birinci dəfə idi…
Mən birinci dəfə idi,
Belə xoşbəxt olurdum.
Yaz gəlmişdi baxışıma,
Kəpənəklər uçurdu.
Gülüşün toxunurdu üzümə,
Yanağımda
Qırmızı gülüşlər açırdı.
Məsələn, daha qorxmurdum
Gecənin qaranlığından,
Gözlərimdə sən varıydın.
Hər gün bir yeni şeirdə
Səslənirdi adın,
Sözlərimdə sən varıydın.
Ürəyim alınmayan qala qapısı,
Çoxdan açılmışdı üzünə…
Və günlərin bir günü,
Altını üstünə gətirdin bu sevginin.
Sən, cəsarətsiz oldun,
Sən, sonunu düşündün,
Mən sonuna kimi yaşamağı.
Başımın üstündə ağlayan payız
Başımın üstündə
Ağlayan payız,
Yolların vəfası yoxdu,
Saxlamaz göz yaşını.
Gedənimin arxasınca
Elə töküb qarğışını,
Geri gəlmir.
Gözlərimdə su qalmadı,
Başımdakı daşı atdım,
Daşım da diri gəlmir.
Başımın üstündə
Ağlayan payız,
Ağaclar da ağlayır,
Yarpaq-yarpaq,
Sarı-sarı.
Mən bu qarı yolların
İnadın qıra bilmədim,
Yoruldum, yora bilmədim…
Ürəyimi atanın
Arxasınca ürək atdım.
Gözlərim qara buluddu,
Heç kim bilmir…
Heç kim bilmir…
Payızı mən yaratdım.