EŞQİN ÜRƏYİMİN YARASINDADIR
Dinlə şairini, təbrizli gözəl,
Yenə həsrətinlə alışır sinəm.
Tarixi uzundur bu ayrılığın,
Əzizdir qəlbimə, doğmadır bu qəm.
Dünyanı versələr etmərəm qəbul,
Könlüm vüsalını istəyir ancaq.
Səni qul doğmayıb təbrizli anan,
Sənindir qan sızan o ana torpaq.
Silkin, qoy dağılsın başının üstdən,
Sənə gün verməyən qara buludlar.
Torpağın altından boylansın bir-bir,
Bahar müjdəçisi çiçəklər, otlar.
Mənə elə gəlir, vüsalın yolu
Gözümlə gözünün arasındadır.
Yox, mümkün deyildir, səni unutmaq,
Eşqin ürəyimin yarasındadır!
BACIM ÜÇÜN
Görüb rəngi solmuş gül yarpağını,
Dünən bir kitabın arasında mən.
Təbrizli bacımın dərdini duydum,
Yanan ürəyimin yarasında mən!
Ürək sözlərini deyərək əzəl,
O gülü vermişdi mənə o gözəl.
Durur göz önümdə yenə o gözəl,
Olsam da dünyanın harasında mən!
Ona havadaram ömrüm uzunu,
Yox, darda qoymaram anam qızını!
Görürəm bəxtinin dan ulduzunu
Ağlar gözlərinin qarasında mən!
O TAYLI GÖZƏLƏ
Mən nələr çəkmədim sənin yolunda,
Sənə toxunmasın ürək sözlərim.
Ömür qəfəsindən uçdu quş kimi
Aylı gecələrim, xoş gündüzlərim.
Çox gəzdik… Nəhayət, günün birində
Cənubun, Şimalın dağlıq yerində,
Birləşdi Savalan ətəklərində,
Ayaq izlərinlə ayaq izlərim!
Açıldı lalətək eşqimin baxtı,
Sinəmdən qan deyil, mahnılar axdı.
Baxdı bir-birinə, doyunca baxdı
Qara gözlərinlə ala gözlərim!
AYRILIQ MAHNISI
Son görüşdə sahilində Arazın,
Səssiz baxdıq bir-birinin üzünə.
Qan çiləndi güllərinə bu yazın,
Culfanınsa od ələndi düzünə.
Sən də, mən də elimizin dililə
Birgə sildik gözümüzün yaşını.
Matəm çökdü bir qırpımda sahilə,
Duman aldı boz dağlaının başını.
Bir oldu ki, sənin, mənim düşmənim
Səni məndən, məni səndən ayırdı.
Bölünməzkən, yurdum, yuvam, məskənim,
Bir ürəkli, bir vətəndən ayırdı.
Mənə: “Getmə, qal” – dedin sən, qardaşım,
Duydum təzə hicran yaran qan sızır.
O gündən ta bu günəcən, qardaşım,
Kəsilməyib ürəyimin ağrısı!
MİN KÖNÜL QALACAQ
Yaxamda xatirə səndən bir incə gül qalacaq,
Gözümdəsə əbədi canlı bir şəkil qalacaq.
Buna əminəm, əziz dost, sənin üzün güləcək,
Cahanda zülm evininsə yerində kül qalacaq.
Yadellilər köçəcəkdir tamam bu torpaqdan,
Bu qəhrəman, bu vəfalı, bu şanlı el qalacaq.
Vətənlə bir nəfəs alsa, yolunda can qoysa
O şairin sözü şəksiz yüz il, min il qalacaq.
Sabah gedərsən, əzizim, bunu yəqin bilirəm,
Mənə vəfalı bu Təbrizdə min könül qalacaq.
DƏNİZƏM MƏN
Təbrizli gözəl qız, yenə eşqimdə düzəm mən,
Məndən uzaq olsan belə, üstündə gözəm mən.
Qəsd eyləsə iqbalma bir kəs – məni səslə,
Od parçasıyam, yandıraram, sanma közəm mən.
Gördüm səni röyada dünən, söylədim, ey bəxt,
Alqış sənə, cananla yenə üzbəüzəm mən.
Sənsizliyi az bilmə, gülüm, rəngimə bir bax,
Hicrində sənin gör necə solğun bənizəm mən.
Təbrizli gözəl! Sanma Süleymanı vəfasız,
Qarşında sənin körpə uşaqtək təmizəm mən!
HARDADIR?
Öyrənin, ey durnalar, təbrizli yarım hardadır,
Ellərin istəklisi, gülüzlü yarım hardadır?
Xeyli vardır həsrətilə qövr edir qəlbimdə qəm,
Gözləri yolda, əli nərgizli yarım hardadır?
Ayrılıqdan od tutub hər gün çəkir könlüm haray,
Eşqimin ilk, son sözü xoş sözlü yarım hardadır?
Üz-gözündən min kərə öpsəm də azdır, kim desə –
Ay təbəssümlü, qərənfil gözlü yarım hardadır?
Şad xəbərlər gözləyir sizdən Süleyman, durnalar,
Söyləyin, bir göyləri ulduzlu yarım hardadır?
TƏBRİZLİ GÖZƏLLƏR
Dünyaya dəyər nazlı, siyah gözlü gözəllər,
Baldan da, şəkərdən də şirin sözlü gözəllər.
İlham ala bilməz o qaranlıq gecələrdən
Vicdanı təmiz, taleyi gündüzlü gözəllər.
Mən Təbrizi gəzdikcə dünən söylədim, ey bəxt,
Azdır belə dünyada gülər üzlü gözəllər.
Bir gün açar öz eşqini öz yarına məncə,
İllərlə əgər saxlasa da gizli gözəllər.
Hər gün məni gözlər, bilirəm, gözləri yolda,
Gəl-gəl, – deyərək əlləri nərgizli gözəllər.
Təbrizdən uzaqsan, bilirik, qəm yemə,
Rüstəm, Xatırlayacaqdır səni Təbrizli gözəllər!
QƏBRİMƏ YAZSIN NƏQQAŞ
Ey gözəl Təbrizimin dilbəri, gəl vəslə yol aç,
Sənin hicrində ürəkdən süzülür gözlərə yaş.
Sənə əl qaldıranın mən ovaram gözlərini,
Qoymaram düz yolum üstündə dayansın qara daş
Səni qurtarmaq üçün təkcə canımdan keçərəm,
Mənim hər arzuma dünyada özünsən sirdaş.
Bu uzun yolda məşəqqətlərim azdır, deyirəm,
Çox bəlalar çəkəcəkdir sənin uğrunda bu baş.
Deyirəm, bəlkə, gözüm bir də səni görməyəcək,
Mən nahaq etmirəm, ey qız, yaşım artdıqca təlaş.
Sakit olsun deyə torpaqların altında könül,
Gözəlim, qoy adını qəbrimə yazsın nəqqaş.
SEVGİLİM
Hara getsən belə vurğun könlümü
Özünlə bərabər apar, sevgilim!
İşdir aparmasan, ilham atını
O sənin dalınca çapar, sevgilim!
Ayrılıq yüküdür kürəyimdəki,
Götür başından o qara örpəyi.
Sən gəl öz əlinlə ürəyimdəki
Yaranın közünü qopar, sevgilim!
Sıxdı pəncəsində səfalət səni,
Lakin yaşadacaq məhəbbət səni,
Hər yana getsən də, nəhayət səni,
Süleyman axtarıb tapar, sevgilim!
Təbriz, 1942