
Bəs sənin ölümünün [başqa sözlə, həyatının davamı] adı nə olacaq?
İnsan uzun müddət susur. Ətrafındakı insanlara qəlbindən keçənləri söyləmir, susur, susur… Hərənin özünəxas səbəbləri olur. Sonra ölür! Bu ölümün ən alicənabı olur.
Hər kəsin ölümü özünə oxşayır: biri saxtakar, biri yalançı, vədinin üstündə durmayan, insanı yarıyolda buraxan, biri sözlərin müqəddəsliyini anlamayan, “mübarizəm və ədalətliyəm” deyib, yalnız öz mənafeyini düşünən, yəni yolsuzlar!
Biri sakit, məğrur, həyatını qürurla davam edən, çoxlarının görmədiyi alaq otlarında sevinc tapa bilən, kamilləşməkdən yorulmayan, ucalmaqdan, öyrənməkdən, özünütəhlildən usanmayan, özünə və ətrafındakılara günəş olan…
Başqa sözlə desək, yolu olan. Yolu olmaq dərin anlayışdır. Yolsuzluq sevgisizlikdir. Sevgisiz insanın saysız qapısı, saysız evi, saysız adamı olar. Amma heç biri onun olmaz.
Hətta sevgi duyğusundan məhrum insan da öləndə həyatı ilk dəfə və çox sevir. Amma cahil, yenə cahildir: həyatı ona sevdirən nəsnələri və şəxsləri yenə düşünmür. Hikkə insanı ləyaqətli ölməyə qoymur, yaşamağa qoymadığı kimi. Alicənablığın düşməni hikkədir.
Məsələn: Rafiq Tağı sözün ucbatından getdi, Füzuli kəlmənin kədərindən getdiyi kimi, Təhminəni sevgi, yəni Zaur apardı, Anna Karenina kimi. Kafka yaradıcı bədbinliyin qurbanı oldu, Nəsimi, Kamyu, Sart mövcudluğun mahiyyətinə özlərini fəda etdilər, Nitşe tənha fəlsəfənin.
Bethoveni musiqi özünə əbədiyyət yolçusu etdi, Rəsulzadəni azadlıq eşqi, Hacı Şahini Allah sevgisi, Mübariz İbrahimovu vətən məhəbbəti.
Noolsun ki, adi insansan, bəs sən nəyə aşiqsən, kimə vurulmusan?! Bəs sənin ölümünün adı nə olacaq? Bəs sən bu həyatdan o biri həyatına nə aparacaqsan?
Əslində heç kim adi deyil, dərindir, qaranlıqdır, mürəkkəbdir və mütləq gözəldir…
Kimsə həyatının çətin olduğunu gizlədir, kimsə doğrudan da bu həyatın nəbzini tuta bilir. Mənə bu həyat, bu ömür kimi zülm ikinci nəsə ola bilməz. Ta balacalıqdan çəkdiyim mənəvi və ruhi çətinlik bu günümə gah qardaşım, gah anam, gah oğlum şəklində gələrək, sadəcə formasını dəyişib. Mahiyyət həmişə eynidir: aşırı empati, başqasına görə maddi imkanlarını son qəpiyinə kimi qoymaq, sonda qiymətləndirilməmək, ən sonda özünü günahlandırmaq, özünün çətinliyində və kədərində yalquzaq kimi ulamaq. Yenidən dirçəlmək, yenidən ətrafının ucbatından sıfırdan aşağı düşmək, yenidən asminoq kimi hər tərəflə əlaqə yaradaraq kömək etmək, özünü unutmaq, çıxış yollarını təkbaşına həll etmək. Tamamilə köməksiz, kürəyini söykəyəcək kimsənin olmadığını dərk edərək, növbəti çöküşə qədər həyatla üzbə-surət çırmaqlaşmaq.
Amma həyatın başqa üzü də var və mən indi onu yaşayıram: tamamilə rahat, tamamilə xoşbəxt, vicdanl və ruhu tərtəmiz, kimsənin yanında başıaşağı, üzügölgəli olmayan, bütün çətinliklərdən sonra öz azad “mən” ini yaradan, onun əlindən tutan, irəliyə və öz mənəvi gücünə inanan qadın🌸
Yəni, tam səmimiyəm və bu fikir indi ağlıma gəlməyib, illərdi belə düşünürəm: ölüm mənim üçün çox çətin həyatdan qurtuluş olacaq.
Nəhayət, məni yoran fikirlərdən, əldən salan işlərdən, qəlbimi qıran çoxsaylı adamlardan qurtulacam. Bu həyatla bacarmıram və heç vaxt özümü yalandan cəsarətli və güclü göstərmədim. Dürüst olduğum, özüm olduğum üçün, mənəvi aləmimi tam açıq etiraf etdiyim üçün azca qürurluyam hətta- bu fikirləri bəlkə əvvəllər demişdim, bəlkə nə vaxtsa da deyəcəyəm, bu gün və indi demirəm. Çünki, indi həyat məni yox, mən onu idarə edirəm. Çünki Nitşenin dediyi kimi, uzun yolu olan cəhənnəmlərdən keçərək öz cənnətimi yaratmışam
Bir cavab yazın