Usta, ehmal tərpən, xətrinə dəymə,
Qoy, qaytar yerinə, olma ha naşı.
Divara tarazla, zərrəcə əymə,
İnciyər babamın evinin daşı.
Bezib laqeydlikdən, biganəlikdən,
Bax, düşüb getməyə bilmirəm hara.
Açmaqla, göz dağı böyük dəlikdən
Geniş yol, köksümdə qəmə, qubara.
Sarıb varlığımı xəcalət təri,
Önündə durmuşam səssiz-səmirsiz.
Məndə vecsizliyin böyük “hünəri”,
Daşı da edibmiş demə səbrsiz.
Arxa-dönənimdən ər dədələrin
Əli sığallayıb bu çopur daşı.
Miras nə, qanmayan biz gədələrin
Ayrı mətləblərə qarışıb başı.
Diz çöküb, yalvarıb-yaxarsam görən,
Keçər günahımdan, bağışlar məni?
Qaytar qoy yerinə, ay divar hörən
Azaldım özümə sonsuz tənəni.