-İnsan zamana əsirdi… Ya da yox… Zaman-məkan anlayışı duyğular üçün mənasızdır… Özümüzdən elə tablolar uydururuq ki, obrazları realda bizə tamam yad olan insanlardı. Bəlkə, onlar bizə maraqlı, bu qədər əziz olduğu halda biz onlar üçün mənasızıq… Maraqsızıq… Bəzən, hətta, dəyər verib özümüzdən çox istədiyimiz insanlar bizə yuxarıdan baxır… Oradan bizi necə görürsə, təbəssümündəki kinayədə əzilirik, qırılırıq… Çilik-çilik oluruq… Amma, öz xəyalımızda çox tez küsüb-barışırıq xəyali obrazımızla… Ondan incimək də, küsmək də darıxana qədərdi… Lap azca darıxana qədər…Ağılla ürəyin vuruşması başlayır…Hərəsi öz qılıncını sıyırır… Uzun mübarizədən, nəhayət, qalib çıxan zaman-məkan anlayışı olur. Yəni, ağıl zəfər bayrağını başı üstünə qaldırır, ürək isə acılarla dolur, daşır… Gözdən süzülür bu acılar…Ağlayarıq…Belə, sağolun… Anlatmağa çalışdım…
Telefonu keçirib gülümsədi. Yox, deyəsən, bu qızın sözləri xoşuna gəlmişdi. “Bəlkə, onlar bizə maraqlı, bu qədər əziz olduğu halda biz onlar üçün mənasızıq…” Cümləni özlüyündə təkrarladı Tural…Dilinə gətirməsə də, açıq deməsə də o qızın “əziz adam”ının özü olduğunu anlamışdı…Bunun səbəbini tapmırdı. Cəmi bir dəfə üz-üzə gəlmişdilər. Adı təsadüf, özü zərurət olan bu bircə dəfə qarşılaşmaq hər ikisinin həyatında qəribə bir təzad yaratmışdı. Onlar iki yad, doğma insan idilər… “Doğma yad”… Hər ikisi bir-biri üçün “sirli qırxıncı otaq” idi. Bu otağın açarını özlüyündə hər ikisi gizlətmişdi. Ancaq hər ikisi də bu sirri bilməyə can atırdı.
Tural özünü anlaya bilmirdi. Ancaq deyəsən, o qızı anlamağa başlamışdı. O qız Turala böyük dəyər verirdi. “Onu özündən çox istəyirdi”… Dediyindən belə anlamışdı Tural…Bəs Tural? Bax bunu bilmirdi…Bu sualın cavabını tapmırdı…
Çətin sualın qarşısında özünü yormaq istəmədi belə…Sevdiyini düşündü…Aysel üçün darıxdığını hiss etdi. Dörd gün olardı ki, görüşmürdülər. O, işi ilə əlaqədar rayona getmişdi. Bu gün qayıtmışdı, hələ görüşməmişdilər. Telefonu açınca ilk zəngi Ayseldən gözləsə də, yad qız onu qabaqlamışdı. Özlüyündə hər ikisini müqayisə elədi. Ayselin uzun, qara saçları vardı. O qızın isə saçları elə bil gəlincik saçı idi. Açıq palıdı, nazik…Nənəsi belə saçlar haqqında danışanda “hörüyəgəlməz” deyirdi.
Yenə darıxdı Aysel üçün. Sevimli rəqəmləri sığalladı…Ayselin telefonu məşğul idi. Gələndən bəri divanda uzanıb qalmışdı. Yolun yorğunluğunu çıxarırdı canından. Ancaq Aysel üçün darıxmağı mürgülü gözlərini oyatdı, dumanlı beynini aydınlatdı. Ayağa durub cəld geyindi. Qaçaraq qapıdan çıxdı. Həyəcanlıydı. İlk dəfə idi ki, Ayseldən bu qədər-dörd gün ayrı qalmışdı. Bu dörd gündə bəlkə dörd yüz dəfə Ayselin saçlarını xəyalında tumarlamışdı.
Qarşıdakı binanın həyətinə çataraq balaca şam ağacının yanında dayandı. Ayselgil məhz bu binada, üçüncü mərtəbədə yaşayırdılar. Onların qonaq otağının pəncərəsi düz bura açılırdı. Burdan o pəncərəyə baxmaq belə onu xoşbəxt edirdi. Tural yenə Ayselin nömrəsini yığdı. Yenə xətt məşğul idi. Gözlərini pəncərəyə dikdi. Açıq çəhrayı rəngli pəncərəni külək yelləyirdi. Düşündü ki, bu pərdəni Aysel, görəsən, necə ütüləyib? Yəqin onun anası kimi qatlaya-qatlaya ütüləyib ki, qırışmasın. Amma külək necə də zalımdır…İndi pərdəni pəncərənin çərçivəsindən eşiyə-içəri atıb qırışdıracaq…
Tural hiss etdi ki, zaman çox asta keçir…Bəlkə də dayanıb…Aysel üçün darıxdığı hər an zaman anlayışı gen gəlirdi ona…Aysellə yaşadığı zamanlara isə sığa bilmirdi. Elə tez keçirdi ki, saatlar…Yenə Ayselə zəng etdi. Bu dəfə telefon çağırırdı.
-Alo?
-Ayselim…
-Ürəyim…Gəlmisən?
-Necəsən? Axı sən bilirdin bu gün gəlməyimi…
-Şükür…Darıxmışdım…
-Pəncərəyə bax…
-Uzanmışam…Yorğunam…
-Külək pərdələrinizi qırışdırır…Əziyyətlə ütüləmisən…
-Dəli…Gəlirəm…
Beş dəqiqədən sonra şam ağacıyla sağollaşıb əl-ələ həmişəki doğma ünvana, yaxınlıqdakı kiçik restorana gedirdilər…Eyni yerdə, qapıdan girincə soldakı ikinci stolda oturardılar…Tural üzü qapıya oturardı həmişə…Bu dəfə də elə oturdular…Pendirli, toyuq ətiylə pizza sifariş verdilər…
Tural əlini atıb Ayselin uzun, qara saçlarını sığlladı…Fikrindən keçdi ki, qızın saçını azacıq dartıb onu cırnatsın…Lakin, tez əlini çəkib gülümsündü…İki il idi ki, bir-birlərini sevirdilər. Ancaq bir dəfə də olsun beyninə bu fikir gəlməmişdi. Çox darıxdığındandı deyəsən…Ancaq saçlar Ayselin üzünün sağ tərəfindün sürüşür, azacıq qıvrılır, elə bil Turalın acığına qızın gözlərini örtməyə çalışırdı. Yenə əlini uzatdı. Qara saçları sığalladı, sonra Ayselin boynunun ardına atdı:
-Belə yaxşıdı-dedi…
Aysel isə sakitcə gülümsəyirdi. Onun da darıxdığı hiss olunurdu. Ala gözləri sevgiylə parıldayırdı. Bu parıltı üçün də darıxmışdı Tural…Qızın saçını əlindən buraxmayaraq başını azca irəli əydi, pıçıldamağa başladı:
Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyalə gözlər!
Aysel qəhqəhə çəkdi:
-Sən canın, bunu da rayondamı öyrəndin?
-Hə…Mən də Qazaxdanam axı…
-Qazaxlılar oxuyur bunu?
-Hə…Səməd Vurğunun şeiridi…
-Mənə yazıb yəqin…
-Yox, mən sənə həsr edirəm.
-Mən sənə nə həsr edim bəs?
-Sən də mənə bir şeir yaz…
-Mən? Get fanatlarına de yazsın…-Aysel yenə bərkdən güldü. Qonşu stoldakı qızlar dönüb baxdılar. Aysel gülərək pıçıldadı:
-Bax, o da fanat ordusu…
Tural özünü elə xoşbəxt hiss edirdi ki…Artıq söz tapmırdı. Ofisiantın yaxınlaşmasına sevindi. İndi də pizzanı yeyə-yeyə gülürdülər.
Restorandan çıxanda da Tural əlini qara saçlardan çəkmədi. Elə bil bu saçlara dolanmaq, ordaca ölüb qalmaq istəyirdi. Bu saçlar onu ölümə səsləsə də gedəcəyinə and içmişdi ürəyində. Ayseli evlərinə yola salanda da həmişəki kimi alnından deyil, saçlarından öpdü Tural…
Evə gəlincə də saçları düşündü…Yatdı, yuxuda da qara saçları gördü. Çox qəribə yuxu idi.
Elə bil ağlayırdı qara saçlar. Utanırdı ondan. Elə bil böyük bir günaha batmışdılar, indi yağış kimi göz yaşları yağdırırdılar ki, təmizlənsinlər, günahlardan arınsınlar. Amma olmurdu. Tural əl atıb o saçları tutmaq istədi. Əli çatmadı. Ha can atdısa barmağı ilə də toxuna bilmədi. Saçlar elə bil dil açıb yalvarırdı ki, məni bağışla…
Yuxudan ayıldı. Ürəyi bərk döyünürdü. Soyuq tər bürümüşdü Turalı. Qorxmuşdu yuxusundan. Səhərin açılmağına çox vardı. Ayselə zəng vurmaq istədi. Sonra fikrindən daşındı. Yəqin yatır, oyatmaq istəmədi. Durub geyindi, həyətə düşdü. Şam ağacının yanına gəldi, Ayselgilin pəncərəsinə baxdı…Qaranlıqda bircə pərdənin yellənməsini seçə bildi. Bir az durub geri qayıtdı. Evə girmək istəmədi. Ürəyindəki narahatlıq keçmirdi. İstər-istəməz Ayselin nömrəsini yığdı. Xətt məşğul idi. Elə bil bədənindən cərəyan keçdi. Qaçaraq şam ağacının altına gəldi. Pəncərəyə gözünü dikib baxdı. Az sonra Aysel özü ona zəng etdi. Telefonu açınca səsindən özü də diksindi:
-Kimlə danışırsan?
-Heç…
-Heç nədi, Aysel?
-Ürəyim, sən mənim ürəyimsən, mən də sənin ruhun…Səni yığırdım…
-Niyə?
-Yuxumu qatmışdım…
Turalın səsi yumşaldı:
-Mən də pis yuxu gördüm…
-Nə gördün?
-Saçların ağlayırdı…
-Saçlarım əlin üçün darıxır…
-Onlara əlim çatmadı…
-Bəlkə də…
-Sən də eyni yuxunu görürdün?
-Yox…Amma əlin çatmadı…
-Nədən bildin bəs?
-Nəyi?
-Əlim çatmadı saçlarına…
-Tural…Sabah restorana gəl…Həminki yerə, saat 2-də…
-Axı mən işdə olacam…
-Tamam…İşdən çıxanda gəl…Saat 7-də…
-Oldu…Yat…
-Sən də…
Səhər işdə qara saçların xəyalıyla günü başa vurdu Tural…Amma, ürəyində narahatlıq vardı. Qara saçların göz yaşları gözünün önündə canlanırdı tez-tez…İşdən vaxtından tez çıxdı ki, 7-də restoranda olsun.
Qapını açınca “öz yerləri”nə baxdı…Aysel arxası qapıya oturmuşdu həmişəki kimi…Onunla üzbəüz oturan oğlanı isə tanımırdı. Oğlan onu görüncə əlini Ayselin sağ yanağına apardı…Onun yanağını sığallayıb saçlarını boynunun ardın atdı:
– Belə yaxşıdır, Aysel-dedi.
Tural yerindəcə donmuşdu. Bu saçlar… Qara saçlar günaha batmışdı… Yuxusunu indi anladı… Sağ tərəfdə dönər hazırlayan oğlanın əlindəki bıçağı almaqla stola tərəf cummağı bir oldu. Oğlan diksinib ayağa qalxdı. Qorxusundan rəngi ağardı… Aysel isə arxaya dönməyə imkan belə tapmadı. Tural cumub Ayselin saçlarından yapışdı. Bir çəngə bıçaqla kəsib bıçağı yerə tulladı. Saç əlində qapıdan eşiyə çıxdı. Sürətlə oradan uzaqlaşdı… Beynində isə bu sözləri təkrar edirdi:
– “Bəlkə, onlar bizə maraqlı, bu qədər əziz olduğu halda biz onlar üçün mənasızıq… Maraqsızıq…”
– “…ağıl zəfər bayrağını başı üstünə qaldırır, ürək isə acılarla dolur, daşır… Gözdən süzülür bu acılar…Ağlayarıq…”