Şəfa Vəli (Vəliyeva Şəfa Elxan qızı) 1988-ci ildə Göyçə mahalının Basarkeçər rayonu Dərə kəndində anadan olub. Azərbaycan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirib (2005-2009).
“Buta-II” “Regionlardakı yazar qadınlarla görüş” seminarının (2012) və DGTYB-nin təşkil etdiyi “Regionlardakı gənc yazarların Bakı görüşü” adlı festivalın (2013, 2014), DGTYB-nin “Ədəbiyyat, təsviri sənət, musiqi və gənclik” layihəsinin iştirakçısıdır. 1-4 may 2014-cü ildə Eskişehirdə keçirilən “Yunus Əmrə buluşması” elmi simpoziumunun iştirakçısıdır.
“Gənc qələm sahibləri-2014” layihəsində “Ən adi şəkil…” hekayəsi ilə qaliblərdən biri olub. AYB-nin nəzdində fəaliyyət göstərən “Gənc ədiblər məktəbi-2”nin dinləyicisi olub (2013-2015).
Azərbaycan Yazıçılar Birliyinin (2014) və Dünya Gənc Türk Yazarlar Birliyinin (2014) üzvüdür. Prezident təqaüdçüsüdür. Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb (2016). İki kitab-“Ümiddən olan qurbanlar” (esse və hekayələr, 2009), “Poçtalyona məktub” (şeirlər, 2017) kitablarının müəllifidir.
“525-ci qəzet”in 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda keçirdiyi “Ülvi Bünyadzadə-50” şeir və esse müsabiqəsində “Anamın boyat dərdi” essesi ilə qalib olub (2019).
AYB Gənclər Şurasının üzvüdür. AYB-nin mətbu orqanı olan “Ulduz” dərgisinin redaksiya heyətinin üzvüdür. AYB-nin XIII qurultayının iştirakçısıdır (2022).