Adamlar
Neynim, məndən olsa hələ sevmərəm,
Neçəsi dərdimdən ölə, sevmərəm,
Vallah, ağlım olsa belə sevmərəm,
Gen gəzin, dəlidən qaçın, adamlar.
Verirəm, qəlbimi qıran istəmir,
Az qallam qəlbini qıram, istəmir.
Gül-çiçək istəmir, Quran istəmir,
Siz belə ölüdən qaçın, adamlar.
Dənizlər üzülmür can əvəzinə,
Könlüm tikan-tikan şan əvəzinə.
Mən də dərd çəkirəm qan əvəzinə,
Mən təki zəlidən qaçın, adamlar.
Qaldı ortalıqda özbaşına, can,
Kimdir bu işləri başına açan?
Qaçın ey… dünyanın o başınacan
Ruslan Dostəlidən qaçın, adamlar…
Adamı
Ah… bu nə yanğıdır həsrətindəki?
Quşları boğmasın həsrətin təki.
Elə amansızdır, həsrətin təki
Mən yaxşı bilirəm neylər adamı.
Ta o qız atdığım addımı neylər,
Beş-altı hərflik adımı neylər?
Bilirsən ayrılıq adamı neylər:
Kamança dəlisi, neylər adamı…
Səbrin qaba sığmaz, dolçaya sığmaz,
Bu sevgi sən deyən ölçüyə sığmaz,
Qəlbini boşaltsan ölkəyə sığmaz,
Sən ay kənd uşağı, köylər adamı.
Bağlandın mən dərdə, nə işin vardı,
Olmaz bu qədər də, nə işin vardı,
Axı sənin yerdə nə işin vardı,
Ay göylər adamı, göylər adamı?
Yaratdım
Özümə bənzətdim söz şəkillərin,
Dərə şəkillərin, düz şəkillərin.
Yığdım çəkmədiyim qız şəkillərin,
Gözə görünməyən sərgi yaratdım…
Adam var, ömrünü sürüb içimdə,
Adam var, özünü görüb içimdə…
Mən nə yaratdımsa, qərib içimdə,
Yarandı bir qərib vergi, yaratdım.
İstədim Tanrıdan xeyir, düzəltdim,
Gördüm tanrı düzəlt- deyir, düzəltdim.
Mən elə heç nədən şeir düzəltdim,
Mən elə heç nədən sevgi yaratdım…