Bu şeirlər mənə dünyada hamıdan əziz olan Anam Rəhimova Mileylə Həmid qızının əziz ruhuna ithaf olunur.

HƏSRƏTDƏN QURUMUR GÖZÜMÜN YAŞI

Bu gün də sübh çağı dan sökülməmiş,
Göydən yer üzünə nur tökülməmiş,
Matəmli günlərdən bel bükülmüş,
Gərək ki, oyadım mən dağı, daşı,
Həsrətdən qurumur gözümün yaşı.

Kaş ki, deyilənlər yalan olaydı,
Anam bu ömrümdə qalan olaydı.
Yaşayıb könlünü alan olaydı,
Gərək ki, oyadım mən dağı, daşı,
Həsrətdən qurumur gözümün yaşı.

Bu yurda ələnən neçə kədərdən,
Kaman tək qəlbləri yaran xəbərdən.
Sübh çağı gözünü açan səhərdən,
Gərək ki, oyadım mən dağı, daşı,
Həsrətdən qurumur gözümün yaşı.

UNUDA BİLMİRƏM SƏNİ, AY ANA!

Yaradan Allaha qovuşdun sən də,
Unuda bilmirəm səni, ay Ana!
Qəlbimdi səhərdən narahat olan,
Unuda bilmirəm səni, ay Ana!

Əritdin ömrünü yanan şam kimi,
Dolmuşdu gözlərin yanan cam kimi.
Qürub etdin fəqət bir axşam kimi,
Unuda bilmirəm səni, ay Ana!

Misralar kədərdən yoğrulub gəlir,
İçimdə duyğular doğulub gəlir.
Sevincin göz yaşı boğulub gəlir,
Unuda bilmirəm səni, ay Ana!

KƏDƏR DOLU RÜBAİLƏR

Şerimin günəşi, növrağı oldun,
Qərib bir karvanın qonağı oldun.
Hələ də sən mənim şair ömrümdən,
Tökülüb itməyən yarpağı oldun.

Gör nüçə suala cavablar qalıb,
Səndən insanlara savablar qalıb?!
Dünyamdan ayrılıb gedəndən bəri,
Sənli xatirəli kitablar qalıb.

Sənin yoxluğunla barışmıram mən,
Şerimdə çaylara qarışmıram mən.
Gör neçə gündür ki, səndən soruşub,
Doğan günəşimlə barışmıram mən?!

Sənin həsrətinə yanmalıyam mən,
Özümü kədərli sanmalıyam mən.
Sənin təbəssümün yadıma salıb,
Səni hər günümdə anmalıyam mən.

İLK DƏFƏ SƏN ŞAİR DEDİN ADIMA

İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma.

İlk günlər qəlbimə ilham dolanda,
Sevincdən dağ, dərə bu gün solanda,
Yenə də dərdimdən halı olanda,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma.

Dan yeri sökülüb günəş doğmamış,
İşıq da zülməti hər an boğmamış,
Ulduzlar qızarıb, yağış yağmamış.
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma.

Şeirim qəzetdə çap olan günü,
Sevincdən göz yaşım tökülən günü,
Dan yeri qızarın sökülən günü,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma.

Ruhuma, canıma gəlməmiş qada,
Sən şair nəvəni salmısan yada.
Salmadın meylini şöhrətə, ada,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma

Körpələr beşikdə bələnən zaman,
Quzular örüşdə mələnən zaman,
Kədər, qəm gözümə ələnən zaman,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma

Gözümün haqq görən qara, ağında,
Şeir sarayımın bir də bağında,
Ömrümün ən cavan şair çağında,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma

Haqqa ümidimi bağlayan zaman,
Kədərdən, qüssədən ağlayan zaman,
Adını qəlbimdə saxlayan zaman,
İlk dəfə sən şair dedin adıma,
Şükür ki, düşürsən yenə yadıma