Banu MUHARREM.”Yazıstan”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.

Elə bir zəhərdir ki, çox sevmək. Bütün pislikləri bir-birimizi çox sevərək edirik. Miqdar qoya bilmədən çox sevə bilmirik. Məsələn, ya çox sevəcəyik, hər şeydən çox sevərək. Ya da qanımızla, canımızla nifrət edəcəyik. Çünki sevdiklərimizdən bu cür gördük. Sonra böyüdük, “yanlış sevilən yanlış uşaqlar” olduq. Əslində, belədir. Pis şeyləri yaşamağa öyrəşdikcə, yaxşı şeylər özlüyündə şübhə yaradır. Sonra ən yaxşısı olduğun bütün mövzularda xətalar buraxmağa başlayırsan.
Ol səbəbdən adamın ürəyi burxulur, içi dünyaya kürəyini döndərir. Ona görə insanların ilk dəfə dediyi sözlərə yox, son dəfə etdiyi şeylərə baxıram. Yalnız qalmağı istəmək də bir seçimdir. Kimsənin yoxluğu kimsənin sonuna dəlalət etmir. Öz əllərimlə öz ətrafıma bir divar hördüm və mən o divarı çox sevirəm. O divara yumruqlarını vuran istənilən “yaxın dost” mənə yük olmağa başlayır. Oma görə hər zaman sərin bir meh əsir: “Məsafə…”
Məsafə saxlamaq gözəldir. Kərpiclərə qırmızıdan başqa rəng yaraşmır axı. Hər kəs öz yerində, öz rəngində gözəldir. Həvəslərin qursaqda qalması nə gözəl. Həyatın zəhərə dönməsi isə nə fərqli…
Başqalarının səs-küyündə boğulmaqdansa, öz səssizliyində hüzur tapmaq nə xoş!
Yalnız olmaq nə xoş!
Birinə yaralarını göstərmək düşüncəsizlikdir.
Sanki onların əllərində sehirli bir dəyənək varmış kimi hiss etmək. Nə bilim axı, gülməlidir.
Əgər ölməmisənsə, deməli, hələ də yaşamağın bir səmtini tapıb o yola davam etməkdəsən.
Necəydi o? “Məni öldürməyən ağrı gücləndirir.”
Nə bilim, e…
Korluq- kor bir atın korluğun nə olduğunu bilmədən özünü oradan-bura, buradan-ora çırpınışı kimi bir çarəsizlikdir. Zaman insanın içini dəyişər. Bir az azaldaraq, bir az artıraraq.
O kor at neçə addıma tövlənin qapısına çatacağı, samanın, otun qoxusundan yerini, suyun hansı tərəfdə, axurun neçə addım aralıda olduğunu çox yaxşı bilir, öyrənib.
Amma ağlı da, könlü də hər zaman dağlardadır.
Ciyərlərinə göyləri doldurmaq arzusuyla yana-yana…

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir