default

Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələri arasında Aşıq Abbas Tufarqanlı xüsusi yer tutur. Şeirlərində “Qul”, “Şikəstə”, “Bikəs” təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları-XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır.
Abbas Tufarqanlının adıyla bağlı olan “Abbas-Gülgəz” dastanı da Azərbaycan folklorunun qiymətli nümunələrindəndir.
Abbas Həsən oğlu XVII əsrin başlanğıcında (təxminən 1600-1605-ci illərdə) Təbriz yaxınlığında Tufarqan kəndində doğulmuşdur. Təbriz yaxınlığında yaşayan Abbas mükəmməl təhsil almışdır. Şeirlərindən də aydın görünür ki, Abbas ana dili ilə yanaşı, fars və ərəb dillərini də öyrənmiş, bu dillər vasitəsilə həm zəngin bilik əldə etmiş, həm də müxtəlif təriqətlərə bələd olmuşdur.
Həmin dövrdə Təbrizdə və onun ətrafındakı kəndlərdə aşıq sənəti geniş yayılmışdı və zəngin saz-söz məclislərində yetişən Abbas özü də aşıqlıq sənətinin sirlərini öyrənmişdir. Tufarqanlı Abbasın əsərləri və bioqrafiyası öz dövründə yazıya alınmasa da, bir sıra cünglərdə və əlyazmalarda mühafizə olunmuş lirik şeirlərindən, haqqında yazılmış çoxvariantlı dastanlardan onun həyatı barədə müəyyən məlumat almaq mümkündür.

OLMAZ

Bir gözəl oxladı məni,
Belə əbru-kaman olmaz.
Göydən huri-mələk ensə,
Onun kimi qılman olmaz.

Kabab yanar gözü ilə,
Danış yarın özü ilə,
Müxənnətlər sözü ilə,
Yar ha yardan yaman olmaz

Aşıq Abbas, yana-yana,
Yandı bağrın döndü qana,
Bir namə yaz Tufarqana,
Daha səndən aman olmaz.

GƏLMƏDİ

Oğrun yollara baxmaqdan,
Bağrım qan oldu, gəlmədi.
Ağlamaqdan eynim yaşı,
Bir ümman oldu, gəlmədi.

Mənim yarım boyu bəstə,
Dərdindən olmuşam xəstə,
Gözüm qalıbdı yol üstə,
Yenə dan oldu, gəlmədi.

Dağların qarı söküldü,
Axdı, çaylara töküldü,
Abbas deyər, bel büküldü,
Qədd kaman oldu, gəlmədi.

YANDIRAR

Bəd övladı əzəl başdan tanıram,
Çör-çöp yığar, yad ocağın yandırar.
Səhər durar ar-namusun gözləməz,
Suyu tökər, öz ocağın söndürər.

Ulğun cuşa gəlsə, köpük yağ olmaz
Söyüd bar gətirsə, bağça, bar olmaz
Zibil təpə olsa, güllük dar olmaz,
Yel əsəndə alçaqlara endirər.

Abbas bu sözləri deyər sərindən,
Arxı vurun, suyu gəlsin dərindən,
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.

OLMAZ

Özündən kiçiyi işə buyurma,
Sözün yerə duşər, heç miqdar olmaz.
Hər nə ki, kar görsən öz əlinlə gör,
İnsan öz işində cəfakar olmaz.

Özündən böyüyün saxla yolunu,
Düşən yerdə soruş ərzi-halını,
Amanat, amanat qonşu malını,
Qonşu yox istəyən, özü var olmaz.

Soruşun, Qul Abbas, halın necədir?
Gündüzlərim ay qaranlıq gecədir.
Sərv ağacı hər ağacdan ucadır,
Əsli qıtdır, budağında bar olmaz.

BƏYƏNMƏZ

Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər da qaynananı bəyənməz.

Adam var ki, getməyəsən işinə,
Adam var ki, dolanasan başına,
Adam var ki, ayran tapmır aşına,
Dindirərsən, yağlı nanı bəyənməz.

Adam var, dağları gəzər sərsəri,
Adam var, geyinər pustinən dəri,
Adam var, mərfətdən yoxdur xəbəri,
Adam var, sultanı, xanı bəyənməz.

Adam var, dolanar səhranı, düzü,
Adam var, döşürər gülü-nərgizi,
Adam var, geyməyə tapammaz bezi,
Adam var, al geyər, şalı bəyənməz.

Adam var, çox işlər eylər irada,
Adam var ki, yetə bilməz murada,
Adam var ki, çörək tapmaz dünyada,
Adam var, yağ yeyər, balı bəyənməz.

Adam var ki, adamların naxşıdı,
Adam var ki, anlamazdı, naşıdı,
Adam var ki, heyvan ondan yaxşıdı,
Dindirərsən, heç insanı bəyənməz.

Adam var dəstinə verərsən güllər,
Adam var, gözünə çəkəsən millər,
Tufarqanlı Abbas, başına küllər,
Nə günə qalmısan, qarı bəyənməz.