Azərbaycan Aşıqlar Birliyinin katibi,
Əməkdar mədəniyyət işçisi.

İslam müəllim kimi bütün mənalı həyatını sözə həsr edən, sözlə yaşayan və heç zaman sözü urvatdan salmayan bir insan haqqında nəsə demək, nəsə yazmaq çox çətindir və adamdan böyük məsuliyyət tələb edir. Üstəlik bu söz onun ölümündən sonra xatirə şəklində deyilirsə, daha ağır olur və məsuliyyəti ikiqat arıtır. Çünki İslam müəllim mənim həyatda tanıdığım o böyük kişilərdəndir ki, daim sözün fövqündə dayanıb. Dilimizin lüğətindəki ən gözəl sözləri seçib ünvanına yazsan da, yenə də bu sözlərdən ucada dayanan kişidir. Belə kişilər az-az gəlir dünyaya.
İslam müəllim sözün əsl mənasında bir məktəb idi. Bu gün Gürcüstanda və onun hüdudlarından kənarda yaşayan neçə-neçə qələm adamının onu özünə ustad sayması təsadüfi deyil. Çoxlarımızın ilk qələm təcrübəmiz məhz onun peşəkar jurnalist qələminin sığalından keçib qəzet səhifəsinə çıxıb.
İslam müəllim bir məktəb idi – həyat məktəbi! Kişilik, mərdlik və halallıq məktəbi! İkiüzlülükdən və ikiüzlülərdən uzaq, sözü ilə əməli bir-birini tamamlayan bütöv şəxsiyyət idi. Həmişə haqqın və haqlının yanında olmağı bacaran, haqq sözünü heç nədən və heç kəsdən çəkinmədən üzə deməyi bacaran KİŞİ idi.
Bu sətirləri yazarkən yadıma Borçalının böyük oğlu, Xalq şairi Zəlimxan Yaqubun misraları düşdü:

Nə toxa bel bağla, nə aca söykən,
Nə ada, şöhrətə, nə taca söykən.
Özün basdırdığın ağaca söykən,
Bağbandan min dəfə bağ vəfalıymış.

İslam müəllim Allahın ona bəxş etdiyi ömür payını alnıaçıq yaşadı. Zəlimxan Yaqubun təbirincə desək, vaxta arxalanmadı, baxta aldanmadı. Çünki bilirdi ki, “nə dövran, nə də bir çağ vəfalıdır”. Toxa bel bağlamadı, aca, ada, şan-şöhtrətə və taca söykənmədi. Güvəndiyi, söykəndiyi ancaq özünün xeyirxah əməlləri və halallığı oldu. O əməllər ki, zaman-zaman onu yaddaşlarda yaşadacaq.
Bəli, bütün ömrü boyu Tbilsidə nəşr olunan “Gürcüstan” (sovet dövründə “Sovet Gürcüstanı”) qəztində çalışan, son illərdə isə qəzetin nəşrinin dayanmaması üçün redaktor kimi minbir əziyyətə qatlaşan Əməkdar jurnalist İslam müəllim bir məktəb idi – ömrünün son gününədək mənim də şagirdi olduğum bir məktəb! İslam Əliyev bir Müəllim idi – mənim müəllimim! 40 ildən çox bir müddətdə hər yazısından, hər söhbətindən, bəzən adicə bir jestindən çox şey öyrəndiyim və bundan sonra da öyrənəcəyim müəllim.
Artıq İslam müəllim cismən bizimlə deyil. Təbii ki, onun yoxluğunun ağrı-acısını ilk növbədə ailəsi, övladları, doğmaları və dostları çəkəcək. Amma itirən təkcə onlardımı? Necə böyük bir kişini, istedadlı qələm adamını itirdiyimizin fərqindəyikmi? İslam müəllimin həyatdan köçməsi gələn il nəşrə başlamasının 100 illiyini qeyd edəcəyimiz, həmişə Gürcüstandakı Azərbaycan dilli mətbuatımızın flaqmanı olmuş “Gürcüstan” qəzətinin son sütunlarının da laxlaması deyilmi? İslam müəllimin şəxsində Borçalı bir böyük kişisini, istedadlı qələm sahibini itirdi. İslam müəllim elimizdən-obamızdan getdi, mətbuatımızdan getdi. Gedişiylə sözümüzü bir azda yetim qoydu.
Dünyada heç kəs əbədi qalan deyil. Aşıq Şenlik demiş, bu dünyada “başatan şad olub gülən öyünsün”. Hər kəs doğulduğu gündən ölümünə doğru yol gedir. Sadəcə bu yolu kimin necə getməsi fərqi var. Və şərqin böyük filosofu C.Ruminin dediyi kimi, “məqamı gələndə ölümü qarşılamaq ən böyük elmdir”. İslam müəllim kişi kimi yaşayıb, kişi kimi də ölməyi, ölümün gözünə də dik baxmağı bacarması ilə də çoxlarından fərqləndi. Onun dünyasını dəyişməsi xəbərindən minlərlə insanın sarsılması bir daha sübut etdi ki, Zəlimxan Yaqubun dediyi kimi:

El yadda saxlamaz evdən gedəni,
İnsan əzizlənər eldən gedəndə.

Bir tacik xalq misalında deyilir ki, “insanın ömrü – onun dünyaya baxması və dünyanın onu gör¬məsi ilə deyil, insanların onu yadda saxlaması ilə ölçülür”. Bu mənada, tam əminliklə deyə bilərik ki, İslam müəllimin ömrü sözün ömrü qədər olacaq. Nə qədər ki, qədirbilən xalqımız var, nə qədər ki, Borçalı var, Borçalının ləyaqətli oğul və qızları var, İslam müəllim də var olacaq.
Allah rəhmət eləsin!

“Ədalət” qəzeti, 16 yanvar, 2020-ci il.

.

.