Blog

  • Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş Redaktoru Saqif QARATORPAQ.Həyatı və Yaradıcılığı

    TƏRCÜMEYİ-HAL

    Saqif Qaratorpaq ( Babayev Saqif Qnyaz oğlu) 1963-cü il oktyabr ayının 26-da Qazan ( indiki Ağstafa) rayonunun Köçəsgər kəndində anadan olub.İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb.
    1982-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olub.1986-cı ildə həmin Universiteti bitirib.1999-2003-cü illərdə Qazax Müəllimlər İnsitutunun Tarix fakültəsində ali təhsil alıb.2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.2001-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis üzvüdür.
    Saqif Qaratorpağın ilk şeirləri “Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarında, “Kaspi”, “Avrasiya”, “Yol”, “Ədəbiyyat və İncəsənət”, “Ekspress” qəzetlərində dərc olunub.
    2006-cı ildə “Adiloğlu” nəşriyyatı tərəfindən “Şamın kölgəsi” adlı ilk şeirlər kitabı nəşr olundu.2012-ci ildə “Ünsiyyət” nəşriyyatı tərəfindən “Bir könül varağında” adlı ikinci şeirlər kitabı nəşr olunub.Haal-hazırda Ağstafa rayon Köçəsgər kəndində 1 saylı orta məktəbdə Tarix müəllimi işləyir.Ağstafada fəaliyyət göstərən “Hüseyn Arif” Ədəbi Birliyini n sədridir.
    Saqif Qaratorpaq dövri mətbuat səhifələrində şeirləri ilə ardıcıl olaraq çıxış edib.
    Saqif Qaratorpağın ömrünün sonrakı günlərind əşeirləri Bakı şəhərində “Sözün Sehri”, “Bizim Söz” qəzətlərində, “Ziyalı Ocağı” jurnalında, Mədəniyyət və Ədəbiyyat Portalında dərc olunub.

    XƏNCƏR

    O ki dar ayaqda qoruyub bizi,
    Paxıl ürəklərə tuşlamışıq biz.
    Bəlkə də birinci döyüşümüzü
    Xəncər davasıyla başlamışıq biz.

    Gümüş dəstəyində barmaq izləri,–
    Bilirəm, qorxağın əlinə yatmaz.
    Görsə ürəksizin əsər dizləri,
    Belinə bağlasa, belinə yatmaz.

    Doğrusu, bir azca parıltımız var,
    Qorxub qınımızdan çıxa bilmirik.
    Eh, elə quruca qaraltımız var,
    Bərkə düşən kimi gözdən itirik.

    Tiyəsiz xəncərlər göz qamaşdırır,
    Gizləyə bilmirik «heyrətimizi».
    Yaltaqlar yığılıb «muzey» açdırır,
    Rəflərə qoyuruq qeyrətimizi.

    İtir yavaş-yavaş sözün ovxarı,
    Korşala-korşala tiyəsiz qalır.
    Üstündən ötdükcə vaxtın axarı,
    Gümüş xəncərimiz yiyəsiz qalır.

    Deşir ürəyimi bir dərd xəncəri,
    Dəvanın-dərmanın əsəri olmur.
    Qardaş, korşalanda qeyrət xəncəri;
    Gümüş xəncərlərin kəsəri olmur.

    ÇIYINLƏR

    Çiyinlər öyrəşib həmişə yükə,
    Baharı daşıyıb, qışı daşıyıb.
    Sevdası, qovğası özündən yekə
    Ağıllı, ağılsız başı daşıyıb.

    Çiyinlər öyrəşib həmişə yükə,
    Yorulmaz yollarda dəvələr kimi.
    Gedərik yol boyu tər tökə-tökə,
    Gedər çiynimizdə dünyanın qəmi.

    Gedərik dayanıb, dinşəyib bir az,–
    Torpağın qarğışı tutana kimi,
    Çiynimiz tabuta çatana kimi
    Boyumuz uzanar, ömür uzanmaz.

    Çiynimiz tabuta çatıb dayanar,
    Yox olar dünyanın nağılı birdən,
    Hardasa baxtımız yatıb dayanar,
    İtirrik ümidi, ağılı birdən.

    Yapışar yollara ayaqlarımız,–
    Torpaq ilğım kimi çəkər adamı.
    Çatlayar qəfilcə dodaqlarımız,
    Bir anlıq unudar adını hamı.

    Bir qorxu qıvrılıb yatar ürəkdə,
    Açıb ağartmarıq ancaq heç kimə.
    Sevinci hamıyla bölə bilsək də,
    Dərd var–bölünəsi deyilmiş demə.

    Yaxın olanmazmış heç vaxt özgəsi,
    Hər kəsin bir mərhəm kədəri varmış.
    Hərənin çiynində bir qəm heyvəsi,–
    Hərə öz dərdini tək aparırmış.

    QABAĞIMI KƏSƏN VAR

    Daha səni qaçırası deyiləm,
    Daha yoxdu yollarının qorxusu.
    Anan bilsə çəkməyəcək daha qəm,
    Qaçmayacaq innən belə yuxusu.

    Yuxularım çin olmadı, neyləyim?!
    Nədən oldu?
    Ya taledən, ya baxtdan,
    Sinəm dolu, üzüm gəlmir söyləyim,
    Köks ötürüb boylanıram uzaqdan.

    Arzularım, diləklərim, şüşəydi,
    Sındı qəfil, qəlpə-qəlpə töküldü.
    Səni tale, məni də ki vaxt əydi,
    Sınan qəlbi bacarırsan tik indi!

    Görən sənmi, görən mənmi günahkar,
    Ya ağlımla dil tapmayan ürəyim?!
    Göstər mənə günahsız bir Adam var,
    Tanrı deyim, ulu deyim, pir deyim.

    Daha səni qaçırası deyiləm,
    Daha məndən hər gün uman-küsən var.
    Daha səni ötürəsi deyiləm,
    Bilirsənmi, qabağımı kəsən var.

    DÖYÜŞ

    Döyüşdü…
    Baş düşür yerə:
    insan başı, at başı.
    Meydanda düşən papaqlar
    gəzirlər yiyəsini.
    Meydanda düşən papaq kimi
    düşüb qaldı yurd yeri,
    dönüb də Kim götürər?!

    * * *

    Sən də, mən də
    iki damla göz yaşıydıq.
    Axdıq, axdıq
    bir həsrətin yanağıyla,
    bir vüsalın daş ovcuna
    düşənmədik.
    Nə sən mənə,
    Nə mən sənə küsənmədik.
    Axdıq, axdıq
    ömrümüzdən
    bulud kimi ötüb keçən
    günü, ayı saya-saya,
    Sən bir çaya,
    mən bir çaya,
    bir həsrətin yanağıyla…

    GÖRÜNMƏZ

    Bu sevdanın payızı
    Gətirdimi ayazı?
    Gözlərimdə qəm buzu,
    Əriməz ki, əriməz.

    Bilirdimmi bu istək,
    Çən-dumana düşəcək.
    Qəm düzündə bəxt köşək,
    Yeriməz ki, yeriməz.

    O çağıran kim idi?!
    İtirdimmi ümidi?
    Ürək uşaq kimidi,
    Kiriməz ki, kiriməz.

    Sevda ulu, eşq əzəl,
    Töküldüm xəzəl-xəzəl,
    İtirdiyim o gözəl
    Görünməz ki, görünməz.

    SƏN GEDƏN YOLLARIN

    Sən gedən yolların üzü qürbətə,
    Bir də bu yerlərə gələcəkmisən?!
    Sən gedən yolların üzü həsrətə,
    Geriyə qayıda biləcəkmisən?!

    Üz tutub gedirsən bəs birnəfəsə,
    Axı, bu getməyin qayıtmağı var.
    Hayıf, ayrılığın yolları kəsə,
    Hayıf, ayrılığın yolları hamar.

    Payızda köç edən durna deyilsən,
    Geriyə dönəsən yaz gələn kimi,
    Qəm səni tanıyar, qəmə əyilsən,–
    Tənha bilən kimi, tək bilən kimi.

    Gözlərin yol çəkər, yollar uzanar,–
    Baxdıqca ürəyin sıxılacaqdır.
    Sən gedən yollara qollar uzanar,
    Sən dönən yollara kim çıxacaqdır?

    Üz tutub gedirsən, getməyə nə var;
    Getmək əzab deyil qayıda bilsən.
    Gedirsən, bir ovuc torpaq da apar,
    Gözünə tökərsən məhəbbət ölsə.

    ASFALTA ÇƏKILƏN ŞƏKIL

    O gecə rəssamıydı,
    naşı bir rəssam,
    fırçası dəmirdən,
    Bakının sinəsinə çəkdi şəklimi,
    Ən böyük küçəsinə çəkdi şəklimi.
    Tək bircə şəklim var,–
    nə dostlara yollaya bilirəm,
    nə qohumlara;
    nə də sevgilimə.
    Tək bircə şəklim var,–
    Sinəsində gəzdirəcək vətən.

    ocaq,1990

    AĞI

    Nə vaxtdı bir qəmin başdaşıyam mən,
    Bir qız sevdiyitək qucammaz məni.
    Bir yetim sevginin göz yaşıyam mən,
    O şana kirpiklər tutanmaz məni.

    Qəlbin heyrətindən bir haray doğar,–
    Heyrətim bir kövrək sözü gətirər.
    Yenə Günəş çıxar, Yenə Ay doğar,–
    Sərsəri küləklər yazı gətirər.

    O külək köksümə sığına bilsə,
    Ötən buludları saxladı bəlkə.
    Buludlar məni də yaxını bilsə,
    Sıxıb gözlərini ağladı bəlkə.

    Sonra göy üzündə bir göy qurşağı
    Görüb də qəfilcə dillənəcəksən.
    Sonra da bir ömrün dağdan aşmağı,
    Sonra, sonrasını nə biləcəksən?

    Hərənin öz dərdi öz içindədir,
    Ya mavi təbəssüm, ya gözlərdə yaş.
    Dünya öz işində öz, gücündədir,–
    Yolçu yolda gərək, gəl gedək qardaş!

    19.02.1990

    ÖZKEÇMİŞİM

    Dinc durmayıb dincliyimə daş atdım,
    Mələklərin qanadını qanatdım.
    Arzuların yüyənini boşaltdım
    Sınıq-salxaq arabanın içində.

    Öz ağlımın ucbatından ağrıdım,
    Uzandığım budaqları doğradım.
    Baxtım döndü, bəy quşunu qarğadım
    Tozu qopan xarabanın içində.

    Bu dünyada tənha qalan qurdmuşam.
    Öz səsimi eşidəndə qorxmuşam.
    Yüz keçinin dərisini yırtmışam
    Neçə-neçə barabanın içindən.

  • Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərləri Kamran AYDINOĞLU və Kənan AYDINOĞLUNUN doğum günüdür.

    Bu gün Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərləri Kamran AYDINOĞLU və Kənan AYDINOĞLUNUN doğum günüdür.Bu münasibətlə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya heyəti adından Portalın Rəhbəri kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik. dünyada ən özəl nemət olan can sağlığı Ulu Tanrıdan diləyirik.Azərbyacanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri Kənan Aydınoğlunun müxtəlif illərdə qələmə aldığı ədəbi-bədii nümunələri oxucuların diqqtinə çatdırırıq.

    TƏRCÜMEYİ-HAL

    Murquzov Kamran Aydın oğlu 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.1996-cı ildə Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbin birinci sinfinə daxil olub.Üç ildən sonra həmin məktəbin üçüncü sinfini bitirmişdir.1999-cu il yaşayış yerini dəyişdirdikləri üçün orta təhsilini Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəbdə davam etdirib.2007-ci ildə həmin məktəbi bitirmişdir.2008-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsinə qəbul olub.
    Azərbaycan Ədəbi Elektron Məkanında 2012-ci il fevral ayının 14-də Bakı şəhərində “Çağdaş Azərbaycan Ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalını tə sis edib.Hal-hazırda Azərbaycanın Mə dəniyyət və Ədəbiyyat Portalının Rəhbəri olmaqla bərabər, həm də Portalın dizayneri və tərtibatçısıdır.

    SÖZÜNƏ QURBAN

    Qardaşım Kamrana.

    On yeddi baharda,on yeddi qışda,
    Dediyin hər şirin sözünə qurban!
    Məğrurluq eyləyib igid tək duran,
    Sənin tək igidin yüzünə qurban!

    Anamın dayağı, balası sənsən,
    Mən köçsəm cahanda qalası sənsən,
    Anamın könlünü alası sənsən,
    Cahana od tökən gözünə qurban!

    Dərdimin tapılan çarası kimi,
    Kənanın könlünün yarası kimi,
    Gözünün gah ağı,qarası kimi,
    Sənin gülümsəyən üzünə qurban

    * * *

    Qardaşım Kamrana.

    Koroğludan bu yana nəfəs gəlir, can gəlir,
    O al günəşlə birgə, sökülməmiş dan gəlir.

    Dönür çərxi-fələyin hər bir işi tərsinə,
    Bu gün hücuma keçib, vaxt gəlir, zaman gəlir.

    Yaradanın önündə diz çöküb əyilməyə,
    Əlində “möhür daşı” yeni bir insan gəlir.

    O, vüqarlı dağların başın üstdən çəkilib,
    Yönəlib bizə sarı, çən gəlir, duman gəlir.

    Hələ uzaq səfərdən yorulmayan qonaq tək,
    Bu gün də xoş görüşə qardaşım Kamran gəlir.

    Dekabr, 2009.

    MƏNİ

    Qardaşım Kamrana.

    Qane eyləyir indi
    Qoluma qüvvət verən
    Evim-eşiyim məni
    Körpəlik çağlarımı
    Çox vaxt salır yadıma.
    Taxta beşiyim məni
    Şeirdi nəfəsiylə
    Soyuğa düşən zaman
    Qoymaz üşüyəm məni

    7 sentyabr 2008.

    ALQIŞ VƏ QARĞIŞ

    Qardaşım Kamrana.

    Sənin əməlin,
    Elə indicə
    Layiq görüldü,
    Alqışa, qardaş.
    Sən ömrün boyu,
    Çətin yollarda
    Düşməyəsən heç:
    Qarğışa, qardaş!

    * * *

    Qardaşım Kamrana.

    Bəlkə də əyləşmisən
    Masa arxasında sən.
    Kitabdakı şeiri
    Varaq-varaq oxuyub
    Bir az da yorulmusan.
    Ancaq yorulsan belə,
    Kədərlənmə fəqət sən.
    Çünki qamətli çinar
    Dayanıb sağ-solunda
    Sənə hey, keşik çəkir.

    5 may 2009.Sumqayıt.

    ANAMIN GÖZÜNƏ SƏPİLMİSƏN SƏN

    Qardaşım Kamrana.

    Sən daşdan, mərmərdən bahasan, baha,
    Torpağın özünə səpilmisən sən.
    Kədərdən ayrılıb, sevincə dönüb,
    Anamın gözünə səpilmisən sən.

    İNSANLAR KİMİ

    Qardaşım Kamrana.

    Dəyoşsəm könlümü özgə bir ada,
    Gərək yaşamayım öləm, a qardaş.
    Müqəddəs bayramda insanlar kimi,
    Düşünüb, bir az da güləm, a qardaş.

    HAQQIN QARŞISINDA ƏYİLƏK, QARDAŞ!

    Qardaşım Kamrana.

    Nə qədər ömrümüz var indən belə,
    Haqqın qarşısında əyilək, qardaş!
    Demədim, bədəncə gücsüz önündə,
    Büdrəyib, titrəyib, döyülək, qardaş!

    Yaşayıb bu ömrü verməyək bada,
    Gəlməsin bir cana, bi ruha qada.
    Ən gözəl kəlməni saldıqca yada,
    Yaradan önündə əriyək, qardaş!

    Sevinib, şadlansın böyük bir ölkə,
    Yad hisslər salmasın bu ömrə kölgə.
    Çalışıb-vuruşub səninlə birgə,
    Dünyanı qayğıya bürüyək, qardaş!

    DOLARDI GÖZ YAŞIM, DOLARDI, QARDAŞ!

    Qardaşım Kamrana.

    Təbriz canlananda gözüm önündə,
    Dolardı göz yaşım, dolardı, qardaş!
    Təbriz gözəlinin fəryad etməyi,-
    Qəlbimin məlhəmi olardı, qardaş!

    Dərdimi özümə kitab biləndə,
    Sevinci anamla birgə bölənədə,
    Gözəllər o tayda deyib güləndə,
    Kədərim çiçək tək solardı, qardaş!

    Qarışıq düşdüsə ortada nəsə,
    Belin bağlamayıb özgə bir kəsə.
    Təbriz də, Bakı da verib səs-səsə,
    Bir ibrət, bir öüyd alardı, qardaş!

    Dağıdıb gözlərdən qəmi, kədəri,
    Xoş sözlə, xoş üzlə açıb səhəri.
    O tayın bu tayla görüş xəbəri,-
    Ömürlük qəlbimdə qalardı, qardaş!

  • Bu gün XX əsr Azərbaycan Ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin 130 yaşı tamam olur.

    Həyatı

    Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) – Azərbaycan şairi, dramaturq. Ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır (1894-1898).
    1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
    Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.
    Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə “haq verilmir, alınır” ideyasına gəlib çıxmışdır.
    Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri – “insan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.
    1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.
    20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı azərbaycanlıların “şahənşahlıq” üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü (“Telli saz” dramı, 1930; “Kor Neyzən” poeması, 1930). Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş və orada həlak olmuşdur. (5.12.1941, İrkutsk vilayəti)

  • Rəhimova Aylin Murad qızının bu gün “3” yaşı tamam olur

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya Heyəti Rəhimova Aylin Murad qızının “3”yaşı tamam olması münasibətilə Aylini təbrik edir, ona dünyada ən gözəl nemət olan-can sağlığı arzulayır.Bu şeirlər Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri Kənan Aydınoğlu tərəfindən “3” yaşı tamam olan Aylin Rəhimovaya həsr olunur.

    * * *

    Körpə Aylinə.

    Şərəfli bir ömrü yaşamaq, düzü,
    Bəlkə hər bəşərə qismət olmayır.
    Axı kim dedi ki, övlad güləndə,
    Atanın, ananın gözü dolmayır?!

    Təzəcə dan yeri sökülən kimi,
    Qayğılar aləmə tökülən kimi,
    Günəş də dağ kimi bükülən kimi,
    Bir ömür körpənin könlün almayır?!

    UŞAQ RÜBAİLƏRİ

    (Körpə Aylinə.)

    Tökülür çiynindən ömürün daşı,
    Yanaqdan süzülür gözünün yaşı.
    Sağına-soluna baxıb güləndə,
    Sevincin özü də durur yanaşı.

    Dağılır gözündən kədər qəm kimi,
    Yuxular düzülür qətrə nəm kimi.
    Qədəmin atanda Ana torpaqda,
    Gözylərə yüksəlir ünü bəm kimi.

    Doğanda al günəş kaman inləyir,
    Göynəyən saz susur, min tar inləyir.
    Yanında olmasa həsrətli gözü,
    Hər səhər ananı yenə ünləyir.

    Gözündə nə qüssə, nə kədər olur,
    Sevinci bir anda su qədər olur.
    Üzündən, gözündən dürr tökülməyi,
    Narahat bir ömrə xoş xəbər olur.

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş Redaktoru Nemət TAHİR.Tərcümeyi-hal və Şeirlər

    TƏRCÜMEYİ-HAL

    Nemət Tahir (Rüstəmli Nemət Qəzənfər oğlu) 1987-ci il avqust ayının 27-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub.Məlum səbəblərdən 1995-ci ildə Mingəçevirdə yerləşən Ağdam 128 saylı köçkün məktəbində birinci sinfə daxil olur.İlk şeiri “Ağlar” 2003-cü ildə “Sovqat” qəzetində işıq üzü görmüşdür.2006-cı ildə həmin məktəbi bitirib.2006-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və Ədəbiyyatı) fakültəsinə daxil olub.
    Tələbəlik həyatı da yaradıclıq baxımından qaynar keçmişdir.Tələbəlik illərində “Sumqayıt Universiteti”, “168 saat”, “Şaman”, “Möhtəşəm Azərbaycan” qəzetlərinin əməkdaşı olub.Tələbəlik illərində şeirləri “Sumqayıt Universiteti”, “168 saat”, “Şaman”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, o cümlədən Sumqayıt şəhərinin yaradılmasının 60 illiyinə həsr olunmuş almanaxda çap olunmuşdur.Şeir, həkayə, məqalələr yazmışdır.2010-cu ildə Sumqayıt Dövlət Universitetini bitirmişdir.2010-2011-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.
    2011-ci ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin vakant yerlər müsabiqəsində iştirak edib.Ağdam rayonunun Sərfəli qəsəbəsində yerlə.ən 91 saylı tam köçkün orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi təyin edilib.Hal-hazırda həmin məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir.Ədəbi-bədii yaradıclığını da davam etdirir.
    Ömrünün sonrakı illərində şeirləri Bakı şəhərində “Sözün sehri” qəzetində, Ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat portalında həm şeirləri, həm də məqaləsi dərc olunub. Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvüdür.”Sumqayıt Universiteti” qəzeti ilə sıx əlaqə saxlamaqdadır.
    Nemət Tahir İlham Mikayıl, Kənan Aydınoğlu, Orxan Zaman, Elçin Əlizadə, Məmməd Eyyubov, Vüsal Mirzəmmədov, Kamran Nizami, Zaur Murad, Elşad Qarabaği, Əziz Muğani, Elvin Babayev, Təhmasib Azad, Günel İsrailqızı, Xəyalə Alıyeva, Aysel Cəfərova ilə sıx əlaqələrini indi də davam etdirməkdədir.

    OLMUR

    Bu sevgi elə bir müqəddəs sirdir,
    Yardan özgəsilə paylaşmaq olmur.
    Sevgilindən uzaq qəlbində sevgi,
    Hicranlı günlərə alışmaq olmur!

    Bəzən ürəyimə sevinc dolsa da,
    Sevgilimin yeri bir damcı dolmur.
    Bəzən bu həsrətə etsəm də hörmət,
    Sevgili düşmənlə barışmaq olmur.

    Daha ayrılığa dözə bilmirəm,
    Yanardım alovsuz, göz yaşım qoymur.
    Bizi sınağamı çəkir görəsən,
    Allahın işidir qarışmaq olmur?!

    DODAĞIM

    Məktubun sonunda “öpürəm” yazdın,
    Ağacda yarpaqtək əsdi dodağım.
    Onu belə qəmgin görəndə dilim.
    Dedi, sızlamağın bəsdir,dodağım.

    Bir az da əhdindən üz döndərməyib,
    Haqlını haqsıza qurban verməyib,
    Sənə qeybətinə dözə bilməyib,
    Dişimlə dilimi kəsdi dodağım.

    GÜLÜM

    Sorsan ayırlıqdan nələr çəkmişəm?!
    Həsrətdən göylərə sovrulub külüm.
    Eşqim iddiamdır, şaihidim cəfa,
    Tanrıdan tək səni diləyir könlüm.

    Pəncərini açıq qoyub yatarsan,
    Gələcəm səninlə dərdimi bölüm.
    Ruhum qonağındır yenə bu gecə,
    Bu an əbədilik olsunmu, gülüm?

    Əllərin ttitrəyir, baxışın ürkək,
    Saçların gül qoxur, dodağın çiçək.
    Mənimsə dodağım bal arısı tək,
    Sənin dodağına qonsunmu, gülüm?

    * * *

    Yenə payız gəldi sənsiz ömrümə,
    Otağım qaranlıq, divarlar soyuq.
    Tavana rəsmini çəkir gözlərim,
    Qəlbim buz parçası, duyğular soyuq.

    Qara buludlar tək nigarançılıq ,
    Həsrət gözlərinə kölgə salıbdır.
    Səni görməsəydim dəli olardı,
    Yaxşı ki, yadında şəklim qalıbdır.

    Səninlə üz-üzə durmuşuq sanki,
    Gözümüz danışır səssiz-səmirsiz.
    Bilməm, ayrılıqmı qorxutdu məni?
    Yanımda olsan da, darıxdım sənsiz.

  • Kənan AYDINOĞLU.”Ömrümə yazılan kədər dastanı”. (İthaf şeirlər)

    Bu şeirlər mənə dünyada hamıdan əziz olan Anam Rəhimova Mileylə Həmid qızının əziz ruhuna ithaf olunur.

    HƏSRƏTDƏN QURUMUR GÖZÜMÜN YAŞI

    Bu gün də sübh çağı dan sökülməmiş,
    Göydən yer üzünə nur tökülməmiş,
    Matəmli günlərdən bel bükülmüş,
    Gərək ki, oyadım mən dağı, daşı,
    Həsrətdən qurumur gözümün yaşı.

    Kaş ki, deyilənlər yalan olaydı,
    Anam bu ömrümdə qalan olaydı.
    Yaşayıb könlünü alan olaydı,
    Gərək ki, oyadım mən dağı, daşı,
    Həsrətdən qurumur gözümün yaşı.

    Bu yurda ələnən neçə kədərdən,
    Kaman tək qəlbləri yaran xəbərdən.
    Sübh çağı gözünü açan səhərdən,
    Gərək ki, oyadım mən dağı, daşı,
    Həsrətdən qurumur gözümün yaşı.

    UNUDA BİLMİRƏM SƏNİ, AY ANA!

    Yaradan Allaha qovuşdun sən də,
    Unuda bilmirəm səni, ay Ana!
    Qəlbimdi səhərdən narahat olan,
    Unuda bilmirəm səni, ay Ana!

    Əritdin ömrünü yanan şam kimi,
    Dolmuşdu gözlərin yanan cam kimi.
    Qürub etdin fəqət bir axşam kimi,
    Unuda bilmirəm səni, ay Ana!

    Misralar kədərdən yoğrulub gəlir,
    İçimdə duyğular doğulub gəlir.
    Sevincin göz yaşı boğulub gəlir,
    Unuda bilmirəm səni, ay Ana!

    KƏDƏR DOLU RÜBAİLƏR

    Şerimin günəşi, növrağı oldun,
    Qərib bir karvanın qonağı oldun.
    Hələ də sən mənim şair ömrümdən,
    Tökülüb itməyən yarpağı oldun.

    Gör nüçə suala cavablar qalıb,
    Səndən insanlara savablar qalıb?!
    Dünyamdan ayrılıb gedəndən bəri,
    Sənli xatirəli kitablar qalıb.

    Sənin yoxluğunla barışmıram mən,
    Şerimdə çaylara qarışmıram mən.
    Gör neçə gündür ki, səndən soruşub,
    Doğan günəşimlə barışmıram mən?!

    Sənin həsrətinə yanmalıyam mən,
    Özümü kədərli sanmalıyam mən.
    Sənin təbəssümün yadıma salıb,
    Səni hər günümdə anmalıyam mən.

    İLK DƏFƏ SƏN ŞAİR DEDİN ADIMA

    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma.

    İlk günlər qəlbimə ilham dolanda,
    Sevincdən dağ, dərə bu gün solanda,
    Yenə də dərdimdən halı olanda,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma.

    Dan yeri sökülüb günəş doğmamış,
    İşıq da zülməti hər an boğmamış,
    Ulduzlar qızarıb, yağış yağmamış.
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma.

    Şeirim qəzetdə çap olan günü,
    Sevincdən göz yaşım tökülən günü,
    Dan yeri qızarın sökülən günü,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma.

    Ruhuma, canıma gəlməmiş qada,
    Sən şair nəvəni salmısan yada.
    Salmadın meylini şöhrətə, ada,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma

    Körpələr beşikdə bələnən zaman,
    Quzular örüşdə mələnən zaman,
    Kədər, qəm gözümə ələnən zaman,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma

    Gözümün haqq görən qara, ağında,
    Şeir sarayımın bir də bağında,
    Ömrümün ən cavan şair çağında,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma

    Haqqa ümidimi bağlayan zaman,
    Kədərdən, qüssədən ağlayan zaman,
    Adını qəlbimdə saxlayan zaman,
    İlk dəfə sən şair dedin adıma,
    Şükür ki, düşürsən yenə yadıma

  • Yunus ƏMRƏ.Həyatı və Yaradıcılığı

    HƏYATI VƏ YARADICILIĞI

    Həyatı və şəxsiyyəti haqqında çox az məlumata sahib Yunus Əmrə-nin yaradıcılığı ,Anadolu Səlcuq dövlətinin dağılması və Anadolunun çeşidli bölgələrə kiçik-böyük Türk bəylikllərin qurulmaya başladığı dövrləri əhatə edir. Həmçinin yaşadığı dövr,Osmanlı imperiyasının qurulmağa başladığı dövrdür.
    Yunus Əmrə uzun müddət Hacı-Bektaşı Vəli Dərgahında işləmişdir.
    Yunusun yaşadığı illər ərzində, Anadolu türkləri ilə Moğol imperiyası arasında sıx ittifaq və münaqişə olmuşdur.Həmçinin Yunus Əmrənin yaşayış tarixçəsi , yalnız siyası baxışlarla deyil,həmçinin məzhəb və inanclarında toqquşduğu və müharibələrin geniş vüsət aldığı illərlə zəngindir.
    Yunus Əmrə yaradcılığını ilham qaynağı Mövlana Cəlaləddin Rumi,Həci Bektaşi-Vəli,Əhli Evrani Vəli və sair şairlərdir.Yunus Əmrə bu insanlar sayəsində Allaha sevgini,məhəbbət və əxlaqi düşüncələri ,digər başqa batil inanclara qarşı yöntəmləri öyrənmişdir.Bir sıra mənbələr Həci Bektaşi-Vəlidən dərs aldığını söyləyirlər.
    Kitabların bildirdiyi tarix və məlumatlara görə Yunus Əmrə 1240(1)-1320(1) illərin arasında yaşamışdır.Doğulduğu yerin tam aydın olmaması bəzi müzakirələrə gətirib çıxardığından mənbələrin çoxu artıq Yunusun Əskişəhərin Mihalıççık kəndində doğulması ilə bağlı fikri qəbul etmişlər.Həmçinin təhsili haqqında da heç bir məlumat tapılmayıb.
    Türk ədəbiyyatın ən böyük adlarından sayılan Yunus Əmrə yalnız xalq və təkkə şeirini deyil,divan şeirini də yaradıb.Yaşadığı dövrü boyu şeirləri ilə ədəbiyyata töhfə verən Yunus Əmrə heca və əruz vəzni ilə yazdığı şeirlərində sevginin təməlini qoymuşdu.Əsasən movzularında İslam düşüncəsi,nəsnələr,Allah qarşı sevgi və fikirlər,ölüm,doğum,yaşama bağlılıq,İlahi ədalət,insan sevgisi və sair geniş yer alıb
    Həmçinin yaşadığı dövrə hakim olan bir mövqü seçən Yunus Əmrə həqiqətləri insanlara yaxın dildə söylədiyindən çoxu zaman təzyiqlərlə uzbəüz qalıb.
    Yunus , insan olan hər kəsə qarşı : kaslb,zəngin,xristiyan,müsəlman ayrımı etməyən sevgiylə bağlıdır.Ondan ki, insan sevgisi Allahdan bir parçadır.Yunusun Allah diyarına qarşı sonsuz həsrət duyması bir çox şeirində səslənir.Yunus ömrü boyunca belə bir nostaljik fikirlərlə yanmış və şeirlərində hümmanın hərəkətini vermişdir.

    Divani Lüğət

    Yunus Əmrə şeirləri məhz bu divanda toplanılmışdır.Şeirlər əruz ölçüsü və heca vəznində yazılıb.Yunus Əmrə-dən qalan bütün informasiya və şeirlər məhz həmin kitabda cəmləşib.
    Yunus Əmrə ilə bağlı bəzi rəvayətlər və Yunus Əmrənin yaradıcılığından sitatlar….

    Cənnət,cənnət dedikləri,bir neçə mələk,bir neçə hüru,istəyənə ver onları,mən sən gərəksən,sən…

    Dağlar nə qədər yüksək olursa olsun,yol onun üstündən keçir…

    Nəfsdir səni yarı yolda qoyan,yolda qalır nəfsə uyan

    Sevəlim,seviləlim,onsuzda bu dünya kimsəyə qalmaz….

    Çox mal haramsız,çox söz yalansız olmaz

    * * *

    Biz dünyadan gedər olduq
    Qalanlara səlam olsun.
    Bizim üçün xeyir-dua
    Qılanlara səlam olsun.

    Əcəl bükə belimizi
    Söylətməyə dilimizi
    Xəstə ikən halımızı
    Soranlara səlam olsun.

    Tənim ortaya açıla
    Yaxasız kömlək biçilə
    Bizi bir asan vəch ilə
    Yuyanlara səlam olsun.

    Sal verilən qəsdimizə
    Gedər olduq dostumuza
    Namaz üçün üstümüzə
    Duranlara səlam olsun.

    Dərviş Yunus söylər sözü
    Yaş dolmuşdur iki gözü
    Bilməyən nə bilsin bizi
    Bilənlərə səlam olsun.

    Haqdan enən şərbəti içdik əlhəmdülillah,
    Şol qudrət dənizini keçdik əlhəmdülillah.

    Ana rəhmindən gəldik bazara;
    Bir kəfən aldıq döndük məzara!

    Yunus Əmrənin şeirləri ilə bağlı Anadoluda xalq arasında maraqlı bir rəvayət dolaşmaqdadır. Rəvayətə görə, onun vəfatından təxminən yüz il sonra (bəzi rəvayətlərdə isə Yunus Əmrənin sağlığında) Molla Qasım adli özünü alimlər alimi hesab edən birisinin əlinə Yunus Əmrənin şeirləri keçir. O, bir çayın başında bu şeirləri oxuyur və onlardakı mənaları anlamadığı üçün: – Bunlar da şeirdirmi?-deyə çaya atırdı. Nəhayət, şeirlərin birində bu misraları oxudu:

    Dərvis Yunus, bu sözü əyri-bəyri söyləmə
    Səni sınağa çəkər bir Molla Qasım gəlir.

    Bu sözləri oxuyan Molla Qasım, o anda səhv etdiyini anlayır və böyük bir peşmanlıq içində:
    – Ay Allah, Mən nə etdim! Qoca bir ümmandan xəbərim olmadı. Halbuki bir ruhi və mənəvi hikmət xəzinəsi tapmışdım. Mən bunu anlaya bilmədim. Amma o 100 il bundan əvvəl mənim halımdan xəbərdar imiş,-deyə ağlamağa başlayır. Sonra şeirlərin qalan hissəsini öpərək gözünün üstünə qoyur və onları mühafizə etməyə başlayır. Deyilənə görə, o vaxt Yunus Əmrənin mindən artıq şeiri məhv olub. Ardı var…

    Həyatı

    Yunus Əmrə Porsuq çayının Sakaryaya töküldüyü yerdə – Sərfi kəndində 1238-ci ildə doğulmuşdur. Mədrəsə təhsili görmüş, Tapdıq Əmrə adında şeyxə şəyirdlik etmişdir. Mövlana Cəlaləddin Ruminin məclislərinin iştirakçısı olmuşdur. Anadolunun bir çox kəndlərini gəzmiş, Azərbaycana və Şama da səfər etmişdir. Yunus Əmrə Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında dəfn olunmuşdur. Hər il may ayında Türkiyənin ən gözəl şəhərlərindən olan Əskişəhərdə Yunus Əmrə günləri keçirilir.
    Yunus Əmrə xalq ozanı idi. Təkkə şerinin öncülüdür. Təmiz türk dilinin bayraqdarı “Vəhdəti vücud” fəlsəfəsinin qaranlıqlarını dələn bir filosofdur. O, sufizm fəlsəfəsini sadə xalq dilində, əsasən heca vəznində yazdığı qoşmalarda, gəraylılarda, ilahilərdə, eləcə də əruz vəznində yaratdığı qəzəl və məsnəvilərdə ifadə etmiş, şerimizi yüksək bədii səviyyəyə qaldırmış, özündən sonra yaranan Türkiyə, Azərbaycan və Türkmən ədəbiyyatlarına güclü təsir göstərmişdir.
    Yunus Əmrənin özü və yaradıcılığı haqqında bir çox əsərlər yazılıb. Bunlardan “Yunus Əmrə, Həyatı, sənəti və şerləri” (Əbdülbakı Cəlpinarlı, 1952-ci il) “Yunus Əmrə və Tasavvur” (Əbdülbakı Cəlpinarlı, 1961-ci il), “Dərdli dolab və Yunus Əmrənin həyat hekayəsi” (Nəzihə Araz, 1961- ci il), “Anadolunun iç aydınlığı, Yunu Əmrə” (Köyxan Övliya oğlu, 1963) və s. adını qeyd etmək olar.
    Türk şairi Yunis Əmrə 1320-ci ildə vəfat etmişdir.

    “Əmrə” sözünün mənası

    Anadoluda müxtəlif xalq ozanlarının, aşiğin və dərvişin adında iştirak edən Əmrə/Emre sözünün (məsələn, Yunus Əmrə, Tapdıq Əmrə) türkcədə “Aşiq” mənasını verdiyi dil elmi baxımından dəqiqləşmiş vəziyyətdədir. Bu sözün İmrə anlayışı ilə əlaqəli olduğu qəbul edilməkdədir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (Am/Əm/Em/İm) kökündən törəyən Amramaq/Əmrəmeq/İmrəmek felləri “aşiq olmaq” deməkdir və Əmrə sözü də aşiq mənası daşıyır. Amrağ/Amra/Əmrə çevrilməsinə uğramışdır. Anadoluda “imremek” və “imrenmek” felləri bir şeyi çox sevmək, qibtə etmək, həddindən artıq istəklənmək mənaları daşıyır.

    Yaradıcılığı

    Biz dünyadan gedər olduq
    Qalanlara səlam olsun.
    Bizim üçün xeyir-dua
    Qılanlara səlam olsun.

    Əcəl bükə belimizi
    Söylətməyə dilimizi
    Xəstə ikən halımızı
    Soranlara səlam olsun.

    Tənim ortaya açıla
    Yaxasız kömlək biçilə
    Bizi bir asan vəch ilə
    Yuyanlara səlam olsun.

    Sal verilən qəsdimizə
    Gedər olduq dostumuza
    Namaz üçün üstümüzə
    Duranlara səlam olsun.

    Dərviş Yunus söylər sözü
    Yaş dolmuşdur iki gözü
    Bilməyən nə bilsin bizi
    Bilənlərə səlam olsun.

  • SAQİF QARATORPAQDAN ŞEİRLƏR

    ŞAMIN KÖLGƏSI

    Gizlənmişdim nə vaxtdı
    Bir şamın kölgəsində.
    Nə vardım, nə də yoxdum
    Bir şamın kölgəsində.

    Qətlimə fərman hazır,
    Deyirlər: yazan yazıb.
    Qəbrimi qələm qazıb
    Bir şamın kölgəsində.

    Məni sözümə bükün!
    Üstümə yarpaq tökün!
    Gözümə torpaq tökün
    Bir şamın kölgəsində.

    Uyuyub, uyub getdim,
    Deməyin, doyub getdim.
    Başımı qoyub getdim
    Bir şamın kölgəsində.

    BU DÜNYA

    Ötən günü yuxu bildik,
    Azı qandıq, çoxu bildik.
    Bu dünyanı yuxa bildik,–
    yeyənmədik.
    Fətir-fətir yedi bizi bu dünya.

    Bir yiyəsiz yabı gördük.
    Su saxlamaz qabı gördük.
    Yağış yağdı-qapı gördük,
    Döyənmədik.
    Çətir-çətir döydü bizi bu dünya.

    Yalanı da gerçək oldu,
    Əlimizə əlcək oldu.
    Qara torpaq pencək oldu,–
    geyindik…
    qəbir-qəbir geydi bizi bu dünya.

    YALQUZAQ

    Əvvəl işıq bildim səni uzaqdan,
    Nə bilim ov gəzən ac yalquzaqsan.
    Mən sənin ovunam, ya da sən mənim,
    Taleyin ovuyuq düzünə baxsan.

    Biz yola çıxmışıq doğulan gündən,
    Hərdən günəş doğub, hərdən çən gəlib.
    Bəlkə də yolu düz gəldiyimizdən
    Elə bəxtitmiz də belə tən gəlib.

    Yox, dönə bilmərik daha bu yoldan,
    Arxaya baxıram işıq görünmür.
    Bəlkə mənim qanım bircə qaşıqdı,
    Baxıram əlinə qaşıq görünmür.

    Gözlərin işarıb bütün gecəni,
    Gözünün işığı gözünə düşüb.
    Kimsə işıq bilib mənim izimi,
    Deyəsən kimisə izimə düşüb.


    TƏNHALIQ

    Mənim gəlişimi gözləmir heç kim,
    Vaxtsız qonaq kimi gecə gəlirəm.
    Boylanıb arxamca izləmir heç kim,–
    Mən necə gedirəm, necə gəlirəm.

    Gün batır sakitcə gedib döyürəm
    Dərdli ürəklərin qapısını mən.
    Gələni qovmazlar, axı,–deyirəm,
    Çırpılır üzümə qapılar hərdən.

    Sönür pəncərədə, sönür işıqlar,
    Vaxt ötür, gecənin yuxusu gəlir
    Hardasa, uzaqda yanan işıq var,
    Hardansa həsrətin qoxusu gəlir.

    Bilirəm, kiminsə gözü yol çəkir,–
    Çəpəri, hasarı aşıb gedirəm.
    Məni arxasınca bir nisgil çəkir,
    Həsrətin izinə düşüb gedirəm.

  • SALYANDA YAZARLARLA GÖRÜŞ

    files

    22 sentyabr 2012-ci il tarixdə DGTYB-nin və AYB Muğan Bölməsinin birgə təşkilatçılığı ilə Salyan rayon Mərkəzi Kitabxanasında Salyan və Neftçalada yaşayan yazarlarla görüş keçirildi. Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə AYB Muğan Bölməsinin sədri şair Namiq Hacıheydərli açdı. O, qonaqlara Muğan ədəbi mühitinin tarixi və çağdaş durumu haqqında yığcam bilgi verdikdən sonra, qonaqları salamlamaq üçün sözü Salyan RİH-nin məsul işçisi Məhərrəm Məmmədova verdi.
    Sonra DGTYB başqanı Əkbər Qoşalı bölgələrdə yazıçılarla keçirilən silsilə görüşlərin məqsəd və məramı haqqında ətraflı çıxış etdi.
    Daha sonra rayonda nəşr olunan “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Salyanda yaşayan ədiblərdən Fəxrəddin Becanoğlu, yeni nəsil yazarları Eldar İsmayıloğlu, Yaşar Cavadlı, “Kürün töhfəsi” ədəbi birliyinin sədri Hikmət Nikbin, gənc şair Nilufər Muğantürk, istedadlı məktəbli Fərid Rəsuloğlu, ağsaqqal şair Oktay Rza, o cümlədən DGTYB nümayəndə heyətinin üzvləri – şairlər İbrahim İlyaslı, Fərqanə Mehdi, Səhər, Həyat Şəmi, Faiq Balabəyli, NURAFİZ və gənc yazar Kənan Aydınoğlu çıxış etdilər, yeni şeirlərindən örnəkləri tədbirə qatılanların diqqətinə çatdırdılar.
    Yekun çıxışı edən tədbirin aparıcısı Namiq Hacıheydərli görüşə gələnlərə və tədbirin gerçəkləşməsində dəstəyi olanlara təşəkkürünü bildirdi.
    Görüşün sonunda kitab mübadiləsi aparılmış, Salyan və Neftçalada yaşayan yazarların əlaqə koordinatları və yaradıcılıqlarından örnəklər götürülmüşdür.
    Qeyd edək ki, DGTYB nümayəndə heyəti Salyan RİH Başçısının birinci müavini Etibar Hüseynov tərəfindən qəbul edilmişdir və qəbulda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə DGTYB tərəfindən gerçəkləşdirilən “Bölgələrdə yaşayan gənc və yeni nəsil yazarları ilə görüşlər” layihəsi, eləcə də rayondakı ədəbi mühit barədə səmimi söhbət olmuşdur.