Şair-publisist Hikmət Məlikzadənin çağdaş ədəbiyyatımızda özünəməxsus yeri var. Onun ədəbi düşüncələri, yazı manerası digər yazarlarımızdan seçilir. Bəlkə də bu, yaradıcılığında ədəbi tənqidə daha üstünlük verməsindən irəli gəlir. Halbuki 15 elmi-publisist kitabın, 3 şeir kitabının və onlarca elmi məqalələrin müəllifi kimi ədəbi mühitdə çoxdan möhkəmlənə bilib. O, həm də gənc nəsildən olan yazarlarımız arasında bir növ körpü rolunu da oynayır. Onun “Hansı janr və formada, hansı ölçüdə yazırsınız yazın, amma yazdıqlarınız ədəbiyyat olsun, ədəbiyyatı yaradın” çağırışı da gənclərə yönəlib.
Beləliklə, “Ədəbi düşüncə” rubrikasında “Həftə içi”nin suallarını Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “Xəlil Rza” mükafatı laueratı Hikmət Məlikzadə cavablandırır. Müsahibimiz söhbətə müasir ədəbi mühitdəki durğunluqdan, bunun səbəblərindən başlayır:
– Bəllidir ki, Azərbaycan ədəbiyyatı uzun müddət sovet ədəbiyyatı çərçivəsində özünəməxsus pillələrdə var-gəl edə bilirdi. Nəticə etibarilə güclü qələm sahibləri yetişirdi. Biz onları gördük, oxuduq və ara-sıra təhlilərə cəlb etdik. Baxmayaraq ki, sovet ədəbiyyatı müəyyən çərçivədə olsa da, xüsusi maraq kontekstində cərəyan edirdi, ədəbiyyat üçün arzuolunan səviyyə özünü göstərə bilirdi. Onda sual olunur: bəs, bu gün sərbəst çərçivəli ədəbiyyatımız hansı səbəbdən ümumi inkişafa cavab vermir? Səmimi etiraf edək ki, son 30 ilin ədəbi çək-çevirləri bir növ klançılıq mahiyyəti daşıyır. Sanki bir qrup şəxs maraq əhatəsinə çıxarılacaq qələm adamını güclü təbliğata cəlb etməklə bizə tanış ədəbiyyat üfüqlərində azmançı cığır açmaq istəyir. Məsələn, yaxından, uzaqdan barmaqla göstərilən Ramiz Rövşən ədəbi xülyası, az qala poeziya allahına çevrilmiş Salam Sarvan “hasarı”, yaxud rəngli üfüq fonunda qabardılan Çingiz Abdullayev “bəşərililiyi” bu gerçək mexanizmin məqsədli formalarından biridir. Əslinə qalsa nə Ramiz Rövşən, nə Salam Sarvan, nə də digərləri mövcud və bir qədər də boyasız ədəbi reformaların ictimai xarakterini aça bilmək gücünə malik deyillər. İctimai fəlsəfədə belə bir cərəyan var – iddia istedadın qatı düşmənidir. Açığı, adlarını çəkdiyim bu qələm sahibləri özlərinin poetik təbəddülatlarını iddia ilə əhatələyirlər. Bu səbəbdən onların poeziyası özlərindən xəbərsiz çərçivə daxilinə düşüb. Məsələn, həm Ramizin, həm də Salamın indi yazdıqları yarıbayarı əvvəl yazdıqlarının kopiyasıdır. Yaxud gənc ədəbi mühit israrçı bir iddia ilə ədəbiyyata hücum çəkib. Bu həmlənin sonunda böyük bir boşluq durur.
– Mənasız iddialar ədəbiyyatı uçuruma yuvarlayacaqsa, müasir gənc nəslin bu tərzdə yetişməsinə lüzum varmı?
– Ədəbi ovqatlı, poetik düşüncəli gənclərimiz var. Lakin onlar da müəyyən mənada “ədəbiyyat klanları”nın şinelini geyindikləri üçün bədbəxtdirlər. Yəni müasir ədəbiyyat bu çək-çevirdə heç nə əldə edə bilmir və nəticədə ədəbi mühitdə zəifləmə, parçalanma, geriləmə yaranır. Ədəbiyyatdakı durğunluğa gəlincə, bunun səbəblərindən biri qələm adamlarının boğazdan yuxarı təqdimatıdırsa, digər səbəb ədəbi tənqidin satın alınmasıdır. Tam səmimi deyirəm ki, bu gün heç bir ədəbi tənqidçi ədəbiyyat xatirinə təhlil aparmır.
– Sizçə, niyə? Nədən irəli gəlir bu?
– Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, hazırkı sosial asılılıq ədəbi mühitdəki durğunluğun və geriləmənin əsas səbəbidir. Burada vicdanın yarıya qədər azalması istisnadır. Necə ki, həkim “Hipokrat” andı içir, eləcə də ədəbiyyatçı Alahın “ol!” kəlməsinə könül verməlidir. Əks təqdirdə ən aparıcı tənqidçi belə, adi bir cızma-qaraçını Bəxtiyar Vahabzadə səviyyəsində tərifləməyə məhkumdur. Unutmayaq ki, 30-40 il bundan əvvəl yetişmiş görkəmli şair və yazıçılarımız məhz sovet ədəbi tənqidinin təsirindən dünya səviyyəsi qazanıblar. Müasir ədəbi tənqidin 40 il sonra üçün Məmməd Araz yetişdirəcəyinə inanmıram. Konkret desək, bugünkü ədəbi tənqid sadə bir mədhiyyə xarakteri daşıyır.
– Məgər indiki gənc nəslin içərisində gələcəyin Məmməd Arazı yoxdur?
– Məsələ burasındadır ki, bugünkü nəsil özündən əvvəlki nəslə oxşamağa çalışmamalıdır. Necə ki, hər kəsin öz adı var, eləcə də qoy hər kəsin öz ədəbi-poetik yolu olsun. Əgər belə olmayacaqsa, sabahkı gün üçün barmaq uzadacağımız kimsə olmayacaq.
– Çoxları mütaliənin vacibliyini vurğulayırlar. Siz də belə düşünürsünüz?
– Əslində mütaliə müəyyən mənada həm lazımdır, həm də buna ehtiyac yoxdur. Birinci səbəb gənc yazar tövsiyə əsasında, tutaq ki, Salam Sarvanı oxumağa məcburdur. Əmin olaq ki, həmin gənc bir-iki aya Salam Sarvana oxşayacaq, ya da onun ədəbi üslubunu təkrar edən bir yazara çevriləcək. Belə bir gəncə ədəbiyyatın heç bir ehtiyacı yoxdur. İkinci səbəb mütaliə ədəbiyyata sürətli mənimsəmələr, oğurlamalar, təkrarlama və hətta təqlidçilik gətirir. Belə hallarda da ədəbiyyat məhvə məhkumdur. Ən dəhşətlisi odur ki, mütaliə müasir mühitdə ədəbi ifadələri korlayır. Təəssüf doğuran bir hal da odur ki, iqtidar müxalifəti qəbul etmədiyi kimi, hazırkı ədəbi mühit də tənqidi qəbul etmir. Çünki əsəbi tənqid ictimai mənasını demək olar ki, itirib. 30-40 il əvvəl tənqid tərbiyə vasitəsiydi, bu gün o düşmənçilik faktıdır. Mən özüm irili-xırdalı onlarla şair və yazıçının yaradıcılığı barədə elmi-filoloji yazılar qələmə almışam. İndi onların çoxu yazdığım qərəzsiz tənqidə görə mənə düşmən kəsiliblər. Burada, haradasa sevinməli məqamlar da var. Rəhmətlik Bəxtiyar Vahabzadə yaradıcılığına etdiyim səmimi tənqidi yanaşmaya görə mənə təşəkkür yollamışdı. Hətta “Respublika” qəzetinin redaksiyasında ünvanıma xoş söz deməklə bir məsləhət də vermişdi: “Çalış həmişə bir sifət tənqidçi ol”. Yəni böyüklük tənqidi başa düşmək və onu həzm etməkdir. Təəssüf ki, indi ədəbi sabahına inanmaq istədiyim qələm sahiblərinin əksəriyyəti tənqidə “iqtidar-müxalifət” məsələsi kimi baxır. Halbuki Belinskinin fikrincə desək, onlar bir şeyi unutmasınlar – axı, tənqid böyük tərbiyə vasitəsidir.