eyvaz zey
AzVision.az yazıçı Eyvaz Zeynalovla müsahibəni sizə təqdim edir:

– Eyvaz müəllim, ilk mətbu yazınızı necə xatırlayırsınız?
-“Qəlibə sal” adlı ilk hekayəm orta məktəbin 9-cu sinfində oxuyarkən Ağdamda çıxan “Lenin yolu” qəzetində çap olunub. Sevincimin həddi-hüdudu yox idi. Bir günün içində əməlli-başlı məşhurlaşmışdım.
– Siz yaradıcılığa sovet dövründə başlasanız da, 90-cı illərdə təxminən on il yazmağa ara vermisiniz. Bu, nə ilə bağlı olub?
– Orta məktəbi bitirən kimi o zamankı Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsinə qəbul olundum. Oranı qurtaran kimi təzədən məktəbə qayıtdım. Bir ildən sonra bütün bunlar məni bezdirdi, evdən xəbərsiz Rusiyaya üz tutdum. Müxtəlif şəhərlərdə yaşadım, zavodlarda çalışdım, SSRİ-nin hər tərəfini dolaşdım. Yaşadığım iri şəhərlərdə rus yazıçıları ilə tanış oldum. Onlarla bərabər hekayələrimi rus dilinə çevirib elə oralardaca qəzetlərdə çap etdirdim. 80-ci ildə geri qayıtdım, evləndim və birdəfəlik Ağdamda qaldım. 80-cı illərin ortalarından respublika mətbuatında dalbadal çap olunmağa başladım, 90-cı ildə “Yazıçı” nəşriyyatında “Rəngsiz yuxu” adlı povest və hekayələrdən ibarət ilk kitabım işıq üzü gördü. 93-cü il, iyul ayının 23-də ermənilər Ağdamı işğal etdilər. Ailəmi götürüb Bakıya gəldim, Lökbatan qəsəbəsində, hələ tikintisi başa çatdırılmamış bir binada məskunlaşdıq. Bütün bunlar azmış kimi 94-cü ildə öz maşınımda qəzaya düşdüm. İki il qoltuq ağacları ilə süründüm. Qıçımın birini az qalmışdılar kəsələr. Bütün məhrumiyyətlərə rəğmən təzədən ayaq üstə dayanmağa, fəal həyata qayıtmağa özümdə güc tapa bildim. İlk növbədə ailəmi bir tərəfə çıxartmaq, uşaqlarıma bir gün ağlamaq haqqında düşünürdüm. Etibarımı görüb mənə nisyə mal verdilər. Qoltuq ağaclarına dirsəklənərək bir torba xırda-para maşın ehtiyat hissələri ilə 8-ci kilometrdəki keçmiş maşın bazarında alverə çıxdım. Belə bir güzaran yatsam yuxuma da girməzdi. İlk günlər tanışları görəndə üzümü çevirir, gizlənirdim ki, bazarda neynədiyimi bilməsinlər. Arabir qeydlər aparsam da 10 ilə qədər elə bir şey yazmadım. Məskunlaşdığımız Lökbatanda yaxşı ev-eşik düzəltdim, qızımı köçürdüm, oğlumu evləndirdim, bir dükan tikdirdim. Oğlum böyüyüb o dükanda məni əvəz edəndən sonra alverlə birdəfəlik üzülüşdüm, təzədən yazmağa başladım.
– “Əli metroda işləyir” hekayənizin qəhrəmanını həyatda görmüsünüz, yoxsa uydurmadır?
-Maşınla daha rahat olduğuma görə axırıncı dəfə metrodan haçan istifadə etdiyim yadımdan çıxıb. Amma lap əvvəllər metroda belə bir epizodik hadisə, belə bir adam təsadüfən nəzərimi cəlb etmişdi. İçəri girən özündən yaşlıları, əlilləri görən kimi ayağa qalxır, yerini başqasına verir, o düşəndən sonra təzədən əyləşirdi. Heç bilmirəm sonralar necə oldu həmin hadisəni, anı, adamı bir də xatırladım, yazdım. Bir az da uydurdum, ətə-qana doldurdum. Gözləmədiyim halda belə bir hekayə alındı. Oxucuların rəğbətini qazandı.
– “Qisas” romanınız kəskin sosial tənqidi məzmunuyla seçilir. Buna görə təzyiqlərlə üzləşmisinizmi?
– Yox. Kitab oxuyan var? Bir də, indi 37-ci il deyil ki. Amma sualınız dəlinin yadına daş salmağa oxşayır haa…
– “Bələdçi” və “Tələ” romanlarınız erotik səhnələrlə zəngindir. Bu nə deməkdir: oxucu diqqəti çəkmək, yoxsa daxili tələbat?
– Düzü, az da olsa oxucu diqqəti çəkmək də var. Amma əsasən daxili tələbatdan, bir də, romanların özlərinin xarakterindən doğan bir şeydi. Hərdən əsərlərimdə yuxu səhnələrinin çox olduğunu da mənə xatırladırlar. Yuxu da, seks də həyatımızın ayrılmaz hissələridi. Məncə, yuxu görməyən adam normal adam deyil. Hamı yuxu görür, həm də tez-tez, bəzən lap hər gün. Belədisə, əsərlərimdəki obrazların yuxu görməyi niyə qanunauyğun sayılmasın? Bu baxımdan elə romanlarımdakı erotik səhnələr də təbii qarşılanmalıdı. Məncə, normal insanlardan bəhs edən romanlar erotik səhnələrsiz dadsız-duzsuz yemək kimi bir şeydi. Normal oxucunun normal erotikaya həmişə ehtiyacı var. Bunu yalnız hissiz, duyğusuz, yalançı mentalitet azarkeşləri inkar edə bilərlər.
– Son illər bir sıra mükafatlara layiq görülmüsünz. Bunlardan hansı sizin üçün daha qiymətlidir?
– “Əli metroda işləyir”ə görə qazandığım qələbə. Müsabiqədə 100-dən artıq müəllif iştirak edirdi. 1-ci yeri tutdum, noutbuk verdilər. Yazılarımı onda yazıram.
– Qəhrəmanlarınızdan hansı daha çox sizə bənzəyir?
– Sadalamaq istəməzdim. Hərəsində özümdən bir az var. Axı onlar da mənim balalarımdı.
– Uşaq hekayələrindən ibarət kitabınız var. Nəvələriniz yazdıqlarınızı oxuyurmu?
– Əlbəttə. Nəvələrimdən biri 4-cü, o biri 5-ci sinifdədi. Hər iki sinfin Azərbaycan dili və Ədəbiyyat dərsliklərində neçə ildi mənim uşaqlar üçün yazdığım hekayələrdən də xeylisi tədris edilir. Ədəbiyyat dərsliyində yazıçılarımızla bərabər mənim də şəklim, haqqımda qısa məlumat verilib.
– Yaradıcılığınızda ən çox Qarabağ mövzusuna müraciət edirsiniz. Bu qarabağlı olmağınızla bağlıdırmı?
– Yəqin ki. Mən o torpaqda doğulmuş, boya-başa çatmışam. Qarabağla bağlı faciəni yaşamışam. Özümdən asılı olmayaraq dönə-dönə bu mövzuya qayıdıram. “Qarabağ hekayələri” kitabım Türkiyədə türkiyə türkcəsində də çap olunub. Müəyyən bir qismi Gürcüstanda Azərbaycan və gürcü dillərində çap olunan “Uşaq hekayələri və nağıllar” kitabıma da salınıb, bəziləri orta məktəb dərsliklərimizdə yer alıb. Keçən həftə həmin silsilədən “Ərik ağacı” adlı daha bir hekayəmi bitirdim. “Qisas”, “Tələ” romanlarımda da bu mövzudan yan keçə bilməmişəm. Gələcəkdə də bu mövzuya qayıdacağımı düşünürəm. Qarabağ yaralı yerimizdi. Ağrı-acısı həmişə mənimlədi.
– Əsərlərinizdə həyatın dibindəkilərə qarşı çox mərhəmətlisiniz. Bəs, həyatda necə?
– Həyatda da onlara qarşı mərhəmətliyəm. İmkan daxilində, bacardıqca kömək etməyə çalışıram.
Yazıçı vətəndaş olmağa borcludur
– Sizcə, yazıçı vətəndaş olmağa borcludurmu?
– Məncə, borcludu.
– Klassiklərdən kim sizə təsir edib?
– Zaman-zaman hamısı, müxtəlif yöndən, müxtəlif cəhətdən. Ədəbiyyatımıza heç zaman xor baxmamışam.
– Yaşıdlarınızdan və gənclərdən kimləri daha çox bəyənirsiniz?
-Doğrusu, son vaxtlar az oxuyuram, daha çox yazmağa çalışıram. Son illər ən çox oxuduğum Aslan Quliyevin, Əlabbasın, Azadın, Natiq Məmmədlinin əsərləri olub. Bir də, “Şhahbulaq.az” saytıma göndərilən yazıları oxuyuram. Ən çox bəyəndiyim də əvvəl adlarını çəkdiklərimdi.
– Gənc yazarlara nə məsləhət görərdiniz?
– Biz özümüzdən əvvəlkilərə laqeyd qalmadığımız kimi onlar da bizə laqeyd qalmasınlar. Əsərlərimizi oxumaya-oxumaya adımız yaxşılığa çəkiləndə ağız büzməsinlər.
– Yazıçılıq fəaliyyətiniz sizə maddi gəlir gətirirmi?
– Yox, xərci borcunu ödəmir. Kitab mağazalarında yerli müəlliflərin kitablarına ögey münasibət var. Xarici müəlliflərin kitabları çox zaman xüsusi piştaxtalarda, göz qabağında sərgilənir, bizim kitablarımız dalda-bucaqda “gizlədilir”. Sanki bizə görə utanırlar. Ancaq, vallah, səhv edirlər. Handa məşhur xarici müəllifin kitabını təbliğ etməsələr, bizim kitablarımız kimi yarıtmaz satışa çıxartsalar, bizim kitablarımızdan da az satılar.
– Son əsərlərinizdə, xüsusən də “Qarabağ dərdi” hekayəniz və “Qisas” romanınızda modern, hətta postmodern təsvir üsullarına keçirsiniz. Ənənəvi realizm sizə darlıq edirmi?
– Yazanda heç bir üsul haqqında fikirləşmirəm. Hər şeyi yazının özünün ixtiyarına buraxıram. Bunları araşdırmaq, dəyərləndirmək tənqidçilərin öhdəsinə düşür.
– Ədəbi-tənqidin yaradıcılığınıza münasibətindən razısınızmı?
-Ümumilikdə götürəndə razı deyiləm. Əsərlərimə daha diqqətli yanaşmalarını, daha əhatəli, geniş təhlil etmələrini istərdim.
– Nə vaxtsa tarixi, yaxud fantastik roman yazmaq planınız varmı?
– Çoxdan “Yaşıl planet” adlı fantastik bir roman qaralamışam. Ancaq hələ də üzərində axıracan işləyib qurtara bilmirəm. Tarixi roman janrında da özümü sınamaq fikrindəyəm. Xeyli material toplamışam. Görək, qismət olsa, yazacağam.
– Ədəbi mühit üçün səciyyəvi olan heç bir qalmaqalda adınız hallanmayıb: bunu bacarmırsınız, yoxsa istəmirsiniz?
– Həm bacarmıram, həm də istəmirəm. Ümumiyyətlə, mən mülayim adamam. Kiminləsə dalaşdığım, ağızlaşdığım yadıma gəlmir. Bərk incidiyim adamdan küsürəm, vəssalam.
– Adətən deyirlər ki, yazmaqçün əsl vaxt gecələrdir…
– Haçan yazmağa köklənə bilsəm, onda da yazıram. Axı yazıçı çilingər, yaxud dərzi deyil ki, istədiyi vaxt əlini-qolunu çırmayıb işə başlasın. Bəzən günlərlə köklənə bilmirəm, sadəcə, yazı-pozu ilə başımı qatıram. Məişət, ailə qayğıları mane olur.
– Hazırda nə üzərində işləyirsiniz?
– “Ola bilməz” adlı kiçik bir hekayə üzərində. Qışda bir roman yazıb qurtarmışam. “Bələdçi” romanım tipində, ruhundadı. Hekayəni bitirəndən sonra həmin romanımı çapa hazırlamaq fikrindəyəm. Əlbəttə, başqa işlər araya girməsə.

AzVision.az