BU GÜNLƏR BÜTÜN AZƏRBAYCAN QARABAĞDIR

 

Qarabağın ən böyük şəhəri olan Ağdam öz ölkəsinə qovuşur. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 nömrəli Qətnaməsində irəli sürülmüş Ağdamın işğaldan dərhal azad olunması tələbi hələ də yerinə yetirilməmişdi! 27 il!

İndi Azərbaycan Ordusunun qəhrəmanlığı və möhtərəm Prezidentimizin iradəsi ilə şəhər öz sahibinə qaytarılır. 1984-cü ilin rəsmi siyahıyaalınmasına görə o vaxt ətraf kəndlər nəzərə alınmadan Ağdam şəhərində 300 nəfərə yaxın erməni, 30 min nəfərə qədər azərbaycanlı yaşayırdı. Erməni silahlı qüvvələrinin işğalından sonra şəhər başdan-başa xarabazara çevrildi. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdı.

Bu şəhərdə mənim də çoxlu qohumum, tanışlarım vardı. Babam Abdulla Əbdülxaliq oğlu Abdullayevin məzarı da buradadır. Moskvadakı növbəti çıxışımdan sonra bizimkilərdən kimsə “lütfkarlıqla” demişdi ki, guya mən yalan danışıram, babam Bakıda dəfn olunub. Doğrudan da belədir, amma Bakıda (Pirşağıda) dəfn edilən mənim ana babam Kərbəlayi Dəmirqaya Hacı Ramazan oğludur. Orada mənim sevimli nənəm, dayılarım və dayıdostularım, xalalarım, dayıoğlularım, xeyli başqa qohumlarım var. Anam bakılıdır. Dünyanın bütün guşələrində bakılıların yüzlərlə qohumları yaşayır. Sadəcə, hər bir normal insanın iki babası, iki nənəsi olur! Babamın Ağdamdakı evi Qorki küçəsində idi. 1941-ci ildə mənim böyük əmilərim – Süleyman və Qulu Abdullayevlər Ağdamdan müharibəyə gediblər. Onların uğrunda həlak olduqları böyük ölkənin bir hissəsi də doğma Ağdam şəhəri idi. Yarım əsrdən sonra mənfur qonşular bu şəhəri dağıdıblar. Ağdamdakı qəbiristanlıqda ən böyük abidələrdən biri oradakı doğum evinin baş həkimi Antonina Qriqoryevna Artamanovanın şərəfinə ucaldılmışdı. Onlar babamla ailəlikcə dost olublar. Onun əri bütün Azərbaycanda tanınan həkim Georgi Qulumbəyov imiş. Bu da bizim multikulturalizmimizin bir nümunəsidir. Osetin ərlə onun rus arvadı Ağdam tarixində iz qoyub gediblər. Əmim Bahadurun qayınanası Sitarə xanım Musəvi həmin doğum evinin baş akuşeri idi. Mən ömrüm boyu onun kimi həyatsevər və şən insan görməmişəm. Hamımızın ona çox böyük rəğbəti vardı.  Bütün şəhər bilirdi ki, Artamanovanın qəbirüstü abidəsini də o ucaltdırmışdı. 50-ci illərin sonundan 80-ci illərin ortalarınadək Ağdamda doğulmuş insanların, demək olar ki, hər biri Artamanovanın və Sitarə xanımın “əllərindən çıxıb”. Allah rəhmət eləsin.



Atam vəfat edəndə mən, demək olar, ağlamadım, kədər içində donub qaldım. O qədər də sentimental insan deyiləm. Amma bu gün ağladım. Heç bilməzdim ki, mənə belə təsir edəcək. Əmimin həyat yoldaşı sağdır. Bu hadisə onun özü, övladları və nəvələri üçün, yəqin ki, ən böyük xoşbəxtlikdir. Bu qadın bu şəhərdə baş verən bütün hadisələrin canlı şahididir. Bu gün sevinən təkcə qarabağlılar deyil! Qarabağ Azərbaycandır. Bu günlər bütün Azərbaycan Qarabağdır! Biz qayıdırıq! Bu dəfə həmişəlik!

Mənbə: https://ayb.az/