Türk dünyasının önəmli dövlətlərindən biri olan Özbəkistan ədəbiyyatının Azərbaycanda tədqiq və təbliğ tarixinə nəzər salarkən bu iki ölkə arasında ədəbi-mədəni əlaqələrin qədimliyini unutmaq olmaz. İstər orta əsrlərdə və sovet dövründə, istərsə də müstəqillik illərində hər iki ölkənin ədəbi əlaqələrinin qarşılıqlı inkişaf dinamikasını Almaz Ülvinin “Azərbaycan-özbək (çağatay) ədəbi əlaqələri” kitabından izləmək oldu.
Hər iki dövlətin müstəqillik qazanmasından sonra bir sıra qurumlarının, xüsusilə Elmlər Akademiyalarının, Yazıçılar Birliklərinin əməkdaşlığı davam edib. Bu istiqamətdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Dünya Gənc Türk Yazarlar Birliyinin, Daşkənddə “Azərbaycan evi”nin, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Beynəlxalq Türk Akademiyasının fəaliyyətini ayrıca diqqətə çatdırmaq lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının bu sahədə xidmətləri sovet dövründən gündəmdə olub. Belə ki, Xalid Səid Xocayevin çevirdiyi Mahmud Kaşğarlının “Divani lüğət-it-türk” əsərinin tərcüməsinin əlyazma nüsxəsi AMEA Dilçilik İnstitutunun elmi arxivində saxlanılır. 1985-ci ildə isə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi əlaqələr” seriyasından nəşr etdirdiyi “Azərbaycan-özbək ədəbi əlaqələrindən səhifələr” elmi məqalələr toplusunda 16 elmi tədqiqat məqaləsi yer almışdı.
Müstəqillik dövründə Azərbaycanda özbək əsərlərinə aid tərcümə, tərtib, araşdırma, nəşr və digər bu kimi işlərin aparılmasında Ramiz Əskərin, Kamil Vəliyevin, Almaz Ülvinin, Akif Bağırovun, Yaşar Qasımbəylinin, Vaqif Arzumanlının, Ənvər Cabbarlının, Rəsmiyyə Sabirin, Əkbər Qoşalının, Səlim Babullaoğlunun, İlqar İlkinin, Şahlar Dağlaroğlunun, Əjdər Olun, Samir Abbasovun, Qulu Kəngərlinin, Ədalət Əsgəroğlunun rolu danılmazdır.
Ramiz Əskər 1994-cü ildə Yusif Balasağunlunun “Qutadğu Bilig”ini (Kamil Vəli Nərimanoğlu ilə), 2006-cı ildə Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”ünü (dörd cilddə), 2009-cu ildə “XX əsr özbək şeiri antologiyası”nı, 2011-ci ildə Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri”ni və “Baburnamə”ni, Sultan Hüseyn Bayqaranın “Divan”ını, 2018-2019-cu illərdə Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə çevirib. Alim xidmətlərinə görə Özbəkistanın “Babur” mükafatına layiq görülüb. 2003-cü ildə “Qutadğu bilik”, 2008-ci ildə “Mahmud Kaşğari və onun “Divanü-lüğat-it-türk”, 2020-ci ildə “Əlişir Nəvai və onun “Xəmsə”si” adlı elmi-tədqiqat kitabları nəşr olunub.
Müstəqillik dönəmində işıq üzü görmüş kitablardan Xalq yazıçısı Anarın hazırladığı 1993-cü ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Türkün 101 şairi” kitabını göstərə bilərik. Həmin kitabda özbək yazarlarından Rauf Pərfinin “Duyumlar” əsəri A.Bağırovun, Məhəmməd Salihin “Əgər bu sinəmə”, “Gecə”, “Ona ağı deyib” əsərləri V.Cəbrayılzadənin çevirməsində yer almışdı. 1992 və 2005-ci illərdə “Turan çələngi”, 2000-ci ildə “Türkün dastanı” toplularının çap olunmasının özünəməxsus əhəmiyyəti vardır. Özbək folklorçusu Məmmədqul Curayevin toplayıb tərtib etdiyi “Əlişir Nəvai haqqında rəvayətlər” 1994-cü ildə Füzuli Bayat tərəfindən Azərbaycan dilində nəşr edilmişdi. 2000-ci ildə Azərbaycan-özbək ədəbi-publisistik əlaqələrinin körpüsünü yaradan yazıçı-publisist Ağəddin Mansurzadənin “Özbəkistanda nəyim qaldı” adlı sanballı kitabı çap olunmuşdu.
Müstəqillik illərində xüsusi çəkisi olan layihələrdən biri kimi 2005-ci ildə “UGART cəhdləri” (Özbəkistan, Gürcüstan, Azərbaycan: yaradıcılıq – tərcümə cəhdləri) adlı konfransı qeyd edə bilərik. Həmin konfransda “Çağdaş özbək ədəbiyyatından seçmələr” bölməsində Akif Azalp “Şərqlə Qərbin yol ayrıcında (Çağdaş özbək şeirinə bir baxış”) adlı icmal məqaləsində Tutubikə, Möhtərəm Uluğova, Fərağət Kamalqızı, Aygün Suyundukova, Fəriqə Əfruz, Xasiyyət Rüstəmova kimi müəlliflərin əsərlərinə münasibət bildirmişdi. “Dünya ədəbiyyatı”nın xüsusi buraxılışında çağdaş özbək poeziyasından Abdulla Arifin (S. Babullaoğlu), Osman Əzimin (A. Azalp), Bəhram Ruziməhəmmədin (G. Mövlud), Eşkabil Şükürün (G. Mövlud), İqbal Mirzənin (A. Azalp), Mirpolad Mirzənin (G. Mövlud), Əziz Səidin (S. Babullaoğlu), Osman Qoşqarın (A. Azalp), Qoşqar Narqabilin (A. Azalp), Siracəddin Səyyidin (G. Mövlud), Xasiyyət Rüstəmovanın (A. Azalp), Xurşud Dövranın (S. Babullaoğlu) şeirləri və Xeyrəddin Sultanovun “Ya cəmşid!” (M. Nur), Əbdülhəmid İsmayılın “İki qocanın tarixçəsi” (P. Yusif) adlı hekayələri toplanmışdı.Əlaqələrin davamı olaraq 2006-cı ildə “Turan çələngi” kitabının təqdimat mərasimi, 2007-ci ildə Əlişir Nəvainin “Mizan ul-ovzan” əsərinin tərcüməsinə və “Şərq təranələri”nə həsr edilmiş gecə təşkil olunmuşdu. 2007-ci ildə Akif Azalp “Turan havası” kitabını, 2009-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyi və “Vektor” Uluslararası Elm Mərkəzi Rəsmiyyə Sabirin tərcüməsində Xasiyyət Rüstəmin “Qorxunc” seçmə şeirlər kitabını nəşr etdi. 2010-cu ildə Ağacəfər Həsənlinin tərtib və redaktorluğu ilə islam ölkələri şairlərinin şeirlərindən ibarət “Sevgi fəsli” kitabı çap olundu, kitaba Azərbaycan şairlərinin tərcüməsində özbək ədəbiyyatından seçmələr də daxil edildi.2019-cu ildə Şahista Kamranlının tərcümə etdiyi Qoşqar Narqabilin “Xoşbəxtliyin bazarı varmı, yaxud beş dul və bir rəis” pyesi Almaz Ülvinin ön sözü və Əkbər Qoşalının rəyi ilə çap olunub. Xasiyyət Rüstəmin 2020-ci ildə Bakıda çap olunan “Leyli ağaclar” kitabındakı şeirləri Afaq Şıxlı, “Gündəlik” bölümünü Eluca Atalı və Şermurad Sübhan özbəkcədən dilimizə uyğunlaşdırıblar. Onun redaktorluğu ilə yayımlanan “Kitab dünyası” qəzeti də mədəni əlaqələrin inkişafında xüsusi rola malikdir.Bunlarla yanaşı, Azərbaycan ədəbiyyatının Özbəkistanda nəşri də gündəmdən düşməyib. İlk dəfə 2014-cü ildə Məhsəti Gəncəvi, Heyran Xanım, Xurşudbanu Natəvan şeirlərindən ibarət “Eşq içində pərvanələr” kitabı Aydın Hacıyevin tərcüməsində özbək oxucularına təqdim olunmuşdur. Kitabın məsul katibi professor Həmdulla Baltabayev, tərtibçiləri isə Almaz Ülvi və Yaşar Qasımbəylidir. Həmçinin 2014-cü ildə çap olunmuş “Ömürdən uzun gecə” ədəbi-bədii kitabında Azərbaycan yazarlarının əsərləri də yer alıb. 2016-cı ildə isə Daşkənddə “Özbək ədəbiyyatı və Azərbaycan (tədqiqatlar, ədəbi portretlər, söhbətlər)” kitabı çap edilmişdir.Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2018-ci ildə “Cümhuriyyət ili” münasibəti ilə başladılmış nəşr layihəsində “Ozarbayjon Demokratik Respublikası va mustaqıllık davrı Ozarbayjon adabıyotı” adlı kitab özbək dilində çap olunmuşdur. Nəşr Alxan Bayramoğlunun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat” adlı əsəri və Ramiz Əskərin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabları əsasında hazırlanmışdır. Bu kitab Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, “Termez Universiteti” qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı, tərcüməçi Obidjon Şofiyev tərəfindən özbək dilinə uyğunlaşdırılıb.
2018-ci ildə Azərbaycan və özbək dillərində Daşkənddə çap olunan “Özbək şeir çələngi”nin tərtibçisi və uyğunlaşdıranı Şahməmməd Dağlaroğlu və Şəhla Qasımovadır. Həmin nəşrə məsul Əkbər Qoşalı, redaktor Fərid Hüseyndir. “Özbək şeir çələngi”nin məsləhətçiləri Qənirə Paşayeva və Samir Abbasov, rəyçiləri akademik Nizami Cəfərov və professor Almaz Ülvidir.
2019-cu ildə özbək şairlərinin Nəsimi haqqında yazdığı şeirlərdən ibarət “Məndə sığar iki cahan” kitabı da işıq üzü görüb. Həmçinin Cəlil Məmmədquluzadənin hekayələri Osman Quçkarın tərcüməsində akademik İsa Həbibbəylinin ön sözü ilə 2019-cu ildə “Poçt qutusu” adı ilə Daşkənddə “Mümtaz” nəşriyyatında çap olunub.
Vurğuladığımız kimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu istiqamətdə apardığı işlər də danılmazdır. 2019-cu ildə İnstitutda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının (iki dildə) təqdimat mərasimi keçirilib. Eyni zamanda Akademik İsa Həbibbəylinin 70 illiyi münasibətilə Özbəkistanda yayımlanan “Ustoz” dərgisinin xüsusi buraxılışını Almaz Ülvi və Yaşar Qasımbəyli nəşrə hazırlayıb çap etdirmişdir. Xüsusi buraxılışın məsul katibi professor Həmdulla Baltabayev, tərcüməçisi Obidjon Shofiyevdir.
2019-cu ildə Maqsud Şeyxzadənin 110 illiyi Azərbaycanda və Özbəkistanda qeyd edilib, həmin il “İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı ədibin 110 illiyi münasibətilə AMEA Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən akademik İsa Həbibbəylinin elmi redaktorluğu və ön sözü ilə çap olundu.
2020-ci ildə AMEA Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Əlişir Nəvainin “Hikmətli sözlər” əsəri Azərbaycan və özbək dillərində çap olunub. Əsəri Almaz Ülvi, Yaşar Qasımbəyli, Akif Azalp tərcümə ediblər. 2020-ci ildə İnstitutda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə birlikdə Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunmuş “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” adlı Beynəlxalq elmi konfrans keçirilib.
Bu iki ölkənin ədəbi əlaqələrini müstəqillik işığında gözdən keçirərkən belə bir təəssürat yaranır ki, sovet dövrünün beynəlmiləlçilik təbliğatının əksinə olaraq Azərbaycan-özbək ədəbi əlaqələri türk kökəninə əsaslanaraq inkişaf edib. Müstəqillik illərində həyata keçirilən sanballı işlər möhkəm özül daşlarına söykənir. Belə ki, hələ sovet dövründən əsərlərin tərcümə və nəşr işlərində kifayət qədər irəliləyiş vardı.