ŞAMIN KÖLGƏSI

Gizlənmişdim nə vaxtdı
Bir şamın kölgəsində.
Nə vardım, nə də yoxdum
Bir şamın kölgəsində.

Qətlimə fərman hazır,
Deyirlər: yazan yazıb.
Qəbrimi qələm qazıb
Bir şamın kölgəsində.

Məni sözümə bükün!
Üstümə yarpaq tökün!
Gözümə torpaq tökün
Bir şamın kölgəsində.

Uyuyub, uyub getdim,
Deməyin, doyub getdim.
Başımı qoyub getdim
Bir şamın kölgəsində.

BU DÜNYA

Ötən günü yuxu bildik,
Azı qandıq, çoxu bildik.
Bu dünyanı yuxa bildik,–
yeyənmədik.
Fətir-fətir yedi bizi bu dünya.

Bir yiyəsiz yabı gördük.
Su saxlamaz qabı gördük.
Yağış yağdı-qapı gördük,
Döyənmədik.
Çətir-çətir döydü bizi bu dünya.

Yalanı da gerçək oldu,
Əlimizə əlcək oldu.
Qara torpaq pencək oldu,–
geyindik…
qəbir-qəbir geydi bizi bu dünya.

YALQUZAQ

Əvvəl işıq bildim səni uzaqdan,
Nə bilim ov gəzən ac yalquzaqsan.
Mən sənin ovunam, ya da sən mənim,
Taleyin ovuyuq düzünə baxsan.

Biz yola çıxmışıq doğulan gündən,
Hərdən günəş doğub, hərdən çən gəlib.
Bəlkə də yolu düz gəldiyimizdən
Elə bəxtitmiz də belə tən gəlib.

Yox, dönə bilmərik daha bu yoldan,
Arxaya baxıram işıq görünmür.
Bəlkə mənim qanım bircə qaşıqdı,
Baxıram əlinə qaşıq görünmür.

Gözlərin işarıb bütün gecəni,
Gözünün işığı gözünə düşüb.
Kimsə işıq bilib mənim izimi,
Deyəsən kimisə izimə düşüb.


TƏNHALIQ

Mənim gəlişimi gözləmir heç kim,
Vaxtsız qonaq kimi gecə gəlirəm.
Boylanıb arxamca izləmir heç kim,–
Mən necə gedirəm, necə gəlirəm.

Gün batır sakitcə gedib döyürəm
Dərdli ürəklərin qapısını mən.
Gələni qovmazlar, axı,–deyirəm,
Çırpılır üzümə qapılar hərdən.

Sönür pəncərədə, sönür işıqlar,
Vaxt ötür, gecənin yuxusu gəlir
Hardasa, uzaqda yanan işıq var,
Hardansa həsrətin qoxusu gəlir.

Bilirəm, kiminsə gözü yol çəkir,–
Çəpəri, hasarı aşıb gedirəm.
Məni arxasınca bir nisgil çəkir,
Həsrətin izinə düşüb gedirəm.