Şəhidlər xiyabanında bir ana gördüm
(Ad günündə şəhid olmüş Adik Sepxanova həsr edirəm )
Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,
Sinəsində qarlı qış, kipriklərində qırov.
Dünən bir ana gördüm, gözlərində qəm-qüssə,
Fəryadından ürəyi olmuşdu hissə-hissə.
Odlara qalamışdı oğul dərdi ananı,
Qəm oduna atmışdı oğul, dərdə yananı.
Ölüm günü,ad günü bir tarixə yazılmış,
Ananın sinəsindən bir daş kimi asılmış.
Qarşımda ana sanki buz heykələ dönmüşdü,
Yaşamaq, həyat eşqi gözlərində sönmüşdü.
İntizardan, xiffətdən ana saralıb, solmuş,
Həsrət seli qəlbindən axıb gözünə dolmuş.
Danışdıqca ananın dodaqları əsirdi.
Oğul dərdi ananı şaxta kimi kəsirdi.
Başında qara örpək. əynində qara paltar,
-Oğlum özü alıbdı,-dedi,-məndən yadigar.
Hər gün bu geyim ilə görüşünə gəlirəm,
Nisgilimi, dərdimi soyuq daşla bölürəm.
Evim muzeyə dönüb onun şəkillərindən.
Təkcə o şəkillərdən təsəlli tapıram mən.
Oğlum bir oğul idi, istiqanlı, mehriban,
Dediyim hər kəlməmə cavabı olurdu,”can”.
Ad gününə az qalmış ona hədiyyə aldım,
Şirin qoğal bişirib, adına süfrə saldım.
Gözləyirdim yolunu əziz xələf oğlumun,
Adı özündən şirin, sözü şəkər noğlumun.
Səhər-səhər həyətdən gələn səsə boylandım,
İki əsgər soruşdu, adımı dərhal andım.
Tələsik qaça-qaça tez yüyürdüm həyətə,
-Kimsiniz? Kim lazımdır? Tez qarışdım söhbətə,
Biri ürkək baxışla üzümə baxıb xeyli,
Gözlərin dikib yerə, axır dindi gileyli.
-Biz cəbhədən gəlmişik, necə deyim ki, Adik-
-Ağır yaralanıbdır….
-Necə? Nə dedin? Yox yalandı, balama,
Güllə dəyməz heç zaman o qəhrəman oğluma…
Yaşarmış gözlərimə göründü tabut bu an,
Analarsız hər şeyi həll eləyirmiş zaman.
Ahım çaxdı göylərə, dağılmadı göy nədən?
Amansız ölüm idi, məni belə göynədən,
Oğul verdin, ay Allah, neçə il bundan öncə,
Sənə dualar edib, bürünmüşdüm sevincə.
İndi bu ad günündə mənə paymı göndərdin?
Bəslədiyim qönçəmi qıyıb necə tez dərdin?
Ahım çatmadı əfsus, nə yerə, nə də göyə,
Tabutu qucaqladım,-Yaşın mübarək- deyə.
Oğul deyən dillərim dilim-dilim soyuldu,
Yandı bağrım nalədən için-için oyuldu.
Dan yeri tək söküldü ürəyimin telləri
Son nəfəsdə oğlumun nə söyləyib dilləri.
O susuz dodaqları pıçıldayıb nə deyib?
Ürəyindən nə keçib, görəsən nə söyləyib?
Yığışdı dostları, qonşular ad günündə,
Ona ehsan verdilər, balamın şad günündə.
Necə dözüm ay Allah, necə dözüm bu dağa?
Ad günündə oğlumu tapşırıram torpağa!
Yenidənmi doğuldun Şəhid qoyuldu adın?
Vətən! Qoy sənin olsun bu qəhrəman övladın.
İgid doğuldu oğul, Şəhid doğuldu oğul,
Vətənin alovunda yanıb kül oldu oğul.
Qoy, sevinməsin düşmən, oğlum ölməyib mənim,
Oğlum Şəhiddir deyə, Ana kimi öyünüm!!!
“ Dəli bir ağlamaq keçir könlümdən”
Alı Mustafayev
Dağlar boyda həsrət bitib gözümdə,
Qasırğası, tufanı var izimdə,
Gör nə vaxtdır gecədir gündüzüm də,
El dağıldı, oba köçdü yerindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.
Gör nə qədər biçilmişik zəmi tək,
Dəryalarda qərq olmuşuq gəmi tək,
Telli sazın qəm oxuyan simi tək,
Köklənmişəm “Kərəm” üstə zilindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.
Nəvaxtdı ki, dağlarımı qar almır,
Dənə dolub sünbüllərim saralmır,
Yaralarım sağalmır ki, sağalmır.
Palıd idim, qopulmuşam kökümdən,
“Dəli bir ağlamaq keçir könlümdən”.
Vətən dərdi bir dərdimi min eylər,
Həsrət axıb sinəm üstdən sel eylər,
Harda qaldı buz bulaqlar, güneylər?
Vulkan kimi püskürürəm içimdən,
“Dəli bir ağlamaq keçir könlümdən”.
Xocalı yanğısı, Şuşa yanğısı,
Kəlbəcərin qan harayı, qan səsi,
Sızlayır Ağdamın “Şur”u, nəğməsi,
Ağ dünyanın baxıb gecələrindən,
“Dəli bir ağlamaq keçir könlümdən”.
Tər-tər çayım Arazlaşıb, ay Alı!
Dərdim yaman dənizləşib, ay Alı!
Qarabağım Təbrizləşib, ay Alı!
Karvan getdi, el ayrıldı köçündən,
“Dəli bir ağlamaq keçir könlümdən”