ŞEİR VƏ DUYĞULARIN SƏNƏTKARI, ARZULARIN SƏSİ

Bəhiyyə xanımla ilk tanışlığım Bakıdan Şəkiyə gedən avtobusda baş tutdu. Bəxtiyar Vahabzadənin 98 illiyinə həsr olunmuş beynəlxalq konfransa qatılmaq üçün yola çıxmışdıq. Yol boyu onun sadəliyi və səmimiyyəti dərhal diqqətimi cəlb etdi. Avtobusda söhbət əsnasında məlum oldu ki, o, bədii qiraət ustasıdır və tədbirdə çıxış edəcək. Şəki şəhərinə çatdıqdan az sonra Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialında konfrans başladı. Bəhiyyə xanımın səhnəyə çıxışı hamının marağına səbəb oldu.  Şeirləri ifa edərkən onun səsindəki məlahət və duyğu dərinliyi auditoriyanı valeh etdi. Hər kəlməsi ilə sanki Bəxtiyar Vahabzadənin ruhunu canlandırır, onun poetik dünyasını bizə yenidən yaşadırdı.

Konfransdan sonra Bəxtiyar Vahabzadənin ev muzeyində keçirilən tədbirə qatıldıq.  Orada da Bəhiyyə xanımın ifası xüsusi rəğbətlə qarşılandı. Muzeyin tarix yazan divarları arasında onun səsi daha da təsirli idi. Şeirləri elə bir hissiyyatla təqdim edirdi ki, sanki şairin özü bizimlə birlikdə idi.

Günün sonunda yerləşdiyimiz otelin həyətində toplaşdıq. Yorğunluğumuza baxmayaraq Bəhiyyə xanımın təklifi ilə kiçik bir ədəbi məclis qurduq. O, müxtəlif şeirlər səsləndirdi və hər bir ifası ilə bizi fərqli aləmlərə apardı. Onun səsi altında ruhumuz dincəlir, gündəlik qayğılardan uzaqlaşırdıq.

Sonrakı günlərdə Bəhiyyə xanımla əlaqəmiz davam etdi. Telefon danışıqlarımızda ədəbiyyat, poeziya və həyat haqqında dərin söhbətlər edirdik. Xüsusilə, “Feysbuk” üzərindən onun paylaşımlarını izləmək mənim üçün böyük zövq idi. Hər paylaşımı ilə yeni bir bilgi öyrənir, onun incə zövqünü və geniş dünyagörüşünü daha yaxından tanıyırdım.

Bir dəfə Bəhiyyə xanımın “Feysbuk”da paylaşdığı bir video diqqətimi çəkdi. O, Nizami Gəncəvinin bir qəzəlini ifa edirdi. Onun təqdimatında qəzəl sanki yeni rəng almışdı. Şeirin hər misrasını elə ustalıqla çatdırırdı ki, Nizaminin dərin fəlsəfəsi və hissləri ürəyimizə toxunurdu.

Başqa bir paylaşımında isə o, Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirmişdi. Onun ifasında bu şeir vətənə olan sevginin ən yüksək ifadəsinə çevrilmişdi. Səsi ilə vətənimizin gözəlliklərini, tarixini və mədəniyyətini canlandırır, dinləyicilərə qürur hissi aşılayırdı.

Bəhiyyə Nağıyevanın şeir ifa etmə məharəti xüsusi vurğulanmalıdır. Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeirini səsləndirərkən onun səsində üsyan, daxili etiraz duyulurdu. Sanki şairin qəlbindəki təlatümü bizə yaşadırdı. Nəbi Xəzrinin “Dəniz, göy, məhəbbət”, “Qəlbimdə qaldın” şeirlərini isə elə səsləndirdi ki, hər misrada dalğaların pıçıltısı, sevginin dərinliyi və göylərin ənginliyi hiss olunurdu. Sanki onun səsi dənizin səsi ilə ahəng təşkil edir, dinləyicini uzaqlara aparırdı.

Bəhiyyə Nağıyevanın İradə Əlilinin “Səninlə fəxr edir xalq, millət” şeirini səsləndirməsi, xüsusilə, yaddaqalan oldu. Bu şeirdə Ulu Öndər Heydər Əliyevə olan sonsuz sevgi və ehtiram dolğun şəkildə öz əksini tapmışdır. Bəhiyyə xanım bu şeiri elə qürur hissi ilə səsləndirdi ki, sanki Heydər Əliyevin möhtəşəm irsi, onun vətən üçün gördüyü misilsiz işlər gözlərimiz önündə canlandı. Bəhiyyə xanımın səsində dərin minnətdarlıq, vətənpərvərlik və xalqın liderinə olan ehtiramı hiss olunurdu. Şeirin hər misrasında Ulu Öndərimizin adı çəkildikcə dinləyicilərin gözlərində iftixar hissi parlayırdı. Bəhiyyə xanım şeiri səsləndirərkən, sanki onun qəlbindəki vətən sevgisi dinləyicilərin qəlbinə sirayət edirdi. Hər kəlmədə xalqın birliyi, ölkənin inkişafı və Heydər Əliyevin tarixi rolu vurğulanırdı. Bu ifa yalnız bir şeir oxunuşu deyildi, bu, bir tarix dərsi, bir vətənpərvərlik mesajı idi.

Bəhiyyə xanımın ifasında Bəxtiyar Vahabzadənin “Durna qatarı” şeiri də xüsusi rəğbət qazandı. Şairin həsrət, yurd sevgisi və keçmişə olan nostaljisini elə bir incəliklə çatdırdı ki, dinləyən hər kəsin qəlbində qəriblik duyğusu oyandı.

Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirləri səsləndirərkən, hər kəlmə və hər sətir ruhumuza dərindən toxunur, qəlbimizdə sonsuz  hüzur və ehtiram oyadırdı. Bəhiyyə xanımın səsi, nəinki sadə bir oxuma tərzi ilə, həm də bir qəhrəmanın ruhuna duyulan dərin sevgi və ehtiramla dolu idi. O, sanki şəhidlərimizin ruhları ilə əlaqə quraraq onların hər birinə ölməzlik və əziz xatirə bəxş edirdi. Oxuduğu hər söz döyüş meydanında canlarını fəda edən vətən övladlarının əziz xatirəsinə olan sevgi ilə yoğrulmuşdu. Hiss olunan bu səmimi və içdən gələn səs şəhidlərin ruhlarını qanadlandırır, hər birimizə onların qəhrəmanlıqlarını bir daha xatırladırdı. O an hər birimiz Bəhiyyə xanımın oxuduğu şeirlərin köməyi ilə şəhidlərimizin varlığını daha dərindən hiss edirdik, onları bir daha yad edərək məhəbbət və ehtiramla anırdıq.

Bəhiyyə xanımın sadəliyi və səmimiyyəti onun sənətində də öz əksini tapır. O, şeirləri ifa edərkən təbii və səmimi olur, dinləyicilərlə dərhal əlaqə qurur. Onunla keçirdiyim hər an mənim üçün dəyərli xatirədir. Onun sənətinə olan sevgisi və peşəkarlığı mənə ilham verir, ədəbiyyata olan marağımı daha da artırır.

Bəhiyyə xanım ilə tanışlığım mənim üçün böyük  şansdır. Onunla keçirdiyim hər an, dinlədiyim hər ifa mənim üçün unudulmazdır. Onun sənətinə olan bağlılığı və səmimiyyəti hər kəs üçün nümunə olmalıdır. Ümid edirəm ki, Bəhiyyə xanımla dostluğumuz və əməkdaşlığımız uzun illər boyu davam edəcək, birgə yeni layihələrə imza atacağıq.

Bəhiyyə Nağıyeva illərin sınağından keçmiş sənətkar qəlbinin, poeziyaya olan tükənməz sevgisinin və sözün sehri ilə yoğrulmuş bənzərsiz səsinin daşıyıcısıdır. O, təkcə şeiri səsləndirmir – o, şeiri yaşayır, yaşadır, onu bir ürək döyüntüsünə, bir xalqın nəfəsinə çevirir.

Bəhiyyə xanım, sizə ən səmimi və dərin, xoş arzularımı çatdırıram. Şeirə olan sevginizi, duyğularınızın dərinliyini və hər ifanızla bizə verdiyiniz enerjinin qiymətini sözlə ifadə etmək çox çətindir. Həyatınızdakı hər uğur, hər addım sizin daha da yüksələcəyinizə inam yaradır.   

Mənə və ətrafınızdakı insanlara verdiyiniz dərin mənəvi dəstəyə görə çox minnətdaram. Həyatınızın hər anı sevgi və uğurla dolu olsun, əziz Bəhiyyə xanım! Doğum gününüz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm! Sizə sağlam və mənalı ömür, sonsuz ilham, yeni yaradıcılıq zirvələri arzulayıram. Hər zaman dəyəriniz bilinsin, sözünüz eşidilsin, səsiniz daim qəlblərə yol tapsın!

Sizin kimi sənətkarlar zamanla yox, yaratdığı dəyərlə ölçülür: söz yaşadıqca, sənət də, sənətkar da unudulmur!

Doğum gününüz mübarək, dəyərli Bəhiyyə xanım!

Abdullayeva Məlahət

Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti

“Heydər Əliyev-100” media mükafatı laureatı