Müasir dövrdə həyatımızın hər bir sahəsində kimya elmi çox böyük əhəmiyyətə malikdir. Digər elmlərlə müqayisədə ən dinamik inkişaf edən elmlərdən biri hesab olunur. Kimya elmi üzrə dünya alimləri içərisində Azərbaycan alimlərinin də xidmətləri olmuşdur və bu danılmazdır. Məhz bu mənada XX əsrdə Azərbaycanda kimya sənayesinin inkişafı mühim əhəmiyyət kəsb etmişdir. Neft-kimya və kimya sənayesinin inkişafı bir çox alimlərimizin apardığı tədqiqatların nəticələri üçün çəkilən fədakar əməyin hesabına başa gəlmişdir. Belə bir məsuliyyətli işi çiyinlərində daşıyan şəxsiyyətlərdən biri də dünya şöhrətli alim, akademik, pedoqoq və müəllim Rəfiqə xanım Əliyevadır.
O, kimyaçı kimi əmək fəaliyyətinə AMEA-nın indiki “Kataliz və qeyri üzvi kimya” Elmi-tədqiqat İnstitunda çox mühim tədqiqat işləri apararaq kimya elmləri namizədi elmi dərəcəsi almışdır. Rəfiqə xanım elmi tədqiqat işləri ilə davamlı olaraq və yorulmadan məşğul olmuş, bütün həyatını kimya elminə həsr etməklə pedoqoji fəaliyyətini çox uğurla aparmışdır. Bu baxımdan da Bakı Dövlət Universitetində bölğü zamanı Rəfiqə xanımın tədris etdiyi qrupa düşən tələbələr bəxti gətirmiş tələbələr hesab olunurdular. Aspirantlar və doktorantlara da eyni fikirləri aid etmək olardı. Dünya şöhrətli alim, akademik Rəfiqə xanımın böyük ixtiraları və apardığı geniş tədqiqat işləri sayəsində əldə etdiyi yenilikləri, uğur və nailiyyətləri tələbələrinə aşılaması, tələbkarlığı, bir tərəfdən də bir ana kimi qayğıkeşliyi dediklərimin əyani sübutudur.
Rəfiqə xanın Əliyeva kimya elminin ən vacib sahələrindən olan analitik kimya üzrə problemlərin araşdırılması və tədrisi ilə məşğul olmaqla yanaşı ekologiya elmi, ətraf mühitin çirklənməsinin qarşısının alınması və fəsadların aradan qaldırılması yolları ilə də ciddi məşğul olmuşdur.
Görkəmli bir alim kimi hər bir elmi problemləri öncədən hiss edərək, əks tədbirlərin görulməsi üçün məsələlərin həlli istiqamətində işlərin aparılması ilə məşğul olan Rəfiqə xanım, müasir dövürdə neft, neft-kimya və kimya sənayelərində istifadə olunan analiz metodlarına həsr olunmuş üç hissədən ibarət kitabaın ərsiyə gəlməsində çox böyük əmək sərf etmişdir. Məhz bu baxımdan inşa edilən və istismara buraxılan yeni və müasir komplekslərdə onun rəhbərliyi ilə dərc olunmuş vəsaitlər öz bəhrəsini verir.
Mənim üçün görkəmli alim barəsində söz demək biraz çətin və məsuliyyətlidir. Artıq iki ildir ki, cismən bizdən ayrı olmasına baxmayaraq, onun əziz xatirəsi daima anılır, ruhuna dualar oxunur. Rəfiqə xanımın yarımçıq qalmış elmi işləri – onun layiqli davamçısı, sevimli qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc xanım Hacıyevanın rəhbərliyi ilə uğurla davam etdirilir.
Mən yenə də Bakı Dövlət Universitetinə vaxtaşırı gedirəm. Kabinetinin önündəki baralyefin qarşısına gül-çiçək qoyaraq xatirəsini yad edir və ondan qalan xoş və unudulmaz xatirələri yada salıram.
Rəfiqə xanımın tələbələri onun haqqında çox xoş xatirələr danışır, onun alim kimi yüksək ziyalılq keyfiyyətlərini dilə gətirərək, qayğıkeş müəllim, yüksək dəyərlərə malik müdrik insan kimi yaddaşlara həkk olunduğunu qeyd edirlər.
Bizim müəllim – tələbə münasibətlərimiz düz 39 il davam etmişdir. Əlbəttə, insan ömrü üçün çox böyük hesab edilən belə bir uzunmüddətli münasibətim olduğu üçün özümü xoşbəxt hesab edirəm. Mənə öyrətdiyi bilikləri, həmçinin verdiyi dəyərli tövsiyələri uca tutaraq yeni elmi axtarışlar istiqamətində işlərimi, elmi fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm. Və əminliklə deyirəm ki, görkəmli alim, akademik Rəfiqə xanım Əliyevanın əziz və unudulmaz xatirəsi daima bizim qəlbimizdə yaşayacaqdır.
Ruhuna hörmət və ehtiramla,
Zakir MƏMMƏDOV,
tələbəsi, kimya üzrə fəlsəfə doktru