Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

YOLLAR

“Ömürdən-gündən” – silsiləsindən

Beşikdən qəbrədək bir məsafədir,
Insanın ömrünə uzanan yollar.
Hər yol bir nağıldır, bir əfsanədir,
Ömrün hər anına, uzanan yollar.

Yollar var keçilməz, kəsəkli, daşlı,
Yollar var qaranlıq, dava-dalaşlı.
Bəzən yol gedərlər gözləri yaşlı,
Ömrün hər anına, uzanan yollar.

Istəyə, arzuya zinət, yaraşıq,
Hər səyyah çıxdığı yoluna aşiq.
Ərəb saçı kimi olar dolaşıq,
Ömrün hər anına, uzanan yollar.

Baxılmaz yolların çınqıl, daşına,
Əzm edib çatarlar mənzil başına.
Yolçular qovuşar, dost-sirdaşına,
Ömrün hər anına, uzanan yollar.

Bir ucu vətəndir, bir ucu qürbət,
Bir ucda şəhərdir, digərində kənd.
Bəzən acı olar, bəzən şəkər, qənd,
Ömrün hər anına, uzanan yollar.

Çoxda ki, tufandır, dumandır, qardır,
Hər kəsin həyatda öz yolu vardır.
Dövrana hər yolda Allahı yardır,
Ömrün hər anına, uzanan yollar.

ZƏMANƏ MƏNİ

“Ömürdən-gündən silsiləsindən

Ömrümdə bir tikə haram yemədim,
Fitnədən ,riyadan libas geymədim.
Ağ rəngə heç zaman qara demədim,
Səpsə də vaxt,zaman saçıma dəni-
Dəyişə bilmədi zəmanə məni.

Əyrilər kök salıb zalım dünyada,
Düzlərin qsməti dərd,bəla,qada.
Tamaha qul olub etmədim xəta,
Uddum qətrə- qətrə qüssəni,qəmi-
Dəyişə bilmədi zəmanə məni.

Çox yağdı gurşadlar, qapandı çatlar,
Həmzəni gəzdirir indi “Qırat”lar.
Düzünü yazmasam ürəyim partlar,
Qara tufanlara gərdim sinəmi-
Dəyişə bilmədi zəmanə məni.

Qızılgül yerində qanqal bitsə də,
Qarğalar bülbültək dil- dil ötsə də,
Bütün ayıbları pul, var örtsə də,
Mən düşmən bildim hey haram yeyəni-
Dəyişə bilmədi zəmanə məni.

Dövran,- yaşam olar, bəzən dözülməz,
Həqiqət incələr, amma üzülməz.
Haqqa könül verən ümidlər ölməz,
Yaşadım bir ömür Rəbbim verəni-
Dəyişə bilmədi zəmanə məni.

AĞDAMSIZ GÜNLƏRİM

AĞDAMIN İŞĞALINDAN – 26 İL KEÇİR…

Hər gün ömür kitabımdan,
Vərəq qopar yurda həsrət.
Bir şairəm, mən bağrıqan,
Doğma yurdum, olub qürbət.

Yazılmasın ömrə, günə,
Qoy Ağdamsız keçən günlər.
Həsrət qaldıq toy- düyünə,
Kolundaca, soldu güllər.

Qəlb nisgilli, gözlər yolda,
Qan ağlayır səbr, dözüm.
Millət perik, el nə halda?
Qoşa çeşmə, iki gözüm.

Vətənində yurdsuz qalan,
Elim, günüm, obam- hey, hey!
Torpağında yad, yurd salan,
Gorda dustaq, babam- hey, hey!

Heç bir röyam, heç bir yuxum,
Canım,- Ağdamsız olmayır.
Damaq dadım, iyim, qoxum,
Anım,-Ağdamsız olmayır.

Çarəsizəm, baş əyirəm,
Önündə mən dərd, qəhərin.
Intizarla gözləyirəm,
Sədasını son zəfərin…

YETƏR İÇDİ İSLAM QANIN İSRAİL

“Düşüncələrim” – silsiləsindən

Haram olub deyib- gülmək, çal-çağır,
Xalq pərişan, uşaq-qoca qanbağır.
Fələstinə bomba yağır, od yağır,
Yenə içir islam qanın İsrail.

Pak adları günahkartək hallanır,
Qəzzə səhri raketlərlə şumlanır.
Gavur oğlu insaf- mürvət nə qanır?
Yenə içir islam qanın İsrail.

Tanınmayır bəlli olan sərhədlər,
Qanda üzür həm şəhərlər, həm kəndlər.
Qüsullanır öz qanında cəsədlər,
Yenə içir islam qanın İsrail.

Körpə, ahıl, cavan qanı- al lala,
Nə ev qalıb, nə bir qəsr, nə qala.
Niyə susur, görən dünya bu hala?
Yenə içir islam qanın İsrail.

Yersiz gəlib yerli qaçsın hayana?
Pak torpaqlar qalıb halay pozana.
Gözəl Qüds həsrət qalıb azana,
Yenə içir islam qanın İsrail.

Allah versin qan tökənin cəzasın,
Əhli – islam etsin cihad qəzasın.
Dövran, görək Haqqın- haqlı qisasın,
Yetər, içdi islam qanın İsrail!.

HƏLƏ VAXT VAR DEYƏN KƏSİN

“Ömürdən- gündən” – silsiləsindən

Hələ vaxt var deyən kəsin,
Dünya çox çəkdi nazını.
Fələk qəfil kəsdi səsin,
Dünən qıldıq namazını.

Inanmırdı Haqq yazana,
Rişxənd edərdi azana.
Çırpınırdı çox qazana,
Itirdi çoxdan azını.

Tamah hissi alovlandı,
Gah itirdi, gah qazandı.
Imanını, dini dandı,
Kəsdi nəzir, niyazını.

Qafil idi, yazıq nadan,
Enməzdi göydən, fəzadan.
Qorxmazdı qədər, qəzadan,
Əcəl sıxdı boğazını.

Nə görmüşdü pulda, varda?
Qazandığı qaldı burda.
Görən necə yatır gorda?
Bilmir dərin, dayazını.

Dövran, düşün, daşın sən də,
Şeir yazıb, söz deyəndə.
Az yesən də, çox yesən də,
Yazan yazıb, son yazını…