Qaratikan kolu
Yaxın qohumlarımızın birinin evinə qonaq getmişdik. Uzaq rayonların birində yaşıyırdılar. Xoş əhval-ruhiyyədə idik. Bir-birimizin dərdindən- sərindən xəbər tutub, keçmişlərimizi yada sala-sala istirahət edirdik. Evin kişisi bir neçə il olar ki, rəhmətə getmişdi. Bayramqabağı olduğundan onun kənd qəbiristanlığındakı məzarını ziyarət etməyi lazım bildik. Bəli, yığışıb ora getməli olduq.
Qəbiristanlığa girib salavat verdikdən sonra onun məzarına üz tutduq. Allahdan rəhmət diləyib, dualar etdik. Yazıçı olduğumdan fikirlərim dolaşıq idi. Sanki kolda, hər daşda bir məna axtarırdım. Bütün qohum qəbirləri, Şəhid qəbirləri ziyarət etməyi özümüzə borc bildik. Birdən nəzərimi uzaqda lap təpənin başında tənha bir qəbir cəlb etdi. Qəbirin yalnız köhnə uçulub dağılmış bir baş daşıı var idi. Üstündə isə qəribə bir qaratikan kolu bitmişdi. Bu kolun özünəməxsus gözəlliyi var idi. Sanki bir rəssam əliylə çəkilmişdi. Nə isə…
Mən həmin qəbrə sarı üz tutdum. Elə ora təzəcə yaxınlaşmışdım ki, birdən qulağıma qəribə səs gəldi. Bu bir ananın səsi idi. Hardan gəldiyini anlaya bilmirdim. Qəbrə yaxınlaşdıqca səsin də yaxınlaşdığını hiss etdim. Yanılmamışdım, səs qaratikan kolundan gəlirdi. Mən vahimələndim. Bir anlıq harda olduğumu unutdum. Özümü ələ almaq istədim, lakin bacarmadım. Uzaqlaşmaq istəyəndə həmin səs dönüb-dönüb məni çağırdı. “Hara gedirsən mən də sənin kimi bir anaym, məni dinlə”. Mən özümü ələ alıb, bu qaratikan kolunun səsinə qulaq asmağa başladım. Səs inildəyirdi.-
“Mən bir atılmış anayam. Aman-zaman bir oğlum var idi. Onu min bir əzabla böyütdüm. Saçımın birni ağ, birni qara hörüb, oğlumu ali təhsilli elədim. Yoldaşım vaxtsız dünyasını dəyişmişdi. Onun atasız olduğunu hiss etdirməmək üçün tay-tuşundan əskik geyinməyə, az yeməyinə razı olmadım. Min bir nazı-nemətlə böyütdüm. İstədiyi qızı da alıb, gözəl toy elədim. Bütün qohum-qardaş yanında balamı urvatlı elədim. Balam isə…
Evləndikdən bir il sonra məni aparıb kimsəsizlər -qocalar evinə qoydu. O gündən mən tənhalaşdım. Oğlum arabir yanıma gəliridi. Get-gedə bu gəlməyin arası yavaşıdı. Birdən də ayağı tamam kəsildi. Mən həmin gündən sonra özümü yalqız hiss elədim. Oğul deyən dillərim lal oldu. Qəlbim əzablar içində boğuldu. Onun niyə belə etdiyini başa düşə bilımədim. Axı, mən oğluma nə pislik eləmişdim. Onu hər arzusuna, diləyinə çatdlrmışdım. Oğlum məni tamam yaddan çıxardı. Mən oğul deyə-deyə qocalar evində kimsəsiz bir ana kimi can verdim. Tabutuma özgələr girmişdi. Mənim ölümümü eşidən oğul nə üstümə gəldi, nə də heç cənazəmə də girdi. Ruhum cammatın içində onu axtarırdı. Fəryadım göyə çəkildi. Harayım göylərin bağrını yardı. Demə, əzabla böyütdüyüm oğul məni birdəfəlik yaddan çıxarmışdı. Ondan ötəri ürəyim sızıldayırdı. O vaxt torpağa qoyulandan Allaha yalvardım ki, məni bir qaratikan kolu elə, gəlib-gedənlərə dərdimi danışım. İndiyənə qədər heç kəs məni yad etməyib. Birinci dəfədir ki, məni siz yad edirsiniz. Elə darıxmışdım ki…
Bir gün oğlumu ruhlar məskənindən yad eləməyə getdim. Oğlum çox gözəl bir dövran sürürdü. Gözəl həyatı, günü-güzəranı vardı. Heç yadına da belə düşmürdüm. Salamat olması üçün Allah şükr edib, küskün halda qayıtdım məkanıma. İlahidən onun mənə qarşı niyə belə etdiyini başa düşə bilmirdim. Axı, oğlum niyə mənə nankor çıxmalıydı. Yəni o, bir vaxt da tapıb qəbrimi ziyarət edə bilməzdi? Heç olmasa torpağım sakitlik tapardı. Hər dəfə onu beləcə yad etdim. Artıq övladları böyümüşdü. Üç oğul atasıydı. İki oğlu uzaqda, bir oğlu isə yanında idi. Günlərin bir günü yenə oğluma baş çəknəyə getmişdim. O, çox fikirli, dərdli idi. İstədim yaxınlaşıb soruşam, ancaq bacarmadım. Axı, bu mən deyildim, ruhum idi. O, məni görmürdü, mən isə onu yaxşıca görürdüm. Birdən balaca oğlu ondan soruşdu:
-Ata, deyirsən ki, babamız müharibədə ölüb. Bəs nənəmiz? Axı, bizim anamız olduğu kimi sənin də anan olub. Bəs, o, hardadı? Niyə onu yad eləmirsən?
Nəvəmin verdiyi bu sual ürəyimcə olsa da, oğlumun bu fikirli halında istəmirdim, onun yarasına toxunsun. Ancaq o yaradan böyüyü mənimlə idi. Bilmirdim, o məni niyə atdı, birdən-birə. Onun isə niyə fikirli olması mənim üçün də maraqlı idi. Oğlum çox fikirli halda başını yuxarı qaldırmadan:
-Oğul, həyatda elə bir səhvə yol vermişəm ki, özümü bağışlaya bilmirəm. Anamın mənə çəkdiyi əziyyətləri sənin ananın bir kəlməsinə qurban verdim. İndi görürsən nə gündəyəm, nə canım sağalır, nə də ruzim artır. Anan da öldü getdi. Allah mənə bəxş etdiyi sizdən başqa nə vardısa hamısını aldı. Hələ sonrasını bilmirəm. Mən anamı nə üzlə yada salım. Sizin ananız məni anamdan döndərdi.
Balaca oğlu atasını qucaqlayıb, ona dırmaşdı.
-Ata, gedək nənəmin yanına ondan üzr istəyək.
-Yox, oğul, nənənin yaralarını qanada, ruhunu narahat edə bilmərəm. Qoy rahat yatsın. Artıq hər şey gecdir. Düzü heç yerini də bilmirəm. Kimdən soruşum ki, anamın qəbri hardadır?
-Yəni o, ölüb. Ata, bəs sən necə oğulsan ki, onun ölümündə də getməmisən. Anam kim idi ki, onun sözüylə belə nankorluq etmisən? Mən nənəmin yerinə olsam, səni heç zaman bağışlamaram.
Ruhum öz məkanına qayıtdı. Ancaq rahat ola bilmirdim. Oğlumun tapdığı xəstəlik məni narahat edirdi. O, məni atsa da, mən onu ata bilmirəm. Bu küskün ruhumla onu fikirləşirəm. Necə olsa da, anayam, axı…
Qaratikan kolu necə əsirdisə, sanki güclü bir külək var idi. Bütün bunları gözlərimlə görürdüm. Birdən qolumdan kiminsə tutduğunu görüb, ayıldım. Sanki yuxuda idim. Qaratikan kolundan ayrıla bilmirdim.
-Gedək Fazilə bacı, artıq gecdir. Qaranlıq düşür.
Mən o ana haqqında soruşmaq istəsəm də heç nə dilimə gətirə bilmədim.
Təkcə bir şeyi fikirləşirdim, Axı, oğulları belə nankorluğa vadar edən kimdi. Aldıqları qızlarmı?! Axı, o qızlar da sabah qaynana olacaqlar. Yox, oğul, oğul olsa, yad qızı kimdi ki…
Xəyaılmda, yuxunda “qaratikan koluyla” tez-tez danışırdım. Elə hey onu düşünürdüm. Bir gün yenə dayana bilməyib o kəndə qohumgilə getdim. Maraqlanıb xəbər aldım. Ananın uzaqda yaşayan həmin oğlunun ağır xəstəlikdən uzun müddət yataraq vəfat etməsini, üç oğlundan isə heç birinin tabutuna girməməsindən xəbər tutanda qəlbim ağrıdı. Atalar düz deyib, “Nə tökərsən aşına, o da çıxar qaşığına”.
Ananın qəbrini ziyarət etdim. Qaratikan kolu solmuşdu…Mənimlə daha dərdləşmədi…