files

22 sentyabr 2012-ci il tarixdə DGTYB-nin və AYB Muğan Bölməsinin birgə təşkilatçılığı ilə Salyan rayon Mərkəzi Kitabxanasında Salyan və Neftçalada yaşayan yazarlarla görüş keçirildi. Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə AYB Muğan Bölməsinin sədri şair Namiq Hacıheydərli açdı. O, qonaqlara Muğan ədəbi mühitinin tarixi və çağdaş durumu haqqında yığcam bilgi verdikdən sonra, qonaqları salamlamaq üçün sözü Salyan RİH-nin məsul işçisi Məhərrəm Məmmədova verdi.
Sonra DGTYB başqanı Əkbər Qoşalı bölgələrdə yazıçılarla keçirilən silsilə görüşlərin məqsəd və məramı haqqında ətraflı çıxış etdi.
Daha sonra rayonda nəşr olunan “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Salyanda yaşayan ədiblərdən Fəxrəddin Becanoğlu, yeni nəsil yazarları Eldar İsmayıloğlu, Yaşar Cavadlı, “Kürün töhfəsi” ədəbi birliyinin sədri Hikmət Nikbin, gənc şair Nilufər Muğantürk, istedadlı məktəbli Fərid Rəsuloğlu, ağsaqqal şair Oktay Rza, o cümlədən DGTYB nümayəndə heyətinin üzvləri – şairlər İbrahim İlyaslı, Fərqanə Mehdi, Səhər, Həyat Şəmi, Faiq Balabəyli, NURAFİZ və gənc yazar Kənan Aydınoğlu çıxış etdilər, yeni şeirlərindən örnəkləri tədbirə qatılanların diqqətinə çatdırdılar.
Yekun çıxışı edən tədbirin aparıcısı Namiq Hacıheydərli görüşə gələnlərə və tədbirin gerçəkləşməsində dəstəyi olanlara təşəkkürünü bildirdi.
Görüşün sonunda kitab mübadiləsi aparılmış, Salyan və Neftçalada yaşayan yazarların əlaqə koordinatları və yaradıcılıqlarından örnəklər götürülmüşdür.
Qeyd edək ki, DGTYB nümayəndə heyəti Salyan RİH Başçısının birinci müavini Etibar Hüseynov tərəfindən qəbul edilmişdir və qəbulda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə DGTYB tərəfindən gerçəkləşdirilən “Bölgələrdə yaşayan gənc və yeni nəsil yazarları ilə görüşlər” layihəsi, eləcə də rayondakı ədəbi mühit barədə səmimi söhbət olmuşdur.