Ağayarov Şərif Ziyadxan oğlu (Şərif Ağayar) — şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2013-dək).
Həyatı
Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayon Ağbulaq kəndində anadan olub. 1980-1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və “Panarama” qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb.
Fəaliyyəti
2000-ci ildə mədəniyyət və ədəbiyyat sahəsində yazılar yazmaq və xüsusi buraxılışlar hazırlamaq üçün “Yeni Azərbaycan” qəzetindən dəvət alıb. 2003-cü ilin sonlarına qədər burada fəaliyyətini davam etdirib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2003-cü il 20 noyabrda “Kino+” qəzetinin baş redaktoru təyin olunub.
1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi “Xəlil Rza Ulutürk” mükafatına, 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə “Gənclər mükafatı”na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub.
2002-ci il 21-28 oktyabr tarixində TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Malatya şəhərində keçirilən türkdilli ölkələrin və xalqların III Şairlər Buluşmasında Azərbaycanı təmsil edib.
2003-cü ildə “Vektor” Elm Mərkəzinin təşəbbüsü ilə “Səhra məsnəvisi” adlı şeirlər kitabı, 2010-cu ildə isə Milli Kitab Mükafatı layihəsi çərçivəsində ilk onluğa düşən “Kərpickəsən kişinin dastanı” povesti və “EL” nəşriyyatında “Aftafalı antrakt” proza kitabı, 2011-ci ildə “Qanun” nəşriyyatının “Ən yeni ədəbiyyat” seriyasından “Haramı” romanı, 2013-cü ildə “Zero” nəşriyyatının “Cib kitabları” seriyasından “Pozuq fotoşəkillər” şeirlər kitabı və “Yazıçı” nəşriyyatında “Xanım T.” hekayətlər kitabı çap edilib.
2008-2013-cü ilədək Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib. Hazırda redaktor kimi fəaliyyət göstərir.
Yaradıcılığı[redaktə]
Yazdığı xalq şeirləri və epik şeirlər (“Namaz”, “92-nin mayı”, “Palata”, “Qardaş”, “Mizrab dırnaqları boyasız”, “Sivilizasiyon”, “Küləklərə qarışır ahım”, “Pişikgöz Anar” və s.) oxucuların və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib.
Eyni zamanda “Daxal”, “Dimanın qeydləri”, “Evimiz”, “Balabəy”, “Corcinin evi”, “Anaxanım”, “Laçınsız ilk gün”, “Mənə elə gəldi ki, gülməli əhvalat danışır”, “Hərbi-siyasi məsələ” hekayələri, “Kərpickəsən kişinin dastanı” povesti, “Haramı” romanı gənc nəsil yazarlar arasında ona özünəməxsus yer qazandıra bilib.
Yaradıcılığı barədə Ələviyyə Babayeva, Elçin Əfəndiyev, Vaqif Yusifli, Rəşad Məcid, Adil Mirseyid, Mahir Qarayev, Əsəd Cahangir, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Tofiq Abdin, Akif Əli, Qanturalı, Elnarə Akimova, Elnarə Tofiqqızı, Nərmin Kamal, Sima Ənnağı, İradə Musayeva, Kənan Hacı, Cəlil Cavanşir və başqa tanınmış qələm adamları maraqlı məqalələr yazıblar.
Əsərləri adətən www.kultaz.com saytında yayımlanır. Saytın kitabxanasında bir neçə hekayəsi yerləşdirilib.
TÜPÜRMƏK
Tüpürmək insanın mənəvi aurasına ən kəsərli müdaxilə üsuludur.
O həm də strateji manevrdir. Görmürsünüzmü, Şekspir, Cavid, Səməd Vurğun və yaxud teatr pafosu ilə yazan digər dramaturqlar birdən qayıdırlar ki, tfu sənə ey, nə bilim nə! Tfu!!! Söz bir az səs effektindən zəifdir. Başqa xalqları bilmirəm, bizdə ürəkdən gələn tüpürcəyin səsini sözə çevirmək mümkün deyil. Bəlkə elə ona görə biz yaxşı tüpürə bilmirik!
Rəvayətə görə Teymurləng İldırım Bayazidi əsir alandan sonra onu qızıl qəfəsdə saxlayır, böyük hörmətlə yanaşırmış. Hərdən kefinin saz vaxtı çağırıb dünyanın gəliş-gedişindən sorğu-sual edir, onu ələ salırmış. İldırım Bayazid də balaca adam olmadığı üçün öldürücü tənələrin altında boyun bükmür, mümkün qədər qürurunu saxlamağa çalışırmış. Bəzən yürütdüyü ağıllı müddəalar Teymurun xoşuna gəlir, xoşuna gəldikcə bu qoca, şikəst və xəstə manyak daha da əsəbləşir, əsəbləşdikcə öz sultan-əsirini daha artıq alçaltmaq istəyirmiş. Bir gün Bayazid nə deyirsə, Teymur dözmür, qəzəblə onun sifətinə tüpürür. Bayazidin ürəyi partlayır!
Təsəvvür edin, o boyda taxt səltənəti yerlə-yeksan olan üstəlik quş kimi qəfəsdə bəslənən cahangir bütün bunlara dözür, adi bir tüpürcəyə yox! Yaxud Cəlalın məşhur filmdə haqlı olaraq Gəray bəyin üzünə tüpürməsi… Bu sütül oğlan hər şeyini kayb edib əzabla öldürülsə də, adi bir jestlə gözümüzdə qalib olaraq qalır. Gör bu yerdə nə yadıma düşdü: hansısa ölkədə uzağa tüpürmək yarışı keçirilir. Şəxsən mən insan münasibətlərinə ciddi təsir edən bu mayenin belə boşuna axıdılmasının tərəfdarı deyiləm.
Başqa bir rəvayətdə mənim kimi əbləh azarkeşlər ərinmədən Aristoteli bir milyonçunun evinə qonaq aparırlar. Bəlkə də yazıq filosof heç getmək istəmirmiş… Milyonçu qızıla qərq olmuş sarayı ilə öyünür, hər köşə-bucağı böyük filosofa öz üstünlüyünün xüsusi əlaməti kimi təqdim edir. Birdən Ərəstun kişi, eləmə tənbəllik, milyonçunun üzünə tüpürür. Və əlini sifətinə aparıb sual dolu nəzərlərini ona dikən ev sahibinə deyir:
– Müəllimlərim mənə öyrədiblər ki, tüpürcəyin gələndə, ən natəmiz yerə tüpür, incimə, mən sənin evində sifətindən daha idbar bir yer görmədim.
Bu əhvalatı isə həqiqətən baş verdiyi üçün heç vaxt unutmuram: Məmmədəmin Rəsulzadədə şəkər xəstəliyi varmış və ağzı quruduğundan tez-tez tüpürürmüş. Hadisələrin dramatikliyi nakam liderin səhhətinə pis təsir edir və tüpürcəklərin sayı artmağa başlayır. Onunla təzə tanış olan gənc bir xanım bu adətinin səbəbini soruşanda Rəsulzadə gülümsəyir:
– Biz bu dünyaya tüpürə-tüpürə gəlmişik, tüpürə-tüpürə də gedəcəyik…
Qaynar.info