Yarımla barışmaq ümidi ilə ,
Xəyala dalsam da nə fərq edər ki ?
Şeyda bülbülündən əli üzülən ,
Gültəki solsam da nə fərq edər ki ?
Gəlib hicran dəmi , ayrılıq dəmi ,
Üzür məni eşqin möhnəti , qəmi .
Yığılsa gözümə dünyanın nəmi ,
Kövrəlib dolsam da nə fərq edər ki ?
Fələyin yazısı qaralanmasın ,
Sevən sevənindən aralanmasın .
Kimsənin ürəyi paralanmasın,
Ürəyin alsam da nə fərq edər ki ?
Ağlı olan pozmaz əhdin , ilqarın ,
İtirməz nə özün , nə etibarın .
Qəlbin sındırdığım o küskün yarın ,
Qurbanı olsam da nə fərq edər ki ?
Öz yarından ayrı düşən Qalibəm ,
Dönüb , səsimin də , olub zili bəm .
İndi mən dəvəsi ölmüş ərəbəm ,
Ölsəm də , qalsam da nə fərq edər ki ?