Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib. Ədəbi almanax İnstitutun Elmi Şurasının 04 iyul 2019-cu il tarixli, 6 saylı qərarı ilə çap olunub.
Kitabın ideya və ön sözünün müəllifi Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylidir. Ədəbi almanax akademik İsa Həbibbəylinin “Akademiyada ədəbiyyatdan akademizmə” adlı yazısı ilə açılır. Üçüncü kitabın redaktoru və giriş məqaləsinin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.
Üç hissəli, 416 səhifədən ibarət olan ədəbi almanax “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabda Ədəbiyyat İnstitutunda çalışan əməkdaşların bədii əsərləri yer alıb. Poeziya bölməsində İsa Həbibbəyli, Məmməd Arif Dadaşzadə, Qasım Qasımzadə, Atif Zeynallı, Arif Abdullazadə, Vüqar Əhməd, Mərziyyə Nəcəfova, Fəridə Hicran, Xədicə İsgəndərli, Zəki Bayram (Yurdçu), Nizami Tağısoy, Qürbət Mirzəzadə, Qəndab Əliyeva, Gülbəniz Babayeva, Lütviyyə Əsgərzadə, Leyli Əliyeva, Əflatun Baxşəliyev, İlham Məmmədli, Lətifə Mirzəyeva, Təranə Məhəmmədqızı, İradə Yusifova, Rasim Qurbanov, Bahar Bərdəli, Gülnar Səma, Nizami Vəliyev, Aynur Xəlilova, Ruhəngiz Əliyeva kimi əməkdaşların şeirləri nəşr edilib.
Nəsr hissəsində Qəzənfər Paşayev, Məmməd Əliyev, Mənzər Niyarlı, Esmira Fuad, Baba Babayev, Elçin Mehrəliyev, Fidan Abdurahmanova, Dilarə Adilgil, Zəhra Allahverdiyeva, Əsmər Hüseynova, Solmaz Həyatova, Salidə Şərifova və s. kimi tədqiqatçıların hekayələri verilib. Kitabın tərcümə bölməsində Ülkər Hüseynovanın, Xuraman Hümmətovanın, Xanım Zairovanın, Leyli Əliyevanın, Cavidə Məmmədovanın, Pərvanə Məmmədlinin, Cavanşir Yusiflinin, Aytən Rüstəmzadənin, Mərcan Sofiyevanın, Təhminə Bədəlovanın və s. müxtəlif dillərdən tərcümə etdikləri əsərlər çap olunub.
Ümumilikdə, kitabda yaşından və elmi fəaliyyət səviyyəsindən asılı olmayaraq Azərbaycan ədəbi, elmi, nəzəri-estetik fikrində özünəməxsus yeri və mövqeyi olan müəlliflərin şeirləri, nəsr əsərləri, müxtəlif dillərdən tərcümələri toplanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi