e-vuqarli

 

Elmar Vüqarlı (Elmar Nurəddin oğlu Əliyev) 1986-cı ildə Gəncə şəhərində doğulub. Mirzə Şəfi Vazehin nəslindəndir. İxtisasca filoloqdur.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
İlk şeirlər toplusu “Yanan sükut” 2006-cı ildə “Adiloğlu”nda kitablaşdırılıb. 2006-cı ildə misirli yazar Yusif İzəddin İsadan etdiyi çevrilərə görə “Misir Mədəniyyət Mərkəzinin Təşəkkür Plaketi” ilə təltif edilib.
Əsasən Batıda sufizmin yayılmasını araşdırır.2010-cu ildə Batının ilk Mövləvi Şeyxi – dr. Kabir Edmund Helminskinin təqdimatı ilə Amerikada fəaliyyət göstərən “Threshold Sufi Cəmiyyəti”nin fəxri üzvü seçilmişdir.
Hal-hazırda Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimidir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

Hər şey köhnəlib

Gözlərimi yumub unuduram incikliyi,
Bağışlayıram sənə bağışlamaq olmazları…
Susursan!
Ürəyin soyudumu nifrətdən?
İstəyincə geyindinmi qarasını hər şeyin?!
Əndərdinmi qarğışını sükutun qulağına?
Bunda təzə nə var ki…
Olanlar da belədi:
nə göydəndüşmə, nə yerdənqalxma,
hər şey tanış, doğma…

Qara yellər ağı oxuyur pəncərələrdə,
Gözə dəymir kimsə sakinsiz küçələrdə.
Qaranlıq, səssizlik çöküb hər yana,
Taleyim qarışıb sisə, dumana.
Külək xəzəlləri dağıdır, oynadır, uzaqlara atır.
Hamı mürgüləyir, hamı yatır.
Bu tənhalığın ortasında özümü asmaq istəyirəm özümdən.
Çıxartmaq istəyirəm boz surətimi üzümdən.

Biganə yalnızlığımdan dağılmış dünyamın əsəbləri,
intihar həddindəki varlığım
qaranlıq yoxluğa tələsir.

Qışqırıram gecəyə, –
amma tənhalığımı duya bilmir o,
heç nəyi guya bilmir o.

Bu payız damı göz yaşları…
Yenə də mi bu küçəni o baş, bu baş gəzəcəm,
yenə də mi söyəcəm hər şeyi,
itirib-tapacam özümü,
siləcəm əlimin arxası ilə üzümü…
Yığılıb boğaza həsrətim,
kirlənib üstüm-başım.
Boşla göz yaşlarını küləklərə.
Mən ki şeir yazmıram!
Mən ki hisslərimi danmıram!
Gəl evinə dön, əzizim, yuvana..
Bunlar köhnəlib, çox köhnəlib.
Hər şey köhnəlib!
Sən də, mən də köhnəlmişik!

Xəzərlən qəlbimdə

Bəyaz gecələrin qoynunda
sevimli körpələrtək
əzizlən, oxşan!
Mürgü yuxulardan süzülüb gələn
zülmətli işıqsan,
aydınlan, nurlan!

Gəl susma,
gül,
danış,
unut hər şeyi,
Xəzərlən qəlbimdə, ey əziz Neva!
Xəzan gəncliyimi boğub suyunda
ağlat gözümdəki donmuş yaşları!
Axı sən bilirsən –
Ruhumda boşluğu doldurmaq üçün
qəlbimdən nəyisə boşaltmalısan,
ağlat,
göz yaşlarım qoy yusun onu,
bu hissin nə adı,
nə ünvanı var…

Bu tutqun səmanın altında səssiz
öpüşək, dərdləşək qərib dost kimi.
Keçib hər şeyimdən alt-üst dünyamla
atıram ruhumu sənə daş kimi!
Xəzərlən qəlbimdə, ey əziz Neva!

Məndəsən bu səhər

Məndəsən bu səhər
tənimdə can kimi,
məndəsən bu səhər
yaşanmış zaman kimi…
Yerdə, göydə – hər yanda
səni görürəm gözsüz,
mənimlə danışırsan
həm kəlməsiz, həm sözsüz.

İçimdə yollar gedər
yoluna qovuşmağa,
ürək atar qəmini
sonuna qovuşmağa.
Ey mənim varlığım,
yoxluğum qidası,
sevincimin, kədərimin,

əzabımın, fərəhimin
Mayası!
Dünyanı əldən salan
qanlı müharibələrdən,
“izm”lərə dolaşmış
yarıtmaz nitsşelərdən,
qafamı alt-üst edən
bayağı nəğmələrdən,
özünə tərif deyən
kişicik gədələrdən,
zəhlətökən, içiboş,
çürük düşüncələrdən,
açılması zor olan,
düyünsüz düyünlərdən
rahatlıq tapmaq üçün
üz tutmağa yerim var:
ora nə çayxana,
nə bar,
nə sauna-masajdır;
nə məsciddir,
nə kilsə,
nə də başqa kitabdır!
Ovunduğum o məkan –
Sənlə dolu ürəyim!
Həm varlığın özüdür,
həm Özüdür ürəyim!
Quşların cəh-cəhinə,
burax, qarışsın səsim,
oxusun əsim-əsim:
Məndəsən bu səhər
tənimdə can kimi,
məndəsən bu səhər
yaşanmış zaman kimi…

Amma sən yoxsan

İlk kəz bu şəhərdəyəm,
bu şəhər sənin şəhərindir;
yollarında izlərin,
səslərində sözlərin,
havasında nəfəsin var…
Bu şəhərin hər yerində sən varsan,
bu şəhər sənin şəhərindir.
Yanlızlığıma lay-lay deyən
köhnə qramafon səslənir
yaxın məhəllələrin dərinliyində,
yuxuya dalıb bu şəhər
gecənin mürgüləyən həzinliyində.
Qulaqlarımda uğuldayan küləklərlə danışır
xəyallarım,
sıxır məni həsrət dolu,
sürgün dolu suallarım.
Yanaqlarımda yaşlar,
ürəyimdə illər ağrısı,
ciyərlərimdə vərəm….
darmadağın, pərən-pərən
səni gəzirəm bu şəhərdə,
amma sən yoxsan!

Öskürək kimi boğur sənsiz arzular,
tövşüyən nəfəsim gecəyə, çənə qarışır,
həsrət mahnısı qoparır ayaqlarım toxunan yollar,
ürək yoxluğunla necə barışır?!
Amma sən yoxsan…
Axı bu görüşə gəlmədin

son dəfə də olsa, halımı görmək üçün,
demək mən gecikmişəm mən
əlvida demək üçün!

Tablo

Gözəgörünməz,
sözəgörünməz
bir çərçivədəyəm…
Ayaqlarımın altında
həyat qarışıq torpaq,
başımın üzərində
sonsuzadək uzanan
boşluqlar,
düşüncəmdə
iztirablar…
Bu tabloya baxıb
nə sevinir,
nə də kədərlənirəm,
nə dəlicəsinə ağlayır,
nə də gülürəm;
aldığım təəssüratdan
bir şeyi bilirəm ki,
parça-parça
ölürəm!

Mələklər qapına təzimə gələr

Bu dərdli sinəmdə qapında hər gün
Ahu-zar eylərəm, ya Rəsulullah!
Dalıb nurundakı rəhmət selinə
Sevgidən ağlaram, ya Rəsulullah!

Xəstə könüllərə məlhəm bəxş edən,
Səninlə aləmi gözəllik sardı.
Ey xəlq olmuşların ən xeyirlisi,
Rəhmətin qəməri ikiyə yardı.

Heyranın olmayan varmı birisi?!
Gecə də, gündüz də adını söylər.
İçməkçün qəlbindən kövsər suyunu
Mələklər qapına təzimə gələr.

Titrədər yerləri, göyləri səssiz,
Qəlbimdə çağlayan kədər ağrısı.
Ruhuma qanad ver, ruhuma ruh ver,
Odlanar içimdə həsrət yanğısı.

Sadiq qul-kölənəm, unutma məni,
Səslərəm, ya Rəsul, səni yaralı.
Diz çöküb, yalvarıb, şəfaət dilər
Qarşında vüqarsız yazıq Vüqarlı.