9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən süni intellekt texnologiyasının imkanlarından istifadə edilməklə “Bir bayrağın Zəfər yolu” adlı təqdimat hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirib ki, təqdimat Azərbaycan Respublikasının Dövlət Bayrağının zəngin tarixinə, milli dövlətçilik ənənələrinə, müstəqillik uğrunda mübarizəyə və xalqımızın qazandığı tarixi Zəfərə həsr olunub. “Üçrəngli Zəfər – Azərbaycan Bayrağının tarixi yolu: 1918-ci ilin istiqlalından Xankəndindəki Zəfərədək!” ideyası əsasında qurulan materialda dövlət bayrağımızın keçdiyi tarixi yol ardıcıl və vizual formada təqdim edilir.

Süni intellekt vasitəsilə hazırlanmış təqdimatda üçrəngli bayrağımızın dövlətçilik tariximizdəki yeri, ilk dəfə 1918-ci ildə, ikinci dəfə isə 1991-ci il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsis edilən dövlət rəmzinin 30 illik həsrətdən sonra işğaldan azad olunan əzəli Azərbaycan torpaqlarında vüqarla dalğalanması haqqında məlumat verilir.

Materialda Azərbaycan bayrağının Vətən müharibəsində qazanılmış tarixi Zəfərin rəmzinə çevrilməsi, 2023-cü il noyabrın 8-də Zəfərin üçüncü ildönümü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda üçrəngli bayrağımızın nümayiş etdirilməsi xüsusi vurğulanır. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış prosesi, doğma torpaqlarda həyatın yenidən canlanması dövlət bayrağımızın daşıdığı qürur və qələbə rəmzi kimi təqdim olunur.

Təqdimatda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Bayrağının dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi olması, xüsusilə gənc nəslin bu müqəddəs dəyəri dərk etməsinin vacibliyi ilə bağlı fikirlərinə xüsusi yer verilir.

“Bir Bayrağın Zəfər Yolu” təqdimatı kitabxananın rəsmi saytında yerləşdirilib.

Mənbə: https://azertag.az/