RAFIQ ODAY
23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Orta məktəb illərindən rayonda nəşr olunan «İşıqlı yol» qəzetində kiçik məqalələri çap olunsa da, «Vətən gəz» adlı ilk mətbu şeri 1983-cü ildə «Sovet Nax¬çıvanı» («Şərq qapısı») qəzetində dərc olunmuşdur. Rayonda nəşr olunan «Işıqlı yol» qəzetində ictimai əsaslarla «Xalq yaradıcılığı və incəsənət» şöbəsinin müdiri olmuşdur.
Xələc kənd məktəbindəki fəaliyyəti dövründə «Şaman» folklor dərnəyi və eyniadlı ansambl yaratmış, bir neçə il kəndbəkənd gəzərək folklor nümu¬nələrini toplamış, onları mütəmadi olaraq rayon qəzetində dərc etdirmiş, sonradan bu yazıları bir araya gətirərək «Şərur folkloru – Rafiq Odayın təqdimatında» adı altında kitab halında çap etdirmişdir.
1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılmış «Dan yeri» ədəbi birliyinə rəhbər təyin edilmiş, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görmüşdür. 1988-ci ildə «Yazıçı» nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınmış, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respub¬likası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
2003-cü ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri seçilmişdir. Bu gün də bu vəzifəni icra edir.
2005-ci ildən 2008-ci ilin əvvəllərinə qədər «Şaman» ictimai-siyasi, ədəbi-bədii qəze¬tin təsisçisi və baş redaktoru olmuş, 2008-ci ilin əvvəllərindən bu günə qədər «Möhtə¬şəm Azərbaycan» ictimai-siyasi, ədəbi-bədii qəzetin təsisçisi və baş redaktorudur.
2008-ci ilin oktyabr ayından 2010-cu ilin may ayına kimi eyni zamanda «Azərikimya» Dövlət Şirkətinin mətbu orqanı olan «Azərbaycan kimyaçısı» qəzetinin baş redaktoru işləmişdir.
Respublika Prezidentinin müvafiq Sərəncamı ilə «Azərikimya» Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə veriləndən sonra, Rafiq Oday fəaliyyətini «Azərikimya» İstehsalat Birli¬yinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirir.
«Bir yol başlamışam», «Gecələr içimə göyüzü yağar», «Ömür gedir öz köçündə», «Şərur folkloru – Rafiq Odayın təqdimatında», «Qarabağ şikəstəsi», «Xatirələr işığında», «3 Aprel günəşi», «Əlli min də qayğısı var əllimin», «Ədəbi – tənqidi məqalələr» kitablarının müəllifidir. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və “Qafqaz – Media” mükafatları laureatıdır.
Sumqayıt şəhərində və ətraf rayonlarda yaşayan yazıçı və şairlərin əsərlərindən ibarət 15 almanax tərtib edərək çap etdirmiş, 100-dən artıq kibabın redaktoru olmuşdur. 40-dan artıq elmi, yüzlərlə publisistik məqalənin müəllifidir.
Rafiq ODAY
YAŞADIM
Düz əlli il ömür adlı,
Kürkün içində yaşadım.
Apaydın səma altında,
Bürkü içində yaşadım.
Xəbər yollayın Orxana,
Dünya özü bir zorxana.
Göz açandan nə qorxu, nə
Hürkü içində yaşadım.
Ümidi üzdüm yaşadım,
Canımdan bezdim yaşadım,
Yaşadım, düzdü, yaşadım,
Sürgün içində yaşadım.
Nə kimsəyə ərk eylədim,
Nə kimsəni görk eylədim,
Mənliyimi börk eylədim,
Börkün içində yaşadım.
Yada tutdum neçə il yön,
Ümid çıxdı puça min yol.
Heç deməzsən neçə milyon,
Türkün içində yaşadım.
Dost-doğma bildim müşkülü,
Sevdim-oxşadım püşkümü.
Ömür deyilən beş günü,
Bir gün içində yaşadım.
HAQQ DEYƏN HAQQA QOVUŞAR
Hərə bir nəzərlə baxır,
Yoldan ötən hər dəliyə.
Çox da mənə bənd olmayın,
Mən də bu təhər dəliyəm.
Hər talenin öz nərdi var,
Gözlərim göyə nərdivan.
Gecənin gecə dərdi var, –
Açıldı səhər – dəliyəm.
Bilən olmaz nə gündəyəm,
«Harda»yam, «nə üçün»dəyəm.
Milyon dəli içindəyəm, –
Mən də bir nəfər dəliyəm.
Bir qaysağam qan adında,
Qoparın da, qanadın da.
Mələklərin qanadında,
Eylərəm səfər – dəliyəm.
Başdı – yüz qada sovuşar,
Ya tutar, ya da sovuşar.
Haqq deyən haqqa qovuşar, –
Geymişəm kəfən dəliyəm.
Rafiq ODAY
GEDİM
Qoşulub qərib durnaya,
Qərib-qərib köçüm gedir.
İlahi, bir yol aç mənə,
Bu yerlərdən köçüm gedim.
Qərib durna, qərib ağı,
Darıxanda məni çağır.
Göndər bir piyalə ağu,
Şərbət kimi içim gedim.
Yaranışdan beləyəmmi,
Azadammı, köləyəmmi?!
Zəncir kəsir biləyimi,
Dizlərimdən gücüm gedir.
Aldanıb ağlıma gəlim,
Qoşulub ilğıma gəlim.
Yolumdan saxlama, gəlim,
Qoy sakitcə keçim gedim.
Kəc baxılsa yurd daşına,
El dağılar, yurd daşınar.
Bu dünyanın yaddaşına
Əbədilik köçüm, gedim.
Rafiq ODAY
USTAD, BİR DÖN SİNƏMƏ BAX…
«Gəl gör mənə eşq neylədi»
Yunis İmrə
Bu sevda dəli sevdadı,
Tükənməz macərası var.
Nə bu dərdə əlac edən,
Nə bu dərdin çarısı var.
Oldu ömrün yazı talan,
Yazıq satan, yazıq alan.
Nə ondan bir razı qalan,
Nə ondan bir narazı var.
Yön çevirib dağa-daşa,
Bulaq oldu gözüm – daşan.
Nə gözümdə ağdan nişan,
Nə gözümün qarası var.
Eşq qonaqmış, sinəm otaq,
Qonaq çəkdi sinəmə dağ.
Ustad, bir dön sinəmə bax,
Gör, salamat harası var?
GÖTÜRMÜR
Əsmə hər bir yarpaq üstə,
Bu ağac balta götürmür.
Yük olanı torpaq üstə,
Torpağın altı götürmür.
Nə sızlarsan, viran könlüm,
Öz içinə varan könlüm.
Dərdə könül verən könlüm
Başqa ovqatı götürmür.
Bıçaq kürəyə yol tapır,
Haram – çörəyə yol tapır.
Çat hər ürəyə yol tapır,
Ürək hər çatı götürmür.
Ölümü almam eynimə,
Əgər batmasa beynimə,
Dar ağacı, çox öyünmə,
Bu boğaz çatı götürmür.
GƏLDI
Bu örkən uzun örkəndi,
Durum dolanım bu kəndi.
Gözümün yaşı tükəndi,
Yerindən qara qan gəldi.
Göylərdən bir ulduz axdı,
Gördüm ki, yolum uzaqdı.
Təzə yurd saldığım vaxtı,
Bu karvan haradan gəldi.
Yön alım dedim haraya,
Yön alım gedim haraya.
Ağ ağa qənim, qaraya
Nə gəldi qaradan gəldi.
Bu sayaq yaşayammadım,
Başayaq yaşayammadım.
Mən oyaq yaşayammadım,
Hər dərd də röyadan gəldi.
Salma dedim çəp yerinə,
Biçdiyini səp yerinə.
Bu səhər də sübh yerinə,
Ömrümə qara dan gəldi.
Bir qəti hökm aradım,
Bu ömrü nakan aradım.
Bir özgə məkan aradım,
Dadıma yaradan gəldi.
ƏLINDƏ
Başımız qovğada, qalda,
Yaxamız namərd əlində.
Talanır cümlə varımız,
Yoxumuz namərd əlində.
Boşalan yer zorla dolur,
Düzü-dünya gorla dolu.
Yatağımız qorla dolu,
Yuxumuz namərd əlində.
Yerlər qılınc, göylər qalxan,
Qan ağlayır düşüb – qalxan.
Sinəmizi deşib qalxan,
Ahımız namərd əlində.
Ha bu qədər zəncir gəmir,
Qanqal dəmir, zəncir dəmir.
«Yazı»mızdan yox səs-səmir,
«Oxu»muz namərd əlində.
Sökülür yurdun hasarı,
Qurd oğlu qurdun hasarı.
Tuşlanan yurduma sarı,
Oxumuz namərd əlində.
Gördük qalxıb enənləri,
Gördük ötən dünənləri.
Bada verdik dinənləri,
Çoxumuz namərd əlində.
Rafiq ODAY
KEÇIR
Öz günümə ağlamıram,
Günüm ağlamaqdan keçib.
Ağlamağın faydası nə? –
Gülüm, ağlamaqdan keçib.
Qısıl yaşa tək içində,
Öz dərdini çək içində.
Ömrümüz ələk içində,
Qəddimiz yumaqdan keçir.
Tərk olduq təkə dönüncə,
Biz ürkə-ürkə dönüncə,
Çuxamız kürkə dönüncə,
Bəlkə yüz yamaqdan keçib.
Bu həyat bir qəm sandığı,
Kim açsın, de, kim, sandığı?
Ac balığın yem sandığı,
Ölümü qarmaqdaq keçir.
Haqqın uvandı, tərsi bir,
Haqq oğlu haqqa nə Sibir?!
Dolanmaq başın nəsibi,
Dolamaq, barmaqdan keçir.
Tanısa qəmlər yaxanı,
Kim tikər qəmlər yıxanı?
Naz ilə qəmlər yaxanın
Sevgisi bu baxtdan keçir.
BILIRƏM
Mənim virana könlümü,
Eşq abad eylər, bilirəm.
Gahdan da abad olanı
Aşqabad eylər, bilirəm.
Könül verdinsə təkliyə,
Ömrü dərd-qəm ətəkliyər.
Səni vadar dönüklüyə
Başqalar eylər, bilirəm.
Məni bu kənddən ötürün,
Ötürün, dərddən ötürün.
Hər boş söz-söhbətdən ötrü
Qaşqabaq eylər, bilirəm.
Sinəmin aha çəmi var,
Gözümün daha nəmi var.
Küsməyə bəhanəmi var? –
Başqa ad eylər, bilirəm.
Yığdı cana ələm məni,
Ömür adlı sələm məni.
Bu eşq üstə aləm məni
Daşqalaq eylər, bilirəm.