* * *
Çox da gəlhagəldi,baxta güvənmə!
Çox da oturduğun taxta güvənmə!
Dost deyib çoxuna çox da güvənmə,
Dost çıxmaz axırda dost dediklərin.
Bağrının başında şırım açarlar,
Köçəri quş kimi birdən uçarlar,
Səni quru yerdə qoyub qaçarlar
Bir vaxt sağlığına tost dediklərin.
Adının üstündən qara çəkərlər,
Hara istəsələr ora çəkərlər,
Düşsən əllərinə dara çəkərlər
Həddini bildirib “sus”-dediklərin.
Gözlərim böyüməz daha heyrətdən,
Dərd məndən usandı, mən də bu dərddən,
Dəm vurma,əfəndim,bir də qeyrətdən,
Nə oldu… nə oldu bəs dediklərin?!
* * *
A zalım,mən səndən heç nə ummadım,
Nədir istədiyim?! Xoş söz, xoş qılıq.
Hər kəsin sevgiyə ehtiyacı var
Bəlkə də… bəlkə də bircə misralıq.
Onsuz da yolumuz ayrılıb coxdan,
Bir də rastlaşmarıq çarpaz xətt kimi.
Bəlkə də nə varsa unudacaqsan
Çoxdan unudulmuş bir adət kimi.
Neyləyim, unuda bilmədim səni,
Mənimçün əzizdi o sevda, bu qəm.
Neyləyim,sevəndə -sevdim ürəkdən,
Sevməsəm… sevməsəm,yaza bilmərəm!