Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
BİLMİRƏN
Sən halma acıma,
Həsrətin çox qəmi var.
Gecələr dərd oyanır,
Əldən gedir ixtiyar.
Həsrət əli baltalı,
Kəsdirir qapımızı.
Səndə də bir insaf yox,
Qonşunun nazlı qızı.
Hərdən təklik əlindən,
Bezirəm, görən olmur,
Bəzən də bu dünyadan,
Küsürəm, bilən olmur.
Özümə yad oluram,
Ümidlərim solanda,
Üzümü gizlədirəm,
Gözüm yaşla dolanda,
Bu gecədən bezmişəm,
Necə dözüm qəhərə,
Bilmirəm nə edim ki,
Ürək çıxsın səhərə.
QARA GÜNLƏR
Ağlara qalaydı qara günləri,
Axtarıb dünyada bizləri tapdı,
Bir ağ gün görmədik o vaxtdan bəri,
Həsrət sinəmizi taladı, çapdı.
Döydü qapıları qara xəbərlər,
Döndü qara dona, qara örpəyə,
Görüşə bilmədik nurlu səhərlə,
Biz tamarzı qaldıq arzu, istəyə.
Gözləri bürüdü qara buludlar,
Yollara baxmaqdan gözlər qaraldı,
Sındı qara yeldən qollar, qanadlar,
Qara çadırlarda üzlər qaraldı,
Yazan bəxtimizi qapqara yazdı,
Axdı göz yaşımız sellərə döndü,
Xəyallar zülmətdə yolunu azdı,
Söndü çırağımız, odumuz söndü.
Ağ gün qaçaq düşdü taleyimizdən,
Qəm-qüssə çoxaldı, ehtiyac artdı,
Qara qanlar axdı ürəyimizdən,
Bircə saçımızı dümağ ağartdı.