1093244_1436321003280757_1579161191_o

Allah insana Öz ruhundan üfürdüyünü (Səcdə surəsi, 9) və insanın yer üzündəki xəlifəsi olduğunu (Ənam surəsi, 165) bildirir. İnsanı digər canlılardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyətlərindən biri onun nəfs və vicdanla birlikdə yaradılmasıdır. Hər insanda özünə pisliyi əmr edən nəfs və pislikdən çəkinməsinə ilham verən vicdan var. İnsan vicdanının ilham verdiyi sevgi, fədakarlıq, mərhəmət, təvazökarlıq, şəfqət, doğruluq, səmimilik, sədaqət, nəzakət kimi gözəl xüsusiyyətlərlə yanaşı, nəfsindən gələn mənfi xüsusiyyətlərə də malikdir. Ancaq inanan insan vicdanı sayəsində doğru ilə səhvi bir-birindən fərqləndirər və hər zaman gözəl əxlaqı seçər. Allah’a olan güclü imanı və qorxusu, axirətin varlığına olan inancı, sonsuz cəhənnəm əzabına qarşı hiss etdiyi şiddətli qorxu və cənnət həyatına qarşı hiss etdiyi həsrət onu nəfsinin azğınlıqlarından qoruyar. İnsanlarla xoş rəftar edər, hər zaman bağışlamağa üstünlük verər, pisliyə yaxşılıqla qarşılıq verər, ehtiyac içində olanın köməyinə qaçar. Mərhəmətli, şəfqətli, sevgi dolu və xoş niyyətlidir.
Terroristlər isə vicdanlarının deyil, nəfslərinin səsini dinləyirlər. Buna görə də sevgisiz və təcavüzkardırlar. Asanlıqla əxlaqsızlıq edir, insanlara heç vicdan əzabı çəkmədən əziyyət verə bilirlər. Bunun səbəbi isə bu şəxslərin Allah’dan qorxmamaları və din əxlaqını bilib tətbiq etməmələridir. Çünki Allah’dan qorxmayan insanı cinayət törətməkdən çəkindirən heç bir güc yoxdur.
Cəmiyyətin mövcud qaydaları insanları cinayət və pis əxlaqdan müəyyən bir yerə qədər çəkindirər. Dövlət cəmiyyətdə açıq yerləri, küçələri və mərkəzi bölgələri təhlükəsizlik orqanları sayəsində qismən qoruya bilər, cəmiyyətin nizamını təmin edə bilər, güclü ədalət sistemi sayəsində cinayət nisbətini azaltmaq üçün lazım olan tədbirləri görə bilər. Ancaq hər insana iyirmi dörd saat nəzarət etmək mümkün olmadığı üçün müəyyən bir yerdən sonra insanın vicdanı fəaliyyətə keçməlidir. Vicdanını dinləməyən insan tək olduğu zaman, ya da özü kimi düşünən insanlarla birlikdə olarkən asanlıqla cinayət törədə bilər. Bu halda, çarəsiz qaldığı zaman yalan danışan, çəkinmədən haqsız qazanc əldə edən, heç bir narahatlıq hiss etmədən zəifləri əzən fərdlərdən ibarət olan bir cəmiyyət modeli ortaya çıxar. Allah’dan qorxmayan, mənəvi dəyərlər qulaqardı edilən cəmiyyətdə fiziki tədbir və tətbiqlərin nəticə verməyəcəyi aydındır. Halbuki, din əxlaqı insana tək də olsa, etdiyi səhvə görə ətrafındakı heç kim onu cəzalandırmasa da, günahdan çəkinməsini əmr edir. Etdiyi hər hərəkətə, aldığı hər qərara, söylədiyi hər sözə görə Allah qatında hesaba çəkiləcəyini və sonsuz axirət həyatında bu etdiklərinə görə qarşılıq tapacağını bilən insanın pislikdən qətiyyətlə çəkinəcəyi aydındır.
İnsanlar özləri istəyərək pislikdən çəkinməyi öyrəndikləri üçün terror təşkilatları cəmiyyətdə özünə yer tapa bilməyəcək. Çünki din əxlaqının hakim olduğu cəmiyyətdə şiddət tərəfdarı olan təşkilatların ortaya çıxmasına səbəb olan problemlər də təbii olaraq ortadan qalxar. Cəmiyyət dürüstlük, fədakarlıq, sevgi, şəfqət, ədalət kimi yüksək əxlaqa sahibdirsə, bu cəmiyyətdə yoxsulluq, sosial bərabərsizlik, ədalətsizlik, haqsızlıq, məzlumun əzilməsi, azadlıqların məhdudlaşdırılması kimi mənfi hallarla qarşılaşmaq mümkün olmaz. Əksinə, ehtiyac içində olanların ehtiyaclarının aradan qaldırıldığı, zənginlərin kasıblara kömək etdiyi, güclünün zəifi qoruduğu, sağlamlıq, təhsil, nəqliyyat kimi ictimai imkanlardan hər kəsin istifadə edə bildiyi, fərqli etnik mənşələr, dinlər və mədəniyyətlər arasında xoş məram və anlayışın hakim olduğu bir cəmiyyət nizamı olar. Elə bu səbəbdən də gözəl əxlaq bir çox ictimai problemin həllidir. Bu əxlaqın qaynağı da Allah’ın insanlara rəhbər olaraq göndərdiyi Qurandır.