“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Günümüzün romançılığı ənənələrə uymağa çalışır. Çalışmaq hələ tənliklərin həlli, yaxud lazım olan nəticəni əldə etmək deyil. Amerikalılar demiş, “milyon dollarlıq sual” burda meydana çıxır: “Ənənəni pozmağa icazə varmı?”
Sualımızın cavabı da dəyəri qədər altısıfırlıdır. Hansı cavabı istəsən, könlündən nə keçsə, dilinə gətirə bilərsən. Sadəcə, dilinə gələni əməlinlə haqlı çıxarmaq hünəri lazımdır…
Dəfələrlə roman yazıb, epiloquna çatanda imtina edən biri kimi deyirəm ki, müəllif olmaq asan məsələ deyil. Müəllif öz yazısının həm əsiri, həm də şahıdır. Ən əzablısı da odur ki, yazdığın roman səni öz içində əsir saxlasın… Çünki müəllif öz romanına könüllü təslim olmadısa, yazdığını “shift+delete” eləsə, düşüncəylə yazının savaşından üzüağ çıxar…
Seyfi Gənc roman yazmaq üçün 12 qayda təklif edir. Bu qaydaların içində özünəinam, zaman-məkan uzlaşması və səmimi dialoqlar da var. Ceylan Mumoğlunun romanında bu üç əsas qaydadan ikisi ilk fəsildəncə qarşımıza çıxır: özünəinam və səmimi dialoqlar.
Müəllifin özünəinamı onun obrazlarının dilində də səslənir. Səmanın əmisi arvadına inad su içməsi, əslində, həyatda məqsədə doğru inamla mübarizə aparmağın simvoludur; biri var təsadüfən ağrıyasan, dözməyib geri çəkiləsən, biri də var bilə-bilə ağrıların üstünə gedəsən, əzmlə qalibiyyətə doğru irəliləyəsən… Ceylan Mumoğlunun obrazının hələ kiçik yaşdan özünə olan inamı onun gələcəyinin tablolarını rəngləyirdi…
Humayın qəmli taleyi, Səmanın kimsəsizliyi, İlahənin sevgiyə olan inamsızlığı… və nəhayət, ümumi fonda Klimtin “Qadının üç yaş dövrü” əsəri… Təzadlar bir-birini qovduqca tanış ştrixlər də qovuşmağa can atır və əsəri oxuduqca Klimtin obrazları ilə gah doğmalaşırsan, gah da yadlaşırsan. Qərar verə bilmirsən ki, onlar sənin üçün kimdir? Bəlkə elə özünsən? Özünsənsə, niyə parça-parçasan? Niyə bir rəssamın, sadəcə, fırçasını sildiyi kətan kimi bütün tablolardan bir rəng xatirə saxlayırsan?
Ceylan Mumoğlu bütün roman boyu bu sualları cavablandırır… Humay Klimtin tablosundakı əzabın, Səma ümidin, İlahə sevginin rəmzidir. Amma əzab həmişə sevincə, ümid işığa, sevgi də vüsala əl uzadıb. Sonunda uzanan əllər kimin ətəyindən yapışacaq? Ceylan xanım ətək sahibini “tapmağı” oxucuya həvalə edir; qoy oxucu kimin ətəyindən istəyir, yapışsın… Bu da onun haqqıdır…
“Göy saqqal”ların kəm olmadığı həyat tablosunda Rafaelin addım səslərini eşitməz olur bəzən qadın ürəyi… Belə yerdə əlini səmaya uzadıb “şükür kərəminə, İlahi!” -demək istəyir adam. Axı, qadın ürəyinin dərininə endikcə incə sezgilər sevgiyə də qalib gəlir, məntiqə də. Ona görə də həmişə cəngavər döyüşündən Rafael qalib çıxır.
Ceylan Mumoğlunun romanında da İlahənin eşq və güvən dünyasının “ağ atlısı” Rafaeldir. Onun gecikməsi, meydanı qısa bir zaman kəsiyində “Göy saqqal”a buraxması da yazıçı manevridir. Ceylan xanım “yaxşıların qədri”nin bilinməyini istəyir. Bu arzu ilə də İlahənin uşaq dünyasına bir nağıl qəhrəmanı “göndərir”. Yaxşı, ya pis, əsas odur ki, İlahə bu nağılın köməyilə “böyüyür”.
Ceylan Mumoğlu romanın adını “Qadının üç yaş dövrü” qoymaqla, əslində, romanla Klimtin rəsm əsərinin vəhdətini yaratmağa cəhd edir.
Üç qadının bir-birinə çələng kimi hörülmüş həyatlarından bəhs edən romanda Humayın qaynanası, Rafaelin anası, mesenat xanım, Lamiyə obrazları əsas naxışın saçaqlarına bənzəyir. Əslində, bu saçaqlar da qadın haqqında bir pərdəli pyeslərdir… Birincisi öz eqosu üçün qurban axtarır, ikincisi artıq hisslərinin qurbanına çevrilib, üçüncüsü fədakarlıqla hikkənin arasında əsir-yesir olub, dördüncüsü isə hələ də həyatın sevgi romansından ibarət olduğuna inanır… Burda Ceylan xanım qarşımıza bir rəssam kimi çıxır; elə bil, o, bütün qadın hisslərini bir fırça ilə qarışdırıb, alınan rəngdən müasir həyatın hər künc-bucağına bir çizgi çəkib.
Əsərin sonunda Klimtin “Həyat ağacı”na işarə də əbəs deyil. Türk mifologiyasındakı qadın başlanğıcı simvollarından biri olan Ağac-ananın dünyəvi obrazıdır…
Seyfi Gəncin dediyi üçüncü məqamın: zaman-məkan uzlaşmasının romanda fərqli ölçüləri var. Bu ölçüləri izah etmək niyyətində deyiləm, çünki burda da hər oxucunun öz çərçivəsini bəzəmək haqqına sayğı duymam gərəkir…
“Qadının üç yaş dövrü” romanı müasir ədəbiyyatımızda qadına yeni baxış kimi yola başlayıb. Mənzil başına-oxucuların masasına çatmağına az qalıb. Cavid Qədirin redaktorluğuyla işıq üzü görəcək “Qadının üç yaş dövrü” Ceylan Mumoğlunun ilk romanıdır. Ümid edirəm ki, tezliklə Ceylan xanımı yeni romanların müəllifi kimi daha yaxından tanıyacağıq.