İmtahan nəticələrinə görə valideynin övladına sərt çıxışı toplu bir problemə çevrilib. Övladının 30 sualdan 26 düzü var deyə onu depresiyaya salan valideynlər-həyat sizcə bir diplomlamı ölçülür? Mükəmməlliyyətçi olmaqdan çıxaq. Bu heç kimə heç nə qazandırmır. Çalışan hər kəsin işlərində qüsurların olması təbiidir. Bu hər bir işdə keçərlidir. Zaman, təcrübə, illərin əməyi bu biliyi,bacarığı vərdiş halına salır ki, artıq bizlər işinin ustadı oluruq. O işin hər problemini həll edə bilirik. Zamanın bizə ədalətli də davrandığı olur, qəddar davrandığı da. Bir övladdan hər valideynin gözləntiləri var: tərbiyəli olsun, bilikli olsun, sözə baxan olsun,onu daim qürurlandırsın. Və bizlər bunu hər daim övladlarımızın qulaqlarını batıra-batıra, bağıraraq elan edirik onlara. Heç onların nə hisslər keçirdiklərini hiss edirikmi? Empatiya qururuqmu? Sözsüz ki, arzuolunmaz davranışlarında cəza olmalıdır. Hər şey güllü-gülüstan olmur. İpin ucunu övladlarımıza verək? Söhbət belə gedə bilməz. Amma onları doğru yönəldək. Sevgi ilə. Zatən həyat acımasızdır. Harada, nə vaxt qarşılarına necə insanlar çıxıb,onlara xətər verəcəklər bilmək olmur. Hər bir valideynə övladlarına sevgilərini gizlətmədən-hansısa yolla etiraf etmək arzusuyla…
Mənbə: https://vetenim-azerbaycandir.az