Dövlət başçımız hələ ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş videokonfransda demişdir: “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində – pandemiyadan sonra bu sərgilər bərpa ediləcək. Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.
Ölkə rəhbərinin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Sözügedən sənədə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. İnvestisiyalar üçün artıq start verilmişdir.
İşğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişafı ilə bağlı görülən və görüləcək işlərlə bağlı AZƏRTAC-ın sorğusu Dövlət Turizm Agentliyi (DTA) tərəfindən cavablandırılıb.
DTA-dan bildirilib ki, agentlik işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzində fəaliyyət göstərən 5 alt İşçi Qruplarına üzv təyin edilib. İşğaldan azad edilmiş ərazilərin turizm resurslarının qiymətləndirilməsi, turizm nümayiş obyektlərinin uçotunun aparılması, turizm potensialdan səmərəli istifadə edilməsi, sağlamlıq, dağ və mədəni turizm resurslarının araşdırılması ilə bağlı “Turizm resurslarının qiymətləndirilməsi” adlı ilkin metodologiya sənədi hazırlanıb. Agentlik tərəfindən layihə sənədinin genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə turizm resurslarının qiymətləndirilməsi ilə bağlı işlərin aparılması planlaşdırılır: “Qarabağ bölgəsində Füzuli hava limanı dayanıqlı turizmin inkişafı baxımından önəmli layihə hesab edilir. Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Füzuli, Xocavənd və Şuşanın turistlər üçün əlçatan olmasını təmin edəcəkdir. Bununla yanaşı, Kəlbəcər-Laçın istiqamətinə Göygöl rayonundan başlayaraq magistral yol salınması nəzərdə tutulmuşdur. Bölgəyə turistlərin əlçatanlığının təmin edilməsi üçün dəmir yol xətlərinin bərpası mühüm hesab edilir və bununla bağlı ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yol xəttinin bərpası üzrə işlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı turizmin və turizm klasterlərinin inkişafı, təşviqedici və tənzimləyici siyasət mexanizmlərinin işlənilməsi, innovativ texnologiya alətlərinin tətbiqi, turizm infrastrukturu, dövlət-özəl əməkdaşlıq və digər prioritet istiqamətlər əsasında Qarabağ Turizm Strategiya layihə sənədi hazırlanıb”.
Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərin geniş turizm potensialını nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən “Yolumuz Qarabağa” konseptual turizm marşrutlarının layihələri təqdim edilib. Layihə sənədi əsasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi ilə müvafiq əməkdaşlıq əsasında “Yolumuz Ağdama” turizm marşrutunun təşkili ilə bağlı tələb olunan müvafiq infrastruktur işləri həyata keçirilib. Dövlət Turizm Agentliyi tərəfindən “Şahbulaq Qalası”na dair ilkin memarlıq və turizm inkişaf konsepsiyası hazırlanıb.
“Turizm və rekreasiya zonalarının yaradılması üçün Qarabağ regionunun müxtəlif ərazilərində mühüm turizm potensialı mövcuddur. Şuşanın zəngin təbiət ətrafında yerləşməsi, tarix-mədəni turizm obyektlərinə yaxınlığı, turizm fəaliyyətlərinin mümkünlüyü və əsas magistral yola yaxınlığı baxımından imkanları yüksək qiymətləndirilir. Qarabağ turizm və rekreasiya zonası üçün Kəlbəcərdə İstisu bölgəsinin böyük imkanları mövcuddur. Uzun müddət İstisu bulağından sağlamlıq və kurort məqsəd üçün istifadə edilməsi ərazinin inkişafına zəmin yaradır. Bununla bağlı, Kəlbəcərdə İstisu, Vəng, Zülfüqarlı kimi təbiət ərazilərində rekreasiya imkanları yüksəkdir. Kəlbəcər, Zəngilan, Xocavənd, Qubadlı və Laçın bölgələrində yaradılması planlaşdırılan turizm və rekreasiya zonalarının əraziləri Dövlət Turizm Agentliyi tərəfindən müəyyən edilmişdir. Turizm və rekreasiya zonaları ilə yanaşı, Şuşada Xarıbülbül və Qarabağ mehmanxanaları ən son standartlara uyğun formada təmir edilmişdir”, – deyə məlumat verilib.
Həmçinin vurğulanıb ki, qeyd olunanlar ilə yanaşı, Dubayda “ATM 2021” (Arabian Travel Market 2021) və Moskvada “OTDYKH Leisure” turizm sərgilərində Qarabağın turizm potensialı təqdim edilib: “Dövlət Turizm Agentliyi tərəfindən qəbul edilmiş “İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına dair Fəaliyyət Planı”na uyğun olaraq strateji inkişaf, turizmin inkişafı və təşviq olunması, turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq və qış turizmi resurslarının layihələndirilməsi və digər tədbirlərin icrası nəzərdə tutulub”.
Mənbə: https://azertag.az/