1460261_1548010518749912_256261129098398522_n

MƏN SƏNƏ CAN ATAN GƏMI

Sən liman – mən sənə can atan gəmi,
Dəli dalğalarda demə bataram.
Səpib ləpələrə hicran yükünü,
Sən olan bir yerə lövbər ataram.

Kövrəlib sevilmək, sevmək istəyi,
Səhra yanğısını yağışlar duymur.
Yaşadar gülüşün tənha ürəyi,
Bir aşiq ürəyi nələr uydurmur
.
Ağırdır sənsizlik daşımaq mənə,
Coşğun dalğalrın pəncəsindəyəm.
Tənhayam yaşamaq lazımdır mənə,
Sənin limanında olmaq istərəm.

SƏNI SEVMƏK ISTƏYIRƏ

Yer üzünün “ay”ı kimi,
Səni sevmək istəyirəm.
Allahımın payı kimi,
Səni sevmək istəyirəm.

Ağız qəndi sevən kimi,
Şeir bəndi sevən kimi,
Dağlar kəndi sevən kimi,
Səni sevmək istəyirəm.

Yatmadığım yuxu kimi,
Duymadığım qoxu kimi.
Bu dünyanın yoxu kimi
Səni sevmək istəyirəm.

O nur kimi, işıq kimi,
Şair kimi, aşıq kimi,
Dolanıb sarmaşıq kimi,
Səni sevmək istəyirəm.

Barmağımda izim kimi,
Aynadakı üzüm kimi,
Bax elə lap özüm kimi,
Səni sevmək istəyirəm.

GƏL MƏNİM YAĞIŞIM OL

Gəl mənim yağışım ol,
As saçımdan özünü.
Süzül kipriklərimə,
Tanış eylə özünü.
Gəl mənim yağışım ol,

Sənə doğru axım mən.
Nəmlənmiş xəyalına,
Pəncərəmdə baxım mən.
Gəl mənim yağışım ol,

Leysan kimi yağ mənə.
Görüm ki, xoş gəlmisən,
Mən ölməmiş sağ mənə.
Gəl mənim yağışım ol,

Məni məndən yu apar.
Həsrəti gözlərimdən…
Qəlbimdən qorxu apar.
Gəl mənim yağışım ol,

Yağ külümün üstünə.
Sevgi səhraya dönür
Dur səhramın qəstinə.