Dastan – Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növlərindən biri. Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.
Qəhrəmanlıq dastanları
Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Məhəbbət dastanları
Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatlarında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər.
“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl”, “Leyli və Məcnun” dastanları ən məşhur məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Şahzadə Əbülfəz” dastanlarında qəhrəman igidliyi və cəsarətiylə qalib gəlir. “Aşıq Qərib” dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır.
Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. “Koroğlu”,”Qaçaq Nəbi” dastanları belə yaranmışdır.
“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Vaqif” dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdıqları şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranmışdır. Məhəbbət dastanlarına həmçinin, ’’Əsli və Kərəm’’; ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanları da daxildir.
Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır; Ü.Hacıbəyov “Koroğlu”, Z.Hacıbəyov “Aşıq Qərib”, M.Maqomayev “Şah İsmayıl” və s.