Şəfa VƏLİ
(Ruslan Dostəli yaradıcılığı)
Ruslan haqqında ikinci yazıdır bu… Birincini onun haqqında elə yazmışdım ki, elə bil məktəbdə inşa yazmışdım… Orda o qədər elmi cümlələr vardı ki… Hər dəfə onu Ruslana oxumaq istədim, hər dəfə də Ruslan nəyləsə xətrimə dəydi… Oxumadım… Yaxşı ki, oxumamışam, qardaşım… İnciməzdin məndən… Axı istəyirəm inciyəsən… İstəyirəm elə sirrini açım ki, küsə biləsən… Ummadığından küsməz adam, qardaşım… Və qərara aldım ki, bu gün üçün tanıdığım Ruslandan yazım…
Ruslan ədəbiyyatın o nümayəndəsidir ki, o heç vaxt mövzu axtarmır… Gördüyü, yaşadığı hər nə varsa, onun üçün yeni şeirdi… Elə bil bir çəmənə qədəm basır, orda nə qədər gül var, hamısını eyni cür sevir… Daha bənövşəni hüsnünə, qızılgülü ətrinə, zanbağı məsumluğuna görə seçmir.. Buna görə də onun varlığından süzülən hər söz, hər hərəkət, uşaqlıq ədası da şeir ola bilir…
Yazmasam…
Yazmasam, qız, sənə küsmək, incimək,
Sənə şeir yazsam mənə iş düşür…
Yox! Ay xanım… Sənin gözəlliyinə
Şeir düşmür, uzaqbaşı “beş” düşür…
Biz “beş”i onda almışıq ki, dərsimizi əzbər bilmişik, misalı düzgün həll etmişik, hər tapşırığı yerli-yerində hazır etmişik… İndi Ruslan bu misralarındaca deyir ki, Tanrının ən gözəl əsəridir bu xanım… Və Tanrı yaratdığı gözəlliklə şair ruhu qarşısında sanki imtahan verir. Axı, şair ruhu elə Tanrının özünə məxsusdur… Deməli, Yaradan öz yaratdığı ilə öz ruhu, eşqi qarşısında özünü sınayır… Və ən gözəl əsəri ilə “beş” alır… Budur, Ruslanın saflığı…
Uşaq məsumluğu… O, qulağına gələn ilahi pıçıltını olduğu kimi barmaqlarının ucuna kimi yaşayır…Barmaqları isə telefonun klaviaturasındakı hərflərə azacıq toxunaraq yeni şeiri bizim hüzurumuzda hazır edir…
Ruslanın elə sözləri var ki, öz aləmində bu kəlmələri elə-belə, vəziyyətə uyğun söyləyir… Və ordaca bitir sanki bu sözlərin sehri.. Yox, qardaşım, yanılırsan… Sənin bir beytin bəsdir ki, pıçıldayam… Və gözlərimi yumub rəngini ayırd edə bilmədiyim hisslərimi kitab kimi oxuyam… Oxuyam…
Bu günkü şam yeməyində,
Şamdan başqa heç nə yoxdu…
Şam ömrü kimi yaşamırıqmı bütün eşqləri biz?- Yaşayırıq… Və şam yeməyi vaxtı, toran qovuşduğu vaxt daxilimizin çırpıntısını deməyə adam gəzirik… Əlacımız olsa qarşımıza çıxan hər kəsə dərddən söylənərik… Amma, əlacımız yoxdu ki… Ona görə bu söyləntilərimiz ancaq bir-birimizə yetir… Qardaş-bacı ikimizin bir-birimizin misralarında nəyin gizləndiyini anladığımız kimi, yəqin ki, bir evdə yaşadığımız qardaş-bacılarımız bilmir, Ruslan… Duymur… Odur ki, evdə hamıdan gizlətdiyini nə məndən, nə də şeirini oxuyub anlayan qələm adamının heç birindən gizlədə bilməzsən… Məmməd Araz bunu çoxdan deyib bilirsənmi ? –
“Anadan, bacıdan gizlətdiyimi,
Kağızdan-qələmdən gizlətməmişəm”…
Sən də şam dərdini demisən bu misralarda… Və sanki bir ömür kitabı yazmısan… Bir də o şeirin var ha…
Sürüdüyüm ömrümün
Sənə kimi eybi yox…
Burda yalan demisən… Elə o “sən”ləri ömrümüzə ona görə qatırıq ki, ondan öncəki eyiblərimizə təsəlli tapaq… Hər gələni gülərüzlə qarşılayırıq ki, ağlayaraq yola saldığımızı tez unutdursun bizə… Unutdurmur ki… Unutdurmur…Və onda da məcbur qalırsan ki, tənha skamyanın birində elə tək-tənha oturub içində ağlayasan… Kirpiklərini bir-birinə elə kilidləyəsən ki… “Kişilər ağlamaz”-deyə öyrənmisən axı…
Çiyninə toxunan əldən diksinib ayılanda isə yanında dayanan tanımadığın adamdan soruşasan:
Qardaş, sən Allah, deməzsən, Cəhənnəm ha tərəfdədi?!
Budur, bax, tanıdığım Ruslan… Budur, onun “özünü döyməyi”…
Ruhunu ovuclarıyla sıxmağı bacarmasa da yumruqlarını gözlərinə sıxıb ağlamayan Ruslan… Və “o qız”a yazdığın ən səmimi iki misra…
Sənə bir şeir yazmışam…
İncimə, səndən qəşəngdi…
Sən də məndən incimə, qardaş… İncimə… Burda təsvir etdiyim Ruslan da səndən qəşəng uşaqdı… Ərköyün, şıltaq… Ədalı… Bütün bunları göstəri edən səmimi, kövrək, özünü günahkar saydığı anda ağlamağa hazır balaca Ruslan DOST ALI