Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, Aygün Əzizovanın layihə rəhbəri olduğu sərgidə 50 rəssamın, habelə müxtəlif tədris mərkəzləri və studiyaların yetirmələrinin əsərləri nümayiş olunub. Sənət nümunələrində Vətən müharibəsi, Müzəffər Ordumuzun qəhrəmanlığı, Şanlı Zəfərimiz və Dövlət Bayrağımızın əzəməti əksini tapıb.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Ayaz İsgəndərov sərgilənən əsərlərin gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi və milli-mənəvi dəyərlərin təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Çıxışlardan sonra sərgidə fəal iştirak edən rəssamlara diplomlar təqdim olunub və xatirə fotosu çəkdirilib.

Mənbə: https://azertag.az/